Neft – qaz yataqları sularının xarakteristikası
Neft və qaz yataqlarının lay suları yatım şəraitinə görə çox müxtəlif olub, aşağıdakı növlərə ayrılır (şək. 17): 1)neft layında yatan lay suları; 2) neft yatağı ilə əlaqəsi olmayan (kənar) lay suları; 3) tektonik . Neft layında yatan lay suları kontur (kənar), üst kontur (üst kənar), daban və aralıq növlərə bölünür.
Layda qaz və suyu ayıran sərhəd qaz-su təması və ya qazlılıq konturu, nefti və suyu ayıran sərhəd isə su – neft təması və ya neftlilik konturu adlanır.
Neft laylarının alçaq (eniş) hissələrində yatan sular kontur və ya kənar sular adlanır, onlar neftlilik konturu tərəfindən neft və qaz yataqlarına söykənir.
Monoklinallarda və ya antiklinalların tağının pozulması (dağılması) zamanı səthə çıxan neft laylarının üst hissəsində yerləşən sular üst kontur- və ya üst kənar sular adlanır. Daban suları neft layının alt hissəsində yatır. Əgər neft və ya qaz layında yalnız su ilə islanmış aralaylar vardırsa, bu sular aralıq sular adlanır.
Kənar lay suları (neft yatağı ilə əlaqəsi olmayan) həmin neft layının, uyğun olaraq, alt və üst hissələrində yatan : alt- və üst kimi növlərə ayrılır.
Tektonik çatlarda yerləşən və dövr edən sular tektonik sular adlanır.
Neft və qaz laylarına sular süni yollarla: quyuların qazılması, təmir işləri, sahəvi və xarici subasma yolu ilə daxil ola bilər. Bu sular yatağın təbii hidrogeoloji şəraitini dəyişə bilər.
Neft və qaz yataqlarının işlənilməsi və istismarı prosesində maye və qazın çıxarılması zamanı su fasiləsiz olaraq hərəkət edir və nefti məsamələrdən sıxışdırıb çıxarır. Kontur kənar suların bərabər hərəkəti zamanı süxurun məsamələrindən neftin daha tam sıxışdırılıb çıxarılması baş verir. Kontur kənar suların qeyri - bərabər hərəkəti zamanı yerin təkində adi istismar üsulları ilə çıxarılması çox vaxt mümkün olmayan böyük miqdarda neft qalır. Analoji hallar qaz yataqlarının istismarı zamanı da baş veirir.
Əgər quyudan mayenin və qazın çıxarılması tənzimlənməzsə və böyük miqdarda neft və qaz çıxarılarsa, kənar su «sulanma dilləri» əmələ gətirir (şək. 18) , daban sularının mövcudluğu şəraitində isə həm də «sulanma konusları» (şək.
19) əmələ gəlir.
Neft və qaz yataqlarının əmələ gəldiyi müxtəlif yaşlı çöküntülərdə kimyəvi tərkibinə görə müxtəlif olan dörd tip su yerləşir: 1) sulfatlı – natriumlu; 2) hidrokarbonatlı – natriumlu; 3) xlorlu – maqneziumlu; 4) xlorlu – kalsiumlu.
Sulfatlı – natriumlu sular adətən strukturları hidrogeoloji açılmış və məhsuldar çöküntülərin yer səthinə çıxdığı yataqlarda yayılmışdır. Hidrokarbonatlı – natriumlu və xlorlu – kalsiumlu sular neftli – qazlı yataqların yeraltı suları arasında, xlorlu – maqneziumlu sular isə nadir hallarda rast gəlir.
Neft - qaz yataqlarının işlənilməsi prosesində suların kimyəvi tərkibi layın neftli və ya qazlı hissəsinə (əvvəllər neft və ya qaz yerləşən) hərəkəti ilə əlaqədar olaraq dəyişir.
Dostları ilə paylaş: |