1.3. Cismin faz dəyişiklikləri
Hər bir maddə xarici şəraitlərdən – temperatur və təzyiqdən – asılı olaraq bərk, maye və qaz hallarında ola bilər. İstiliyin verilməsi və ya alınması nəticəsində molekullar arasındakı əlaqə formasının dəyişməsi maddənin dəyişməsinə səbəb olur, yəni faza dəyişikliyi baş verir. Soyuqluğun alınması üçün soyudulan mühitdən istiliyin udulması ilə aşağı temperaturda baş verən faz dəyişikliklərindən istifadə olunur. Bunlara ərimə, qaynama və sublimasiya aiddir.
Ərimə. Maddənin kristal halından maye halına istilik udmaqla keçməsi prosesi ərimə adlanır (məsələn, su buzunu qızdırdıqda onun temperaturu 0C kimi artır, sonradan temperaturun artması suyun əriməsinə gətirib çıxarır). Ərimə temperaturu cismin növündən və xarici şəraitlərdən (təzyiqdən) asılıdır. Hər bir cismin öz ərimə temperaturu vardır.
Sabit ərimə temperaturunda mayenin bərk hala keçmə prosesi bərkimə adlanır. Bu proses mayedən istilik alındıqda, yəni mayenin temperaturu bərkimə temperaturuna kimi azaldıqda baş verir.
Duzlu məhlulların ərimə temperaturları bir qədər aşağıdır, məsələn, buzlu NaCl məhlulu – 21,2C temperaturun alınmasına imkan verir (duzun kütlə payı 23,1 % olduqda).
Buxarlanma. Müxtəlif temperaturlarda mayenin səthində baş verən buxarın əmələ gəlməsinə buxarlanma prosesi deyilir. Bu prosesdən su soyuducu qurğularında suyun buxarlanması üçün istifadə edilir (qradirni, püskürücü hovuzlar və ya buxarlandırıcı kondensatorlar). Atmosfer təzyiqində və 0C temperaturda suyun gizli buxarlanma istiliyi r 2509 kCoul/kq təşkil edir.
Qaynama. Ətraf mühitin istiliyinin udulması nəticəsində mayenin bütün həcmi boyu baş verən intensiv buxarlanma prosesinə qaynama deyilir. Sabit təzyiqdə hər bir maddənin qaynama temperaturu sabitdir və mayenin üzərindəki buxarın təzyiqindən asılıdır. Təzyiqin azalması mayenin temperaturunun azalmasına hətta donmasına səbəb olur. Mayenin aşağı temperaturda qaynama prosesi – soyuducu agent qaynayan buxar kompressorlu soyuducu maşınların əsas proseslərindən biridir. Qaynama baş verən aparat buxarlandırıcı adlanır. Buxarlandırıcıda ətraf mühitdən istiliyin alınması baş verir, qaynayan maye isə buxar halına keçir.
Qaynama temperaturunda götürülmüş 1kq mayenin buxara çevrilməsi üçün istilik miqdarı gizli buxarlanma istiliyi r və ya xüsusi buxarlanma istiliyi adlanır. Mayenin qaynama təzyiqi artdıqca onun gizli buxarlanma istiliyi azalır.
Sublimasiya. Cismin bərk haldan birbaşa buxar halına keçməsi sublimasiya adlanır. Obyektlərin soyudulmasında işçi cisim kimi bərk karbon dioksidi CO2 (quru buz) istifadə edilir. CO2-nin atmosfer təzyiqində sublimasiya temperaturu – 78,9 C, sublimasiya istiliyi– 574 kCoul/kq-dır.
Kondensasiya. İstiliyin çıxarılması ilə yanaşı ayrılmış doymuş buxarın maye halına çevrilməsi prosesi kondensasiya adlanır. Kondensasiya temperaturu təzyiqdən asılıdır. Doymuş buxar kondensasiyası – soyuducu maşınların əsas işçi proseslərindən biri olub, kondensator adlanan aparatlarda baş verir.
Dostları ilə paylaş: |