Simvolizmin nəzəri əsasları Ümum Avropa hərəkatı kimi simvolizmin nəzəri əsasları A. Şopenhauerin (Dünya iradə və təsəvvür kimi ) və E. Hartmanın (Şüuraltının fəlsəfəsi əsərlərindən çıxış edir. Bundan əlavə simvolistlər E. Ponun və R.Vaqnerin də əsərlərinə geniş şəkildə müraciət edirdilər. Məlumdur ki, xarici aləm (materiya, məkan, zaman, səbəb-nəticə əlaqələri) deyil, dünyanın iradəsi ilkin reallığı təşkil edir. Məhz dünyanın iradəsi əşyaların əbədi formalarını və ideyasını müəyyən edir. İncəsənət isə reallıq vasitəsilə əbədi ideyaları və formaları instintiv şəkildə seyr etmək vasitəsidir. İncəsənətdə mövcud olan iyerarxiya sisteminin zirvəsində musiqi dayanır.
Bu onunla bağlıdır ki, musiqi başqa incəsənət növlərindən fərqli olaraq musiqi ideyaları deyil, iradənin özünü əks edir. Simvolizmin nəzəriyyəçilərindən biri olan Remi dö Quimen “Maskalar kitabı”nın (1896) ön sözündə yazırdı ki, simvolizmin əsasında “dünyanın ideallığı prinsipi” durur. Onun fikrincə dünyanın mahiyyətini idrakla dərk etmək mümkün deyil və bu təlim düşünən insan üçün azadlığa çıxmağın universal prinsipidir. Simvolizm poetik təxəyyülün, azadlığın, naturalizmin sənədçiliyinə, sosial və fizioloji determinizminə, həmçinin XIX əsr realizminin sosial-tarixi konkretliyinə qarşı qoyurdu. Simvolistlər belə hesab edirdilər ki, poetik təxəyyül instintiv şəkildə həqiqi ideal dünyanı dərk edir və yaradır. Buna görə də nə obyektiv maddi aləm, nə də hətta oxucular tərəfindən başa düşülmək zəruriyyəti onun qabağını kəsə bilməz. “Antinaturalizm” qismində simvolizm iradə azadlığı ideyasını naturalist nəzəriyyələrin maddi və sosial mühitindən qorumağa çalışır.
Simvolistlər özlərinin nəzəri və tənqidi əsərlərində göstərirdilər ki, bizim gündəlik həyatda üzləşdiyimiz adi əşya və hadisələrin dərinliklərində sirr gizlənmişdir. Bu sirri yalnız incəsənət, ilk növbədə musiqi aça bilər. Bu həmçinin nitqin musiqili vasitələrindən istifadə edən poeziyanın imkanları daxilindədir. Məhz buna görə sirri hiss etmək və təcəssüm etmək musiqinin və poeziyanın əsas xüsusiyyətləridir. Buna görə də poeziya biliyin ən yüksək formasıdır və bu baxımdan dinə yaxındır və poetik əsərlərin yaradıcısı kimi qüdrətlidir. Xeyirxahlıq ideyası gözəllik ideyası vasitəsilə açıqlanır və özünü büruzə verir. Onun üzə çıxarılması və təcəssüm olunması poeziyanın əsas vəzifələrindən biridir.