10.3 Oxu vərdişlərinin inkişafına verilən başlıca tələblər
Oxunun keyfiyyəti şagirdlərin oxu vərdişlərinə necə yiyələnmələrindən asılıdır. İstər səsli, istərsə də səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir:
1. düzgünlük;
2. şüurluluq;
3. optimal sürətlilik;
4. ifadəlilik.
Şagirdlərin oxu texnikası bu tələblər baxımından təkmilləşdirilməzsə, oxu dərsləri uşaqlara oxumağı və düşünməyi, oxumağı və hiss etməyi, oxumağı və müstəqil biliklər əldə etməyi öyrədə bilməz.
Oxunun keyfiyyətlərinin hər biri özlüyündə böyük əhəmiyyət kəsb edir və bir-biri ilə sıx əlaqədardır. Oxu vərdişləri arasındakı bu qarşılıqlı əlaqə tamamilə qanunauyğun haldır, çünki: a) oxunun sürətliliyi onun şüurluluğu ilə tənzim olunmursa, öz-özlüyündə o qədər də əhəmiyyət kəsb etmir; b) oxunun düzgünlüyü mətnin məzmununun şüurlu oxunmasına xidmət edən bir vasitədir; c) oxunun ifadəliliyi də əsərin ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı, nəticə etibarilə şüurlu mənimsənilməsinə xidmət edir; nəhayət, düzgünlük, şüurluluq, həmçinin sürətli oxu üçün əsas hesab olunur. Mənası başa düşülməyəni ifadəli oxumaq mümkün deyil. Bütün bunlarla yanaşı, başlıca məqsəd oxunun şüurluluğunu təmin etməkdir.
Yaşlı adamlardan fərqli olaraq kiçikyaşlı məktəblilərin oxu vərdişlərinə yiyələnmələrində daxili ziddiyyətlər baş verir. Belə ki, çox sürətlə oxuyan şagirdlər oxunun düzgünlüyünü gözləyə bilmir, sözləri təhrif edərək oxuyurlar. Bu zaman onlar sözün hərf tərkibinə diqqətlə baxa bilmir, onun obrazını ilk hecasına, bu və ya digər səsə, bir sözlə, ötəri əlamətlərə görə qavrayırlar. İlk oxuyan isə, əksinə, başlanğıc dövrdə yavaş-yavaş sözün hərf tərkibinə diqqətlə baxa-baxa hecalarla oxuyur. Ona görə də o, çox vaxt oxunan cümlənin, bütövlükdə mətnin mənasını tuta bilmir, oxunun şüurluluğundan ayrı düşür.
Oxu prosesində kifayət qədər sürətlilik, rəvanlıq, səlislik, düzgünlük olmazsa, ayrı-ayrı sözlərin mənası başa düşülsə də, hissələr, fikirlər arasında əlaqə dərk olunmaz, rabitəli mətnin məzmunu qaranlıq qalar.
Oxunun düzgünlüyü
Oxunun düzgünlüyü dedikdə, aşağıdakılar nəzərdə tutulur:
1) Sözlərin aydın, səlis tələffüzü: təhrif etmədən, heca və səsləri buraxmadan, əlavə etmədən, onların yerini dəyişmədən, sözlərin axırını “yemədən” oxumaq;
2) Sözlərdə vurğunu düzgün işlətmək və vurğuya görə sözün mənasının dəyişməsinə yol verməmək;
3) Ədəbi tələffüz qaydalarını (orfoepik normaları) gözləmək;
4) Rabitəli mətni ayrı-ayrı sözlərlə deyil, cümlələrlə, yalnız cümlələrin sonunda fasilə verməklə oxumaq;
5 ) Durğu işarələrinin tələblərinə əməl etmək;
6) Sözün qrammatik formasını digəri ilə (cəmi təklə, indiki zamanı gələcək zamanla və s.), bir sözü başqası ilə əvəz etməmək;
7) Cümlədə söz buraxmamaq və əlavə etməmək;
8) Cümlədə sözləri və mətndə cümlələri təkrarlamamaq;
9) Kəkələmə, tıntınlıq, pəltəklik kimi nitq defektlərinə yol verməmək.
Aşağı siniflərdə oxunun düzgünlüyü daha çox pozulur. Bəzən yaxşı oxuya bilən şagirdlər yorulduqda diqqəti mətn üzərinə toplaya bilmədiklərindən səhvlərə yol verirlər. Hər iki halda əsas səbəb oxunan sözlərin obrazlarının düzgün qavranmamasıdır. Bəzən şagird sözdəki hecaların və ya hərflərin sayını azaltmaqla oxu prosesini asanlaşdırır, gəlirdi sözünü gəldi, yazılır sözünü yazır, yığdılar sözünü yığdı şəklində oxuyur. Bəzən sözü səslənməsinə görə oxşar sözlə əvəz edir: “Uşaqlar tarlaya yollandılar” cümləsini “Uşaqlar talaya yollandılar” şəklində oxuyur. Bu zaman uşağın görmə yaddaşı onu aldadır. Bəzən isə daha sərbəst əvəzetmə halları olur. Şagird fərəh sözünü fəhlə, kibrit sözünü kirpi, fırtınalı sözünü fırlatdı şəklində oxuyur.
Oxunun düzgünlüyünü təmin edən 1-ci şərt çətinlik dərəcəsi tədricən artan mətnlərin oxunmasıdır. I sinifdə əlifbadan oxuya keçid dövründə bu xüsusilə əhəmiyyətə malikdir. 2-ci şərt oxu üzrə məşqin müntəzəm, hər gün aparılmasıdır.
Bəs uşaqlarda düzgün oxu vərdişlərinin yaranmasının əsas priyomları hansılardır?
Onlardan biri onun sürətinin tənzim edilməsidir. Şagirdlərin bir çoxu məhz sürətlə oxumaq istədikləri üçün tələsdiklərindən səhvə yol verirlər.
Şagirdlərin bu və ya digər sözlərdə çətinlik çəkdikləri hallarda sözlərin heca, hətta səs təhlilini keçirmək son dərəcə vacibdir. Əgər I sinifdə bu da kömək etməzsə, həmin sözü yazı taxtasında hecalarla yazmaq və ya kəsmə əlifba ilə düzmək lazımdır. Bəzən mətndəki çətin sözlərin əvvəlcədən yazı taxtasına yazılıb təhlil edilməsi (xüsusilə, I sinifdə) uşaqları düzgün oxuya hazırlayır və sinif oxusunun normal getməsini təmin edir.
Çətin sözlərin xorla, hecalarla oxunması sonralar onların düzgün və bütün sözlərlə oxunmasına şərait yaradır, şagirdlərdə oxu texnikasına yiyələnmək cəhdini gücləndirir.
Oxunun düzgünlüyünə xidmət edən vasitələrdən biri də çətin ifadələrin, yanıltmacların oxunmasıdır. Yanıltmaclar nitq aparatını qaydaya salır. Yanıltmaclar fərdi və ya xorla, əvvəlcə yavaş-yavaş, sonra sürətlə oxunmalıdır.
Oxunun düzgünlüyünə nail olmaq üçün şagirdlərin oxusuna müəllim tərəfindən gündəlik nəzarət lazımdır. Müəllim hər bir şagirdin buraxdığı səhvin xarakterini nəzərə almaqla dərhal düzəliş verməlidir. Əgər bir halda təkrar oxumaq kifayətdirsə, digər halda cümlə içərisində sözün hansı mənada işlənməsi xəbər alınmalı, üçüncü halda nümunə verilməlidir.
Oxunun düzgünlüyünə nəzarətə uşaqların özlərini də cəlb etmək lazımdır. Hər bir şagirddə gözüitilik tərbiyə olunmalı, öz oxusuna nəzarət etmək və yoldaşlarının nöqsanlarına düzəliş vermək bacarığı yaradılmalıdır. Müəllim sual qoyur:”Yoldaşınız nəyi düzgün oxumadı?” Şagirdlər nöqsanı qeyd edir və hamı еyni bir qərara gələndən sonra düzəliş verirlər. Belə düzəliş sinfin diqqətini mətnə yönəldir, oxuyanın məsuliyyəti isə artır.
Şagirdlər öz yoldaşlarının oxularına nəzarət etmək üçün aşağıdakı cəhətlərə fikir verməlidirlər :
- sözdə heca və ya hərfin buraxılıb-buraxılmaması;
- sözün təhrif olunub-olunmaması;
- sözdə vurğunun yerində işlənib-işlənməməsi;
- sözlərin aydın tələffüz olunub-olunmaması;
- oxu zamanı tələskənliyin olub-olmaması;
- durğu işarələrində fasiləyə əməl olunub-olunmaması;
- intonasiyanın gözlənib-gözlənilməməsi.
Dilimizin vahid orfoepik normalarını dərindən öyrənməklə şagirdlərin gündəlik nitq fəaliyyətində ona riayət olunmasına nəzarət müəllimin borcudur. Müəllim hər şeydən əvvəl, tələffüz zamanı və oxu prosesində şagirdlərin sözləri yazıldığı kimi, orfoqrafik tərkibinə görə (“kitab tələffüzü” üzrə) oxumalarına yol verməməlidir. Şagirdlər bilməlidirlər ki, bir çox hallarda orfoqrafiya ədəbi tələffüzə və heç bir yerli şivəyə uyğun gəlmir. Ona görə də bir tərəfdən “orfoqrafik” tələffüz, digər tərəfdən yerli şivə tələffüzünə qarşı mübarizə aparılmalıdır, lakin bu zaman şagirdlərin canlı dilinə, yerli şivə xüsusiyyətlərinə kinayə ilə yanaşmaq olmaz.
Oxu prosesinin düzgünlüyünün pozulması nitq orqanlarının nöqsanlığından irəli gələn bəzi fiziki defektlərlə də bağlı olur:
1) z, s, ş səslərini düzgün tələffüz edə bilməmək (onları fısıltı, fışıltı ilə tələffüz etmək): məsələn, zal, zər əvəzinə şal, şən; şəkil əvəzinə səkil; məskən əvəzinə məşkən və s.
2) r səsini düzgün tələffüz etməmək: şar, nar, keçər, rahat, qatar, şəhər əvəzinə, şal, nal, keçəl, lahat, qatal, səhəl; bir, armud əvəzinə, biy, aymud və s.
Bundan əlavə qismən digər hallara da rast gəlmək mümkündür:
1) söz əvvəlində y əvəzinə l samitinin işlənməsi (yumaq-lumaq, yemiş-lemiş);
2) söz daxilində l əvəzinə y samitinin işlənməsi (alma-ayma, qulaq-quyaq);
3) sözün əvvəlində g əvəzinə d samitinin işlənməsi (gəldi-dəldi, gözəl-dözəl, geyin-deyin);
4) sözün əvvəlində k əvəzinə t samitinin işlənməsi (kitab-titab, kələm-tələm);
5) sözün əvvəlində q əvəzinə d samitinin işlənməsi (qala-dala, qaya-daya, qoy-doy və s).
Belə səhvlərin qarşısını almaq üçün tərkibində həmin hərflərin çox işləndiyi hecalar və sözlərin oxunmasından ibarət loqopedik çalışmalar vermək lazımdır. Məsələn:
ra ar rar arar arı
ro or ror oror ora
ru ur rur urur ura
rə ər rər ərər dərə
re er rer erer yerə
Oxu dərslərində nitqi bu cəhətdən nöqsanlı şagirdlər müəllimin daimi nəzarəti altında olmalıdırlar. Onlara fərdi yanaşmaq, məktəbdə loqopedin köməyinə müraciət etmək və evdə müstəqil işləmələrinə istiqamət vermək lazımdır.
Oxunun optimal sürəti
Savad təliminin ilk mərhələsində şagirdlərin hələ oxu texnikasına yiyələndikləri dövrdə oxunun aşağı sürətlə, aramla aparılması vacibdir. Sonralar tədricən sürət artırılmalıdır. Oxunun normal sürəti ifadəliliyi və məzmununun sürətli başa düşülməsini təmin edir. Həddən artıq ləng oxu sözlər və cümlələr arasında əlaqənin hiss olunmamasına, məzmunun mexaniki şəkil almasına səbəb olur.
Bəs oxunun sürəti necə olmalıdır? Hər bir şagird üçün orta oxu sürəti var. Tədricən bu sürət tələb olunan normaya cavab verir. Sürəti süni şəkildə artırmaq pedaqoji cəhətdən düzgün deyil. Artıq sürətli oxu uşaqları tələskənliyə alışdırır, onların mənəvi aləmini sıxır. Oxu təmkinli, dərkedilən olmalıdır.
Proqramın tələbinə görə ayrı-ayrı siniflərdə oxunun sürəti belə olmalıdır: I sinifdə dərs ilinin axırında dəqiqədə 20-25 söz, II sinifdə dərs ilinin 1-ci yarısında dəqiqədə 25-35 söz, dərs ilinin 2-ci yarısında dəqiqədə 40-45 söz, III sinifdə dərs ilinin 1-ci yarısında dəqiqədə 50-60 söz, dərs ilinin 2-ci yarısında dəqiqədə 65-75 söz, IV sinifdə dərs ilinin 1-ci yarısında dəqiqədə 80-90 söz, dərs ilinin 2-ci yarısında isə dəqiqədə 95-105 söz. İbtidai siniflərdə oxunun sürəti oxunan mətndə sözlərin böyüklüyündən, heca-hərf tərkibindən, materialın çətinlik dərəcəsindən, sözlərin mənalarının şagirdlərə nə dərəcədə tanış olmasından asılı olur. Müəllim çalışmalıdır ki, təxminən III sinfin axırlarında IV sinfin əvvəllərində şagirdlərin oxusunun sürəti onların şifahi nitqinin sürətinə yaxınlaşsın.
Təcrübə göstərir ki, bəzi uşaqların sürətlə danışma üzrə anadangəlmə imkanı onların oxularına da təsir gösrərir. Çox vaxt belə danışan və oxuyanların nə dediklərini başa düşmək olmur. Onları ləng danışmağa və oxumağa alışdırmaq da çətindir, lakin ləng danışan və oxuyanların sürətini artırmaq mümkündür.
Oxunun sürəti yazının sürəti ilə sıx bağlıdır. Sürətlə yazmaq müəyyən dərəcədə oxunun sürətini artırır, lakin yazının sürəti oxunun sürətinə nisbətən çox ləngdir.
Oxunun sürəti hər bir şagirdin tələffüz orqanlarının düzgün və sərbəst işindən də çox asılıdır. Ona görə də müəllim daim şagirdlərin nitq aparatının inkişaf etdirilməsi və onların tələffüz nöqsanlarının aradan qaldırılması qayğısına qalmalıdır.
Şagirdlərin oxu sürətini təmin etmək üçün aşağıdakı priyomlardan istifadə olunması məsləhət görülür:
1) Mətnin oxunmasından əvvəl sualların qoyulması. Bu priyom tələskənliyin qarşısını alır. Şagirdlər başa düşürlər ki, cavab vermək üçün araşdırmaq, fikirləşmək lazımdır.
2) Dramlaşdırma. Dramlaşdırma prosesində şagird əsərdə iştirak edən şəxsin xarakterinə, onun danışığına uyğun sürət seçir. O həm də öz oxusunun sürətini yoldaşlarının oxu sürətinə uyğunlaşdırmağa çalışır.
3) Dialoji mətnin oxunması. Dialoq şəklində mətn iki şagird tərəfindən oxunur, biri sualları, digəri cavabları oxuyur. Belə mətn oxunarkən sualları yaxşı oxuyan şagirdə tapşırmaq lazımdır ki, cavab verən öz oxu sürətini uyğunlaşdıracaq nümunə görsün.
4) Əzbərlənmiş mətnin oxunması. Adətən, şeir orta sürətlə oxunur. Şeri əzbərdən oxuyan şagird istər-istəməz həmin sürəti nəsr əsərlərinə də keçirməyə çalışır.
5) Mətnin hissə-hissə oxunması. Belə təmrinlər də yaxşı oxuyanın fəaliyyəti ilə başlanmalıdır. Sonra oxuyanlar hekayənin ümumi ahəngini pozmaqla təsir qüvvəsini azaltmamaq məqsədilə həmin sürəti gözləməyə çalışırlar.
6) Seçmə oxu. Əsərin qəhrəmanının xarakteristikasını, fəslin əlamətlərini bildirən sözləri tapmaq kimi tapşırıqlar şagirdləri mətni aramla,müşahidə apara-apara oxumağa vadar edir.
7) Saniyəölçənlə sürətli və şüurlu oxumaq üzrə yarışın keçirilməsi böyük fayda verir.
Oxunun şüurluluğu
Oxunun şüurluluğu oxunmuş mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini tələb edir. I sinifdə şagird oxu texnikasına yiyələnməklə hələ ayrı-ayrı səsləri hecada, hecaları sözdə birləşdirməklə oxumağı lazımınca öyrənmir. Cümləni oxuyarkən şagird çox vaxt onun mənasını başa düşmür. Bu ondan irəli gəlir ki, I sinif şagirdi eyni vaxtda 2 vəzifəni (oxu texnikasına yiyələnməyi və oxu prosesini başa düşməyi ) yerinə yetirə bilmir.
Oxunun şüurluluğu hər bir sözün, cümlənin məntiqi cəhətdən tamamlanmış hissənin (abzasın), bütövlükdə mətnin məzmununu müəyyənləşdirməyi tələb edir.
Oxunun şüurluluğunun təmin edilməsi üçün şagirdlər hansı bacarığa yiyələnməlidirlər? Böyük rus pedaqoqu K.D.Uşinski qeyd etmişdir ki, mətni oxumaq, hətta öyrənmək olar, lakin uşaq yalnız oxuduğu və mənimsədiyi əsasında varlığa öz münasibətini dəyişdikdə öz mənəvi inkişafında bir pillə yuxarı qalxa bilər.
Şüurlu oxu təlimi nəticəsində şagird aşağıdakı bacarıqlara yiyələnməlidir:
- mətn üzrə təqribən olsa da, real varlığı yaratmaq; mətnin, ondakı faktların, hadisələrin məzmununu başa düşmək;
- mövzunun məzmunu əsasında hekayənin əsas fikrini izah etmək, onun emosional məzmununu yaşamaq;
- əməllərin və faktların təsvirində iştirak edən şəxsin davranış motivlərinin, münasibətlərinin niyyətini görmək, başqa sözlə, mövzunun məzmununun əsasında hadisələrin məzmununu görmək;
- müəllifin əsərinin, hekayənin, hissənin ideyasını başa düşmək;
- əsərin məzmununu başa düşmək, onu qiymətləndirmək və öz münasibətini bildirmək;
- yazılı nitqin ifadəliliyini (durğu işarələri, sözlərin sırası, epitet və digər başqa ifadə vasitələri) başa düşməyi öyrənmək;
- müəllifin ustalığını, əsərin ideyasını, başlıca mənasını, qəhrəmanın fikirlərini, həyəcanını ifadə etmək üçün işlətdiyi priyomları başa düşmək və qiymətləndirmək;
- oxuduğu əsasında müasir həyatımızın həqiqətlərini başa düşmək və qiymətləndirmək.
Şagirdlərin belə bacarıqlara yiyələnmələri üçün qavrayışın dərinləşdirilməsinə yönəldilmiş məşğələlərin təşkili məsləhət görülür:
a) şagirdləri məzmunu qavramağa hazırlamaq; b)əsər oxunandan sonra 2-3 sualla məzmunun necə qavrandığını yoxlamaq; c)lüğət üzrə iş aparmaq; ç) əsərin planını tərtib etmək; d)seçmə oxu təşkil etmək; e)məzmunu nağıl etmək; ə)idraki və tərbiyəvi nəticə çıxarmaq; j)məzmunu uşaqların həyatı, ictimai-faydalı əməyi ilə əlaqələndirmək.
Kiçik oxucu hər şeydən əvvəl, yazıçının yaratdığı tablonu, portreti, insanların keçirdiyi hiss və həyəcanları aydın təsəvvür etməyə, duymağa, qəlbindən keçirməyə hazır olmalıdır.
Hazırlığın ən mühüm mərhələsindən biri mətndəki mənası tanış olmayan və ya az tanış olan sözlərin mənalarının açılması üzrə işdir. Fikrin ifadəsi olan söz böyük hikmətə, güclü təsir qüvvəsinə malikdir. Söz və nitq ifadələri olmadan təfəkkür baş verə bilməz. Söz yeni anlayışların yaranmasına xidmət edir, lakin söz aydın olmasa, onun arxasında əşya və ya hadisə konkret təsəvvür durmasa, bu funksiya yerinə yetirilə bilməz. Ona görə də müəllim çalışmalıdır ki, şagird hər bir sözün mənasını başa düşsün.
Bədii əsərin əsl mənasında başa düşülməsi əsərin məzmununa daxil olmaqdır. Bütün bunlar oxunun şüurluluğunun nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir.
Oxunun ifadəliliyi
İbtidai siniflərdə oxunun mühüm keyfiyyətlərindən biri onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlayışın dərinləşməsi, həm də emosiyanın, təxəyyülün inkişafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Parlaq, ifadəli oxu uşaqların diqqətini qavramalı olduqları başlıca fikrə cəlb edir, məzmunu tam aydın, obrazlı şəkildə çatdırır. İfadəli oxu prosesində oxucu əsərin ideya məzmununa daxil olmaqla obrazların, lövhələrin xarakter xüsusiyyətlərini açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə, müəllifin münasibətini, hisslərini dəqiq göstərməlidir.
İfadəli oxu üçün şagirdlərə verilən ilkin tələblər aşağıdakı kimi olmalıdır:
1. Danışdığın kimi oxu.
2. Sadə və təbii oxu.
3. Oxuda durğu işarələrinin tələbini gözlə.
4. Sözləri aydın və düzgün tələffüz et.
5. Ayrı - ayrı adamların sözlərini oxuyarkən, hər şəxsin xarakterinə görə səsini dəyişdir.
6. Oxuduğun mətnin məzmununa uyğun olaraq, səsini ölç və lazım olan yerdə onu qüvvətləndirib-zəiflətməyi bacar.
7. Oxuduğun cümlələrdə yalnız fikrini deyil, eyni zamanda orada ifadə edilən hissləri də verməyə çalış.
8. Qrammatik, məntiqi və emosional vurğunu gözlə.
9. Oxu zamanı yalnız durğu işarələrinin tələbinə görə deyil, eyni zamanda mənaya görə də lazımi fasilələrə əməl et.
10. Oxu zamanı nəfəsini idarə etməyi bacar.
İfadəli oxu üçün şagirdlərin səviyyəsinə müvafiq verilən bu tələblər hər hansı bir mətnin oxunmasında irəli sürülməlidir. İfadəli oxuda müxtəlif hallar, hisslər, həyəcanlar (şadlıq, gəmginlik, təəccüb, qorxu və s.) verilir. Bir sıra halları nitqdə ifadə etmək şagirdlərə əvvəlcədən məlumdur. Şagirdlər öz adi danışıqlarında sorğu, yumşaq danışıq (incə söhbət), kobud cavab vermək, şıltaqlıq etmək və s. bu kimi hallarda intonasiyadan bacarıqla istifadə edirlər.
Lakin daha mürəkkəb hiss və həyəcanları, məsələn, kinayə, istehza, zarafat, səmimiyyət və s.-ni ifadə etməkdə çətinlik çəkirlər. Buna görə müəllim şagirdlərə nitqdə olan bu mürəkkəb əhval-ruhiyyəni ifadə etməyi oxu dərslərində öyrətməlidir.
İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişlərə necə yiyələnməsindən, şagirdlərə necə nümunə olmasından asılıdır.
Oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun şüurlu mənimsənilməsidir. İfadəlilik isə öz növbəsində şüurluluğu artırır. İfadəli oxu vərdişlərinin yaradılması müəllimdən səbirli, qətiyyətli olmağı, müntəzəm və sistemli iş aparmağı tələb edir. Şagirdlərin emosional, ifadəli nitqə yiyələnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. ”Nitq texnikası”anlayışına oxu və danışıq prosesində tənəffüs, səs və diksiya daxildir.
Tənəffüs.
Düzgün tənəffüs düzgün nəfəsalma və havanı qənaətlə, bərabər ölçüdə xərcləməkdən ibarətdir. Səsin təmizliyi, düzgünlüyü, gözəlliyi və dəyişməsi (tonal çalarlığı) düzgün nəfəsalmadan ibarətdir. Buna nail olmaq üçün döş qəfəsinin bütün əzələ aparatından istifadə olunur. Sözlər və ya ifadələr arasındakı qısa fasilələr zamanı hiss olunmadan ciyərlərə hava daxil olur. Dərindən nəfəs alanda xüsusilə, ciyərlərin daha tutumlu olan aşağı hissəsi hava ilə dolur, döş qəfəsi genişlənir, oxu zamanı hava məntiqi cəhətdən bitmiş hissələrə uyğun olaraq az-az xərclənir. Bu vaxt qabırğalar və diafraqma fəal hərəkət edir.
Şagird nəfəsi elə alıb-verməlidir ki, oxu prosesinə mane olmasın. Kitabın üzərinə çox əyilmə, sinəni partanın kənarına dirəmə prosesində nəfəsalma çətinləşir, oxuyan tez-tez dayanıb, dərindən nəfəs almalı olur.
Düzgün nəfəsalmanı təmin etmək üçün müxtəlif təmrinlər məsləhət görülür: 1-dən 5-ə qədər saymaqla nəfəs almaq və ciyərlərin həddən artıq dolmasına yol veməmək, xüsusi mətnləri oxuyarkən nəfəsalmanı yoxlamaq və s.
Səs.
Biz söz tələffüz edərkən ciyərlərdən hava buraxırıq. Hava nəfəs yolları ilə xirtdəyə gəlir, orada səs tellərinin yığılıb-açılması nəticəsində zəif səs əmələ gətirir. Səs imkan daxilində gur və xoş avazlı olmalıdır. O, bu keyfiyyətlərə ağız boşluğunda yiyələnir.
Səsin qüvvəsi, ucalığı, uzunluğu, sürəti, tembri və s. keyfiyyətləri var. Nitqə ifadəlilik verən elə bunlardır. Səsin müəyyən qüvvəsinə malik olan adam həm bərkdən, həm orta səviyyəli, həm də zəif səslə danışa bilər. Tembr nitqin özünəməxsus rəngi olmaqla ona bu və ya digər emosional xassə verir.
Səsin uzunluğu (sürəti), uçuculuğu (uzağa uçaraq digər səslər fonunda ayrılması) da müxtəlif adamlarda fərqlənir.
Diksiya.
Diksiya hər bir sözün aydın, dəqiq tələffüz olunmasını tələb edir. Diksiyanın normallığı nitq aparatının quruluşundan və onun işinin düzgün təşkilindən asılıdır. Bəzən uşaq qarmaqarışıq dalğın nitqə malik olur. Sürətlə danışarkən bəzi sözləri aydın tələffüz edə bilmir, şəkilçiləri buraxır, tələffüzcə yaxın səslərlə qarışdırır.
Normal diksiyanı təmin etmək üçün ayrı-ayrı səslərin artikulyasiyası, tələffüzünə yaxın səslərin (b-p, v-f, q-ğ, q-k, d-t, j-ş, z-s və s.), səs birləşmələrinin (krt, kst, kft, qko, fku, qke, şti və s.), hecaların tələffüzü üzrə məşqlər təşkil olunmalıdır.
Diksiyanı normallaşdırmaq məqsədilə fonetikanı yaxşı öyrətmək, xorla tələffüz və xor oxutmaqdan istifadə etmək də məsləhət görülür. Kəkələmə, pəltəklik, tıntınlıq olan uşaqlarla fərdi iş aparılmalı, dodaqların ləng tərpənməsi, damaqların sıxılması, dilin ağır hərəkət etməsi, tələsiklik hallarına yol verilməməlidir. Çalışmaq lazımdır ki, şagirdlərin diksiyaları aydın, səlis olsun.
Orfoepik tələffüz.
Oxunun ifadəliliyi onun ədəbi tələffüz normalarına nə dərəcədə uyğunluğu ilə də ölçülür.
Dilimizdə sözlərin böyük əksəriyyəti yazıldığı kimi tələffüz olunmur. Danışığın daha asan və şirin olması orfoepik normalara əməl edilməsindən asılıdır.
Bu prosesdə ədəbi tələffüz normalarının pozulması onun ifadəliliyini aşağı salır, dinləyənin diqqətini yayındırır, məzmunun şüurlu, ifadəli qavranmasına mane olur, onun dinləyiciyə estetik təsirini zəiflədir.
Əlifba təlimi dövründən etibarən şagirdlərin sözləri yazıldığı kimi tələffüz etmələrinə (“Orfoqrafik tələffüzə”, “Kitab tələffüzünə”) yol verilməməlidir. Bu mərhələdə şagird düzgün yolu yalnız müəllimin nümunəvi oxusunun köməyi ilə seçə bilər. Əgər şagird alim, afərin, nadinc kimi sözlərdə çətinlik çəkmədən a saitini uzun tələffüz etməyi bacarırsa, almaya, məhləyə, körpəyə, anaya, işləyir, başlayır, gözləyir və s. sözlərin tələffüz nümunəsini (almıya, məhliyə, körpiyə, anıya, işliyir, başlıyır, gözlüyür və s.) müəllimdən öyrənməlidir.
Oxu prosesində müəllimin nümunəsinə əsaslanan bir sıra təmrinlər yerinə yetirilir. Məsələn, müəllim mətni oxuyarkən şagirdlər onun hansı sözləri orfoepik normalara uyğun tələffüz etdiyini tapıb, özləri də o cür tələffüz edirlər. Bəzən müəllim əvvəlcə yazıldığı kimi, sonra orfoepik normalara uyğun oxuyub, müqayisə aparmağı tələb edir.
Müəllim dərsə hazırlaşarkən hər bir sözün tələffüzü üzərində fikirləşməli, oxu prosesində orfoepik normalara əməl etməlidir.
İntonasiya.
Nitqdə, o cümlədən oxu prosesində intonasiyanın rolu böyükdür. İntonasiya sözün mənasını gücləndirməklə, bəzən sözdən daha çox şeyi ifadə edir. Belə ki, bəzən intonasiyanın köməyi ilə sözə onun ifadə etdiyi mənanın əksini vermək olur. Müəllim ev tapşırığını çox səliqəsiz və nöqsanlı yazmış şagirdin dəftərinə baxıb deyir: ”Əla!”. Ə-səsini çox uzatmaqla o, rəğbət deyil, kinayə, tənə bildirir, uşağı töhmətləndirir.
Fikrin və hisslərin ifadə olunmasında, məna, məzmun və ona münasibətimizdə müəyyən edilən psixoloji intonasiya mühüm rol oynayır. İntonasiyasız oxunan əsərdə yazıçının duyğuları, obrazlar, qəhrəmanın əhval-ruhiyyəsi və əsərin bədii qiyməti anlaşılmaz.
Şagirdlər yerinə görə yüksək səslə və sakit oxumağı öyrənməlidirlər. II sinifdə A.Səhhətin “Ayı və şir” təmsili keçilərkən:
Çeynədilər, dişlədilər, diddilər,
Bir - birini al qana qərq etdilər.
-misraları qüvvətli,
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
-misraları isə sakit tonla oxunmalıdır.
Səs tonundan düzgün istifadə xüsusi bacarıq tələb edir. Çox vaxt intonasiya məfhumu ilə “səs tonu” eyniləşdirilir. Ola bilər ki, eyni şeri şagirdlərdən biri ucadan, digəri alçaqdan, lakin eyni tonla oxusunlar. Ton mətnin məzmunu, ideyası ilə müəyyən edilir. Bədii əsəri qürur, sevinc, təntənə, iftixar, qorxu, qəzəb, nifrət, kədər, intiqam və s. tonla oxumaq mümkündür.
Oxu prosesində oxuyanın özündə müvafiq hisslər yaranmasa, o, həyəcanı düzgün ifadə edə bilməz.
Müəllimlər adətən, mətnin ifadəli oxunması üzrə nümunə verdikdən sonra şagirdlərdən də belə oxumağı tələb edirlər. Nəticədə çox vaxt şagirdlər süni, mexaniki oxuya alışırlar. Şagirdlərə bədii əsər üzərində müşahidə apararaq əsərdəki hadisələri emosional şəkildə qavramağı, özündə məzmuna uyğun hisslər yaratmağı öyrətmək, tonu tapa bilmədikdə ona kömək göstərmək lazımdır.
Psixoloqlar belə hesab edirlər ki, hətta nümunə verməklə intonasiyanı öyrətmək olmaz. Müəyyən həyat situasiyasında nitqin ifadəliliyi öz-özünə baş verir, onun haqqında fikirləşmək lazım gəlmir.
Vurğu.
Vurğunun müxtəlif növləri var: heca vurğusu, fraza vurğusu, məntiqi vurğu, emfatik vurğu.
Nitqdə səs seli cümlələrə ayrılır. Cümlədə isə səslər mənasına görə ritmik qruplarda birləşir. Bunu tələffüz xarakterli nitq taktı və ya fraza adlandırmaq olar. Hər bir nitq taktından sonra azacıq fasilə verilir. Cümlədən kiçik olan bu intonasiya-məna parçası qavrayış üçün daha əlverişli olduğundan oxunan mətn yaxşı başa düşülür.
Oxu zamanı frazadakı sözlərdən birində vurğulu heca qüvvəli səslə tələffüz olunur. Bu frazeoloji vurğu adlanır: “Yaxşı, siz deyən olsun, mənim mehriban balalarım”. “Səs gələn yerə yaxınlaşanda gördük ki, ayının dal ayaqları palıdın haçasına keçib, qabaq ayaqları isə güclə yerə dəyir”.
İfadəli oxuya hazırlıq işində heca vurğusu da xüsusi əhəmiyyət kəsb edir.
Adətən, vurğu cümlədə nitq situasiyası baxımından daha mühüm sözün üzərinə düşür. Bu məntiqi vurğudur. Üzərinə vurğunun düşdüyü söz qüvvətli, ucadan deyilir. Məntiqi vurğu yerinə düşməyən nitqdə məna dinləyiciyə aydın, dəqiq çatmır.
Şagirdlərə ifadəli oxumağı öyrətmək üçün müəllim əvvəlcə cümlədə başqalarından fərqli sözləri aydın səslə (başqa sözlərlə nisbətən ucadan və ya yavaşca) deməlidir. Bu sahədə bir qədər iş aparıldıqdan sonra tədricən şagirdlər üzərinə məntiqi vurğu düşən sözləri ayırmağı öyrənirlər.
Emfatik vurğu vurğunun xüsusi növüdür. Emfatik vurğu sözün emosional cəhətdən gücləndirilməsini ifadə edir. Əgər məntiqi vurğu diqqəti müəyyən sözə cəlb edirsə, emfatik vurğu onun emosional yükünü artırır. Birinci halda oxuyanın (danışanın) niyyəti, ikinci halda isə, bilavasitə hissləri ifadə olunur. Emfatik vurğu zamanı sait səsin uzunluğu mühüm rol oynayır. “Əhsən sənəəə! Ə-ə-ə-ə-la! A-a-afərin!”, “Yax-şı-ı-ı, vaxtımı alma!”, “Ge-e-e-et baxarıq!”.
Bəzən qəti təsdiq və ya rədd edərkən söz xüsusi enerji ilə deyilir: “Yarışda qalib gələcəksən?”
-“B-bəli!”
Fasilə.
Fasilə ifadəliliyin ən mühüm keyfiyyətlərindən biridir. Fasilə 3 cür olur: qrammatik, məntiqi və psixoloji.
Qrammatik fasilə oxu prosesində fasilənin yerini durğu işarələrinə görə müəyyənləşdirməyi tələb edir. Belə ki, nöqtə fikrin bitdiyini göstərir və səsin aşağı düşməsini tələb edir. Nöqtəli vergül fikrin müəyyən qədər tamamlandığını bildirir. Bu vaxt səs nöqtəyə nisbətən bir qədər aşağı düşür. Qoşa nöqtə fikrin qurtarmadığını, hələ sadalanacağını, aydınlaşdırılacağını, dəqiqləşdiriləcəyini bildirir. Vergül fikrin bitmədiyini bildirməklə səsin artırılmasını tələb edir. Tire fikrin sözlə ifadəsində müəyyən bir sözün buraxıldığını göstərir və fasilə tələb edir. Bu fasilədə oxucu buraxılmış sözü fikrən tələffüz edir və səsin gedişi ilə elə bil ki, onu bərpa edir. Sual və nida işarələri insanın niyyətini emosional boyalarla verilməsinə xidmət edir.
Şagirdlər yalnız III-IV siniflərdə durğu işarələrini tam gözləyə bilirlər, lakin uşaqları buna praktik yolla I sinifdən alışdırmaq lazımdır.
Bədii əsərlərin oxunması prosesində məntiqi fasilənin gözlənilməsi oxunun ifadəliliyinə, məzmunun şüurlu mənimsənilməsinə güclü təsir göstərir. Məntiqi fasilə mətndəki ayrı-ayrı sözlərin, cümlənin hissələrinin mənasından asılıdır. Cümlədəki ən mühüm sözlər fasilə ilə ayrılır.
Hörmət etmək nənənə...
Qoy bir borc olsun sənə,
Babanın... tut sözünü,
Sevdir ona özünü.
M.Dilbazinin “Böyüklərə hörmət et” şerindən götürülmüş bu parçada nənənə və babana sözlərindən sonra fasilə etməkdə məqsəd şagirdlərin diqqətini ailədə nənə və babanın böyük olmalarına, onlara hörmət etməyin vacib olmasına yönəltməkdir.
Oxunun ifadəliliyi üçün psixoloji fasilədən düzgün istifadə edilməsi tələb olunur. İbtidai siniflərdə psixoloji fasiləni praktik yolla başa salmaq mümkündür. Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsində uşaqlar oxuyurlar: “Birdən lap içəridən bir cüt uşaq gözü kəşfiyyatçı əsgərin gözlərinə dikilir”. Bu cümlədə birdən sözündən sonra edilən fasilə dinləyicini intizarda saxlayır. Fasilədən sonra dinləyicilərin qarşısında təəccüb, təəssüf və sevinclə dolu bir səhnə açılır. Birdən sözündən sonrakı fasilə şaxtadan donmuş ananın qucağında uşağın sağ qalması ilə əlaqədar şagirdlərin keçirdikləri psixoloji halları, heyrət hissini qüvvətləndidir.
Oxunun rəvanlığı (sürətliliyi). Oxunun ifadəliliyinə onun rəvanlığı, normal sürəti də təsir göstərir. İfadəli oxunun sürəti şifahi nitqin sürətinə bərabər olmalıdır. Həddən artıq sürətli və yavaş, yersiz fasilələrlə baş verən oxu çətin qavranılır. Sürət şerin məzmununa görə seçilir.
Bəzən bir mətndə sürət bir neçə dəfə dəyişə bilər. M. Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” şerindən götürülmüş aşağıdakı parçanın əvvəli yavaş-yavaş oxunur:
Dəmirçi bir mıxçıxaran
Kəlbətin alaraq haman,
Buraxıb öz işlərini,
Çəkdi qurdun dişlərini..
Sonra sürət artır:
Keçi kəllə vurunca,
Qurd bulaşdı al qana.
-Aman, aman qursağım,
Cırıldı bağırsağım.
Aman, aman, aman vay,
Öldüm, öldüm, ay haray!
Daha sonra yenə oxu aşağı sürətlə davam edir:
Keçi güldü qurda bir az,
Dedi: -Zülmün yerdə qalmaz.
Balalarımı yeməyəydin,
Vay qursağım- deməyəydin!
Oxunun ritmi (ölçüsü.) Bədii oxuda, xüsusilə şeirlərin oxunmasında ritm mühüm təşkiledici rol oynayır. Oxu prosesində sonsuz davam edən düz xətt ritmin gözlənmədiyini bildirir. Uzun müddət eşidilən eynitonlu uğultu özünün uzunluğu ilə adamı yorur, lakin misranı xətlərlə hissələrinə ayırdıqda uğultu bir ölçüdə, bir qərarda təkrar olunur. Belə təkrarolunma ritm adlanır. Ritm hər hansı təkrar olmayıb, eynicinsli hadisənin dövri olaraq bərabər təkrarlanmasıdır. Bu zaman sürətlənmə və yavaşıma, gərginlik və zəifləmə, uzunluq və qısalıq eyni ölcüdə növbələşir.
Əlbir olub // bir ayı // bir şir ilə,
Ovladılar // dovşanı // tədbir ilə.
Olmadılar // razı onu // bölməyə,
Çıxdı iş // axır ölüb // -öldürməyə.
Sonuncu misrada ölçü əslində belə olmalıdır:
Çıxdı iş a // xır ölüb-öl // dürməyə.
(А. Səhhət “Ayı və şir”)
Klassik poeziyada adətən, hər bir misrada fikir tam və ya qismən tamamlanır. Оxucu hər bir sətrin axırında dayanır. Belə şeirlərdə ritmi gözləmək də asan olur.
Dostları ilə paylaş: |