3. Hədəf, məqsədlər və yanaşma İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir. Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi.
Qərbi azərbaycanlıların onilliklər ərzində legitim nümayəndəsi kimi İcma qayıdış prosesində fəal rol oynayacaq, maraqlı tərəf kimi aidiyyəti dövlətlər və beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlıq aparmaq və onlar tərəfindən legitim tərəf müqabili kimi tanınmaq üçün səy göstərəcək.
Qərbi azərbaycanlıların onlara uzun müddət ərzində qayğı göstərmiş Azərbaycan ilə xüsusi bağları nəzərə alınmalı və öz yurdlarına qayıtdıqdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə imkan yaradılmalıdır.
Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə səpələnməsi cəhdləri irqçiliyin bir forması və re-inteqrasiyaya maneə olan zərərli yanaşma kimi rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş verə bilər.
Qovulmuş şəxsin geriyə qayıtmaq barədə qərarı könüllü olmalı və onun bu qərarı verə bilməsi üçün ona hüquqları və imkanlar barədə tam məlumat verilməlidir. Müvafiq hüququ olan şəxsin geriyə qayıtmaq qərarını ancaq ləyaqətli və təhlükəsiz şəkildə evinə dönməyin mümkün olmasını, o cümlədən, qayıdış prosesi zamanı və qayıtdıqdan sonra həyatını qura bilməsi üçün müvafiq zəmanət və yetərli həcmdə resurs ayrılacağını, tarixi vətənində fərdi və kollektiv hüquqlarının təmin ediləcəyini yəqin etdikdən sonra verə biləcəyi nəzərə alınmalıdır.
Qayıdış prosesi zamanı qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet kimi nəzərə alınacaq, “Qadınlar, sülh və təhlükəsizlik” yanaşması daxil olmaqla bu sahədə beynəlxalq aləmdə qəbul olunan mütərəqqi konsepsiya və standartlar qayıdış prosesində aparıcı yer tutacaq.
İcma ötən iki əsr ərzində erməni və Azərbaycan xalqları arasında dərin nifaq olduğunu və Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində hal-hazırda əhəmiyyətli sayda insanın təhlükəsizlik problemlərindən əziyyət çəkdiyini anlayır və yaranmış bütün siyasi, təhlükəsizlik, hüquqi, sosial və humanitar problemlərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü hesab edir. İcma təhlükəsizlik problemlərinin sülh yolu ilə tənzimləməsi zamanı humanitar təcililiyi obyektiv kriteriya kimi qəbul etməklə bərabər, davamlı sülhün bərqərar edilməsində ədalətsizliyin və hüquq pozuntusunun baxılmamış qalma müddətini beynəlxalq diqqətin yetirilməsi üçün əsas kriteriya hesab edir.
Belə ki, hüquq pozuntusu və ədalətsizlik nə qədər öz həllini tapmamış qalırsa, bir o qədər cəzasızlıq hissi güclü olur və daha böyük ədalətsizlik törəyir. Bu, öz növbəsində fait accompli və bir ədalətsizliyi daha böyük ədalətsizlik törətməklə unutdurmaq kimi qeyri-insani, zərərli və təhlükəli taktikaları təşviq edir. Bu baxımdan İcma hesab edir ki, böyük haqsızlığa məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi regional təhlükəsizliyin və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bərpa olunması kontekstində ən ilk sırada baxılmalı olan vəzifədir.