1.3. Qayıdış planının hazırlanması
İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq. Qayıdış planı tələb olunan addım və resurslar, dəqiq zaman çərçivəsi göstərilməklə prosesin mərhələlərini və istiqamətlərini təsvir etməlidir.
1.4. Ermənistanın hüquqi çərçivəsinə münasibət
Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan siyasi-hüquqi vahidin effektiv nəzarət etdiyi ərazidən zorla qovulduqları üçün bu dövlətin təşəkkül tapmasında, onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər.
İcma Ermənistan Respublikasının Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olduğunu, digər dövlətlərin əksəriyyəti tərəfindən tanındığından agahdır və Ermənistan Respublikasını siyasi-hüquqi reallıq kimi görür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. İcma Qərbi azərbaycanlıların Ermənistanın hüquqi sistemi ilə və onun çərçivəsində fərdi və kollektiv qisimdə mümkün fəaliyyətini praktiki məsələ kimi görür, bunu ölkənin ərazisində azərbaycanlılara qarşı törədilmiş hər hansı ədalətsizliyi və hüquqa zidd hərəkəti qəbul etmək, qanuni maraqlarından imtina etmək mənasında təfsir və qəbul edilməsini rədd edir.
Ermənistan Respublikası özünün milli hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etmək məqsədilə özünün qanunvericiliyinin təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır.
İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur. Şəxsiyyəti, mülkiyyət hüququnu və digər hüquqları təsdiq edən sənədlərin Ermənistan tərəfindən təqdim edilməsi bu hüququ yaratmır, verilməməsi bu hüququ aradan qaldırmır. Belə sənədlərin verilməsi sadəcə formal-texniki məsələ olmaqla hazırda sözügedən ərazilərə nəzarət edən Ermənistan Respublikasının qeyd-şərtsiz yerinə yetirməli olduğu bir öhdəlikdir.
Dostları ilə paylaş: |