Ekspert sistemlərinin strukturu Tipik statik ES aşağıdakı əsas komponentlərdən ibarətdir (şək.5.2):
·həlledici;
·verilənlər bazası (VB) adlandırılan işçi yaddaş;
·biliklər bazası (BB);
·biliklərin əldə edilməsi komponentləri;
·izahedici komponent;
·dialoq komponenti.
Biliklər bazası – ekspert sistemlərin əsas komponenti olub, onun “intellektual bacarığını” əks etdirir. Ekspert sistemlərinin digər komponentlərindən fərqli olaraq biliklər bazası sistemin “dəyişilən” hissəsidir.Bu hissə ekspert sisteminin sınaqları və istismarı zamanı, həmçinin məsləhətlərarası (bəzi sistemlərdə elə məsləhət zamanı) dövrdə biliklər mühəndisinin təcrübəsindən asılı olaraq dola və modifikasiya oluna bilər. Ekspert sistemlərində biliklərin təqdim olunmasının bir neçə üsulu mövcuddur. Lakin, onların hamısının ümumi cəhəti biliklərin simvol formasında (biliklərin təqdim olunmasının elementar komponentləri mətn, siyahı və digər simvol strukturlarıdır) təqdim olunmasıdır.
Bununla da ekspert sistemlərində mühakimələr prosesi ardıcıl simvol dəyişmələri kimi təqdim olunan mühakimələrin simvol təbiəti prinsipi ilə həyata keçir.
Həlledici – biliklər bazasında olan biliklər əsasında ekspertin fikirlərinin gedişini modelləşdirən proqramlardır. Sinonimlər: deduktiv maşın, çıxarış maşını, məntiqi çıxarış bloku.
Verilənlər bazası (işçi yaddaş) - məsələnin cari anında həlledilən ilkin və aralıq verilənlərin qorunması üçün təyin olunmuşdur. Bu termin adına görə (məzmununa görə yox) informasiya-axtarış sistemlərində (İAS) və verilənlər bazasının idarə olunması sistemlərində (VBİS) sistemdə qorunan bütün verilənlərin (ilk növbədə uzunmüddətli) işarələnməsi üçün istifadə olunan terminlə üst-üstə düşür.
Biliklərin əldə edilməsi komponenti istifadəçi – ekspert tərəfindən həyata keçirilən ES-nin biliklərlə doldurulması prosesini avtomatlaşdırır.