Şəbəkə avadanlıqları Şəbəkələrin əksəriyyətində server və müştəri kompüterləri olur. Bunlardan başqa, şəbəkədə şəbəkə kabellərini birləşdirən və siqnalları gücləndirən qurğuların da olması lazımdır. Ümumiyyətlə desək şəbəkə avadanlıqlarına fasiləsiz qida mənbələri(UPS), modemlər, transiverlər, təkrarlayıcılar, konnektorlar, terminatorlar, şlüz, çevirici, körpü, marşrutlaşdırıcı, hub və s. daxildir.
Modem: Kompüterə verilənləri telefon xətti ilə ötürməyə imkan verir. Bildiyiniz kimi, kompüterdə informasiya rəqəmli formada, yəni sıfır (0) və birlərdən (1) ibarət ikilik kod şəklində saxlanılır. Bu kodlar telefon xətti ilə ötürülmək üçün analoq siqnallara çevrilməlidir. Bu işi məhz modem həyata keçirir. Başqa sözlə, modem kompüterdəki informasiyanı telefon xətləri, televiziya kabelləri ilə ötürmək və ya açıq fəzaya göndərmək üçün yararlı formaya salır. Xəttin o biri ucunda isə ikinci modem həmin siqnalları kompüterin başa düşdüyü dilə çevirir və beləliklə, bu iki kompüter bir-biri ilə ünsiyyətdə olur. “Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır: rəqəmli verilənlərin analoq verilənlərə çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir; beləliklə, modem – modulyator-demodulyatordur. Kompüterlərin əksəriyyətində daxili modemlər quraşdırılmış olur.
Şəbəkə interfeys kartı. Kompüter şəbəkəsi üçün aparat təminatının ən vacib hissəsi NIC (network interface card) şəbəkə adapteridir. Ona bəzən Ethernet-adapter, yaxud şəbəkə kartı da deyilir. O, kompüterin ana lövhəsinə qoşulur, kompüterlərin şəbəkəyə qoşulması üçün bu qurğunun olması çox vacibdir.
Qovşaq [hub]-şəbəkə konsentratoru. Bu qurğu şəbəkədə qovşaq rolunu oynayır, ona daxil olan bütün informasiyanı, sadəcə olaraq ötürür. Yəni, qovşağın portuna qoşulmuş qurğuların hamısı eyni informasiyanı alır. Burada ötürülmə zamanı iki siqnalın toqquşmasına kolliziya deyilir. Şəbəkədə Kolliziya baş verdikdə kompüterlər informasiya ötürülməsini dayandırır.
Switch(Çevirici). Bu qurğu da Hub kimi qovşaq rolunu oynayır, lakin Hub-la müqayisədə daha ağıllı qurğudur. Siqnalları ünvanlı olaraq, yəni yalnız tələb olunan kompüterlərə ötürürür.
Körpü [bridge]. Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya yerli şəbəkələri birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu, yaxud uyğun proqram təminatı olan kompüterdir. İki və daha çox şəbəkə arasnıda siqnalları MAC ünvanlarına baxaraq ötürür. Müxtəlif topologiyalı lakin eyni protokol istifadə edən şəbəkələri əlaqələndirir