Psixoloqlar bu faktların təhlili əsasında aşağıdakı nəticəni
çıxararlar: iş üsulları, üslubi fərdi xüsusiyyətlərinə uyğun gələn
işçilər daha yüksək istehsalat uğurları əldə edirlər. Beləliklə, də
psixologiyada fərdi üslub anlayışı yarandı. Göründüyü kimi,
anlayış iki sözdən ibarətdir. Fərdi sözünün mənası aydındır. Bəs
üslub nə deməkdir? Üslub çoxmənalı sözdür. Burada o, iş
priyomu, vasitəsi, üslubu mənasında işlənmişdir.
Temperament fəaliyyətin səmərəsini deyil, ancaq fərdi
üslubunu müəyyən edir. Göründüyü kimi, hər hansı bir işi
obyektiv surətdə müxtəlif üsullarla icra etmək olar. Bu şəraitdə bir
temperament tipində, məsələn, fleqmatikdə məhz onun üçün
səmərəli olan müəyyən bir üsul, sanqvinikdə isə başqa bir üsul
aktuallaşır. Seçilmiş üsullar fəaliyyətin obyektiv tələbləri ilə
uzlaşdıqca onlar daha da dəqiqləşdirilir, yeni üsullardan istifadə
olunma başlanılır. Tədricən insan üçün tipik olan və onu fərdiyyət
kimi xarakterizə edən müəyyən bir sistem əmələ gəlir.
Fərdi üslub fəaliyyətin bütün sahələrində mühüm rol oynayır.
Peşə fəaliyyəti ilə yanaşı, təlim fəaliyyətində də onun əhəmiyyəti
böyükdür. Təlim prosesində şagirdlərdə özünəməxsus fərdi üslub
formalaşdıqca, onlar yaxşı oxuyur, ev tapşırıqlarını vaxtında və
səliqə ilə yerinə yetirirlər.
Dostları ilə paylaş: