Monitorinq və Qiymətləndirmə. Bu hissədə siz donora nümayiş etdirməlisiniz ki, sizin lahiyənin uğurlarını ölçmək üçün vasitələriniz var. Bu vasitələr nə ola bilər? Rəqəmlər; Fəaliyyətlərinizə dair KİV xəbərləri; Layihənizdən faydalanmış şəxslərin təşəkkür məktubları; Fəaliyyətlərinizin əhəmiyyətini təsdiqləyən qurumların dəstək məktubları və s.
Davamlılıq.Burda siz layihə bitdikdən sonra layihə ideyanızı necə davam etdirəcəyinizə dair donora inandırıcı ehtimallar söyləməlisiniz. Bu ehtimalları siz layihə müddətində gerçəkləşdirməlisiniz.Yəni layihəniz elə nəticələr verməli və elə təsir dairəsi yaratmalıdır ki, onların sayəsində təşəbbüsünüz davam etsin. Təklifin uğurlu alınmasında bu bölmənin heç də az əhəmiyyəti yoxdur. Donorlar(investorlar) bilirlər ki, hər hansı proqramın maliyyə dayanıqlığı yoxdursa o, adətən, yarımçıq qalır. Əgər təşkilat aydın və inandırıcı şəkildə proqramın gələcək maliyyə dəstəyi mənbələrini göstərirsə, deməli onun yarımçıq qalma təhlükəsi aradan qalxır. Bu isə donoru təklifi dəstəkləməyə həvəsləndirir. Layihənin davanlılığını təmin edə biləcək mənbələr aşağıdakılar ola bilər:
Digər donor-fondlar. Ola bilsin ki, sizin layihəni digər fondlar bəyənib və onun davamını dəstəkləməyə söz verib. Belə halda, həmin fonddan niyyətini təsdiq edən məktub alın və qoşma kimi təklifə əlavə edin.
Hökumət qurumları. Eyni dəstək məktubunu hökumət qurumlarından da ala bilərsiniz.
Cari pul yığma tədbirləri: üzvlük haqqları, ianələr, keçirilən xeyriyyə tədbirləri və s.
Siz layihə çərçivəsində əldə edəcəyiniz avadanlıq və ya biliklər, metodlar vasitəsilə gələcəkdə pullu xidmət təklif edə bilərsiniz.
Büdcə. Büdcə, təklifdə əks etdirilmiş layihənin həyata keçirilməsinə sərf olunacaq məbləği göstərir. Bir çox donorlar layihənin vəzifələrini, seçilmiş metodların incəliklərinə varmasalar da büdcəni çox diqqətlə öyrənirlər.