Təklif əyrisi bu məqamda istehsalçıların müxtəlif qiymətlərə nə qədər məhsul satmağa hazır olduqlarını göstərən əyridir.
Təklif əyrisi rəvan əyilmiş və yuxarı qalxan əyridir. 0 bazar qiymətləri ilə istehsalçıların istehsal edib satmağa hazır olduğu məhsulun kəmiyyəti arasındakı asılılığı göstərir. Antuan Ogüsten Kurno bu asılılığı riyazi düstur şəklində təsvir etmişdi:
S = f(P),
burada S - təklif;
f - funksiyadır. Kurno bunu təklifin dəyişməsi qanunu adlandırmışdı.
Təklifin dəyişməsi qanununun mahiyyəti ondadır ki, qiymət artdıqda təklif olunan əmtəənin həcmi artır, azaldıqda isə azalır. Təklif əyrisinə texniki tərəqqi get-gedə daha çox təsir göstərir. O istehsal məsrəflərini azaltmağa və əmtəə təklifini dəyişməyə imkan verir. Əmtəə təklifi əyrisinin forması əsasən onun istehsal texnologiyası, həmin əmtəənin hazırlanmasında istifadə olunan resursların əldə olunması ilə şərtlənir. İstehsalın və onda istifadə olunan resursların səfərbərliyi yüksək olarsa, onda təklif əyrisinin mailliyi daha az olar, yəni qiymətin azacıq dəyişməsi əmtəə təklifinin xeyli artması ilə nəticələnir. İstehsalın artırılması daha böyük resurs və əmək sərfi ilə müşayiət olunursa, təklif əyrisi daha sərt olur. Təklif onun dəyişməsini şərtləndirən bütün amillərin funksiyasıdır: S = f (P, Pr, K, T, N, B), burada Pr- resursların qiyməti; K - tətbiq olunan texnologiyanın xarakteri; T - vergilər və malyyə yardımı; N - satıcıların sayı; B - başqa amillərdir. Təklif funksiyası təklifin ona təsir edən müxtəlif amillərdən asılılığını müəyyənləşdirir.