4.1. Bazar quruluşunun mahiyyəti Bazarın quruluşu — bazarın ayrı-ayrı elementlərinin daxili quruluşu, yerləşməsi, düzülüşü, onların bazarın ümumi həcmində xüsusi çəkisidir. İstənilən quruluşun əlamətləri bunlardır:
onun elementləri arasında sıx əlaqə;
bu əlaqələrin müəyyən sabitliyi;
həmin elementlərin tamlığı, məcmusu.
Ən müxtəlif meyarlar əsasında ayrı-ayrı elementlərə bölünmüş bütün bazarların hamısının məcmusu bazarlar sistemini əmələ gətirir. Bütövlükdə bazar olduqca zəngin və mürəkkəb quruluşu ilə səciyyələnir. Onun quruluşu seçilmiş meyarlardan asılı olaraq müəyyənləşdirilir. Obyektlər üzrə bazar quruluşu və sistemini səciyyələndirmək üçün meyarlar aşağıdakılar ola bilərlər:
əmtəə və xidmətlər bazarı (istehlak bazarı);
iş qüvvəsi bazarı;
istehsal vasitələri bazarı;
qiymətli kağızlar, valyuta bazarı;
elmi-texniki işləmələr, patentlər bazarı;
informasiya bazarı;
tədavül vəsaitləri bazarı;
ayrı-ayrı əmtəə və əmtəə qrupları (ət, paltar, ayaqqabı) bazarı;
lisenziyalar bazarı və s.
İstehlak bazarına ərzaq və sənaye malları bazarları, məişət, kommunal, nəqliyyat xidmətləri bazarları, həmçinin mədəniyyət, təhsil, səhiyyə xidmətləri daxildir. Tələb və təklif dəyişmələri, inflyasiya özünü ən çox bu bazarda göstərir. O millətin rifah halına bilavasitə təsir göstərir. Mənzil bazarı bizim ölkədə yaxın vaxtlara qədər şəxsi evlərin, bağların və bu qəbildən olan başqa mülklərin, həmçinin alınıb satıla bilən kooperativ evlərin alqı-satqısı şəklində mövcud idi. Dövlət mənzil bölməsinin özəlləşdirilməsi ilə əlaqədar dar mübadilə zonası və ya “razılaşma” əsasında gizli satışla məhdudlaşan bazardan deyil, bütün mənzil növlərini əhatə edən tam dolğun mənzil bazarının formalaşmasından danışmaq olar. Mənzil bazarı daşınmaz əmlak bazarının bir hissəsidir. İş qüvvəsi bazarı prinsip etibarilə həmişə mövcud olub. Lakin keçmişdə bizim iqtisadiyyatda iş qüvvəsi onun planlı bölgüsü, qeyri-iqtisadi yollarla əməyə məcburetmə (müftə- xorluqla mübarizə) və əməyin ödənilməsində dövlət tarifləri, işə sərbəst götürmə və işdən çıxartmanın olmaması ilə bağlı sərbəst alqı-satqı obyekti deyildi. Son vaxtlara qədər iş qüvvəsinin əmtəə xarakteri inkar edilirdi. Iş qüvvəsi bazarının inkişafı hər bir fərdin öz iş qüvvəsini işçi və işəgötürən arasında müqavilə əsasında öz seçimi, istəyi və bazar qiymətlərilə satmaq hüququnun tanınmasını nəzərdə tutur. İnvestisiya bazarı pul bazarı növlərindən biridir, burada bazar münasibətlərinin obyekti sərmayə qoyuluşlarıdır. Qiymətli kağızlar bazarı Rusiyada son vaxtlara qədər yalnız dövlət istiqraz vərəqləri və lotereya biletlərinin alqı- satqısı ilə təmsil olunmuşdu. Hazırda səhm, istiqraz vərəqləri, assiqnasiyalar, çeklər, akkreditivlər, veksellər və başqa növ pul öhdəliklərinin alqı-satqısı aparılır. Pul və valyuta bazarı bizim iqtisadiyyatda rəsmən yox idi və ya gizli səciyyəli idi. Valyuta bazarı çox məhdud şəkildə yalnız xarici iqtisadi münasibətlər sahəsini əhatə edirdi. Bu bazarın normal fəaliyyət göstərməsi dünya, dövlət, sərbəst və hərrac kursları üzrə valyutanın rubla satılıb- alındığı fond valyuta birjalarının yaradılmasını tələb etdi. İnnovasiya, yəni yeniliklər, ixtiralar, səmərələşdirici təkliflər bazarı da praktik olaraq bizim iqtisadiyyatda yox idi. Bazar münasibətlərinə keçid innovasiyaları bazar qiymətlərilə satılması məqsədəuyğun olan əmtəə kimi nəzərdən keçirməyə əsas verir ki, bu da, şübhəsiz, elmi-texniki tərəqqinin sürətləndirilməsinə rəvac verməlidir. İnformasiya məhsulları bazarı xüsusi bir bazardır, burada alqı-satqı obyekti kitablar, qəzetlər, şəkillər, müxtəlif növ reklam və insanlara zəruri informasiyanı çatdıran çoxsaylı digər əşyalar və fəaliyyət növləridir. Belə bazar bizdə mövcuddur. Lakin intellektual məhsullar da daxil olmaqla informasiya məhsulu geniş mənada nəzərdən keçirilsə, yəni bura elmi, mədəni, mənəvi, təhsil məhsulları da aid edilsə, onda belə bazar indi-indi formalaşır. Alqı-satqı obyekti kimi EHM-lər üçün proqramlar yayılmağa başlamışdır. Lisenziyalar bazarı innovasiyalar bazarının bir hissəsidir. Burada alqı və satqı obyekti ixtiraların, texnoloji təcrübənin, sənaye sirləri və kommersiya biliklərinin, əmtəə nişanlarının verilməsinə patentli və patentsiz lisenziyalardır. Bu texnologiya ticarətidir. Hal-hazırda beynəlxalq təcrübədə nou-hau (texniki biliklər və praktik təcrübədən ibarət, kommersiya dəyəri olan və patent müdafiəsi ilə təmin edilməmiş informasiyalar: spesifikasiyalar, formullar, reseptlər, sənədlər, istehsalın təşkili sxemi, texnoloji prosesin xarakteristikası və s.) və verilən texnologiyanın sənaye tətbiqi üçün mühəndis xidmətlərinin verilməsini nəzərdə tutan kompleks texnoloji mübadiləyə dair lisenziya razılaşmaları daha çox yayılmışdır.