Məktəb mühazirəsində proqramın nəzərdə tutduğu zəruri məsələlər şərh edilir. Mühazirə 30-35 dəqiqə ərzində aparılır, şərh elmiliyi ilə səciyyələnir. Məktəb mühazirəsilə müəllim yalnız şagirdlərə elmi məlumatları çatdırmaqla kifayətlənmir, habelə onlarda dinləmə mədəniyyətini tərbiyə edir, qeydlər aparmaq, plan tutmaq bacarıqlarını formalaşdırır.
Müəllimin fakt və hadisələri şagidlərə sual-cavabla çatdırmasına müsahibə metodu deyilir. Müsahibənin imkanları çox genişdir. Müsahibə metodu ilə müəllim şagidlərin təfəkkür fəaliyyətini “aşkara çıxara” bilir, onların dərsdə fəallığını təmin edir. Məktəblilər müsahibənin köməyi ilə asanlıqla faktların təhlilinə cəlb olunur. Müsahibə zamanı müəllim fikri fəallıq priyomlarından, xüsusilə müqayisədən istifadə edərək yeni öyrənilmiş fakt və hadisələrin əvvəllər öyrənilmiş hadisə və faktlarla oxşar və fərqli cəhətlərini şagidlərin öyrənmələrinə xüsusi əhəmiyyət verir. Müsahibənin gedişində şagirdlər yeni fakt və hadisələrin səbəb, nəticə asılılıqlarını tapmağı öyrənir, öz fikirlərini söyləyə bilir, öz səhvlərini dərk edib başa düşürlər.
Müsahibənin iki növü vardır. Bunlardan biri təkrar, digəri evristik müsahibədir. Təkrar biliklərin möhkəmləndirilməsinə xidmət edirsə, evristik müsahibədə yeni biliklər əldə edilir.. Müsahibə zamanı müəllimin suallarına müəyyən tələblər verilir. Sual aydın, məntiqi, dürüst və qısa olmalıdır. Düzgün ifadə edilmiş sual, cavabın yarısıdır. Suallar müxtəlif məqsədlər üçün, yəni şagidlərin faktları necə mənimsədiklərini, fakt və hadisələr arasındakı əlaqələri müəyyənləşdirmək, öyrənilən fakt, hadisə və proseslərin mühüm əlamətlərini ayırd etmək, səbəb-nəticə əlaqələrinin tapılması üçün; anlayışları dəqiqləşdirmək üçün, biliyin tətbiq edilməsinə şərait yaratmaq üçün verilir. Suallar, adətən sinfə verilir, sonra isə hər hansı bir şagirddən soruşulur. Bu, bütün şagidlərin verilmiş sual ətrafında fikirləşməsinə, onların fəallığına şərait yaradır. Müsahibə zamanı şagidlər nə öyrəndikləri haqqında düşünürlər.
Kitab üzərində iş.Kitab üzərində iş bir neçə mərhələdən keçir. Birinci mərhələdə məktəbli mətnlə tanış olur. Ikinci mərhələdə şagird mətni bir neçə dəfə oxuyub onu yadda saxlamağa səy edir. Bu zaman şagird rast gəldiyi yeni sözləri seçir, sorğu kitabları və lügətlər vasitəsilə həmin terminlərin mənasını öyrənir. Üçüncü mərhələdəşagird kitabı örtərək mətni öz-özünə danışır, teoremləri isbat edir, çətinlik çəkdiyi yerləri bir də nəzərdən keçirir. Dördüncü mərhələdə məktəbli öyrəndiyi nəzəri bilikləri praktikaya tətbiq etməyə çalışır. Bu vaxt məktəblinin öyrəndiyi elmi məlumatları kimə isə danışması müsbət nəticə verir. Beşinci mərhələdəşagird özü üçün müəyyən qeydlər götürür, şərh edəcəyi materialın layihəsini tərtib edir.
Kitab üzərində işləyərkən məktəbliyə plan tutmağı, icmal, tezis tərtib etməyi, məruzə və referat yazmağı öyrətmək vacibdir.
Plan - materialın sistemlə, məntiqi ardıcıllıqla şərhinə şərait yaradır. Plan tərtib etməyi bacarmaq yalnız mətni dərindən dərk etmək, başa düşmək əlaməti olmayıb, habelə materialı düzgün qavramaq və dərk etməyin nəticəsidir. Plan tərtibi ilə yanaşı materialı şüurlu dərk etməyin mühüm əlamətlərindən biri də sxem, cədvəl, diaqram tərtib etmək, şəkillər çəkməkdir. Sxem, cədvəl, diaqram mətnin mahiyyətini, mətndəki fikirlər arasındakı qarşılıqlı əlaqələri daha dərindən anlamağa, səbəb və nəticə əlaqələrini görməyə şərait yaradır.
İcmal-oxunmuş materialın şagirdin öz sözləri ilə ifadəsidir.Bu zaman əsas məsələləri şagird öz sözləri ilə yazır və yeri gəldikdə misallardan, nümunələrdən istifadə edir.
Məruzə hazırlamaq müəyyən bir mövzu haqqında bir neçə mənbədən istifadə etməklə elmi məlumatları təhrif etmədən öz sözləri ilə müəyyən həcmdə mətn hazırlamaq deməkdir.