Altıncı prinsip, buna əsaslanır ki, bazarlar cəmiyyətin iqtisadi fəaliyyətinin, təşkili üçün yaxşı, əlverişli bir üsuldur. Tarixi təcrübədə özünü doğrultmayaraq, iflasa uğramış sosialist planlı təsərrüfat sisteminin əksi olan bazar iqtisadiyyatı şəraitində mərkəzi planlaşdırıcı orqanların əmr xarakterli göstərişləri, sərbəst bazar münasibətləri reallığında milyonlarla ailənin və istehsal-xidmət təyinatlı şirkətlərinin tələb-təklif qanunu əsasında formalaşan qərarları (arzu, hökmü) ilə əvəz olunur. Müəyyən qanunlar və bazar rəqabəti şəraitində fəaliyyət göstərən çoxsaylı ev təsərrüfatları, şirkətlər, korporasiyalar nə istehsal etməkdə, kimi işə qəbul etməkdə, satış bazarları seçməkdə sərbəstdirlər. Bu mənada bazar münasibətləri iqtisadi sistemində mürəkkəb qarşılıqlı əlaqələrdə olan ev təsərrüfatları və şirkətlər sanki A.Smitin adı ilə bağlı “gözəgörünməz əl” tərəfindən idarə olunaraq, tədricən onların fəaliyyətini arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə qiymət amili çox mühüm bir rol oynadığından, dövlətin müxtəlif iqtisadi, inzibati yollarla bu işə müdaxiləsi, şübhəsiz bazar iqtisadiyyatının normal fəaliyyətinə müəyyən əngəllər törədir. Çünki bazar iqtisadiyyatı çoxsaylı ailə təsərrüfatları və şirkətlərin verdikləri müstəqil qərar əsasında fəaliyyət göstərən, eyni zamanda mövcud sərvətləri (iqtisadi resursları) bölüşdürən bir sistemdir. Lakin müasir daxili-xarici əlaqələr sisteminin mürəkkəbləşdiyi, iqtisadi inteqrasiya proseslərinin genişlənib-dərinləşdiyi, qloballaşma istiqamətində vahid dünya təsərrüfat sisteminin formalaşdığı bir şəraitdə hakimiyyət orqanlarının dövlət tənzimlənməsinin müxtəlif formalarından müəyyən hüdudlar çərçivəsində istifadə etməsi, tamamilə təbii və məqsədəuyğundur.