Beşinci prinsip, iqtisadi ticarət əlaqələrinin müxtəlif ölkələr və xalqlar üçün faydalı ola bilməsi fikrini əsaslandırır. Doğrudur, ölkələr və insanlar arasında fasiləsiz surətdə davam edən iqtisadi-ticarət münasibətləri, habelə bu əlaqələrin müxtəlif formaları bazarda kəskin, rəqabət mübarizəsi şəklində getsə də, bir sıra ziddiyyətli çətinliklər yaransa da, lakin son nəticə etibarilə bu alış-verişlərin istər dövlətlər, istər hər birimiz üçün faydalı olduğu, hamılıqla qəbul edilir. Ticarət əlaqələrinin xalqlar arasında etimad körpüsü olması, onları yaxınlaşdırılması meyli, qədim Şərq müdriklərinin hikmətini təsdiqləyir: “Hakim siyasətsiz, elm mübahisəsiz, ölkə ticarətsiz yaşaya bilməz”. Belə bir faktı qeyd etmək zəruridir ki, XXI əsrin birinci onilliyində dünyada istehsal olunmuş məhsul-xidmətlərin 40%-ə qədəri dünya ölkələrinin müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün, beynəlxalq bazara (ixrac və idxal malları - xidmətləri şəklində) çıxarılaraq satılıb-alınmışdır.