Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadi fikir və biliklərin meydana çıxması



Yüklə 0,93 Mb.
səhifə22/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

İqtisadi fikir və biliklərin meydana çıxması


İctimai elmlərin tərkib hissəsi sayılan iqtisad elmi­nin tarixi minillikləri əhatə edərək, bəsit və ibtidai şəkildə olsa da, ilk ünsürləri qədim Babilistan, Misir, Çin, Hindis­tan, Yunanıstan kimi sivilizasiya ocaqlarında meydana çıx­mışdır.

Qədim Hind və Çin mənbələrində, Misirin papirus yazılarında, şumerlərin daş və kərpic üzərində həkk olun­muş kitabələrində, Babilistan hökmdarı Xammurapinin qanunlarında, Şərq və Qərb müəlliflərinin, xüsusilə də Yu­na­nıstan, Roma müdrik filosoflarının, tarixçilərinin əsərlə­rin­də, natiqlərinin çıxışlarında o dövrün təsərrüfat həyatı, əkinçilik, sənətkarlıq peşələri, gəmiçilik, sələmçilik, tica­rət əlaqələri haqqında bir sıra qiymətli məlumatlar öz ək­sini tapmışdır.

Elm tarixində iqtisadiyyat-oykonomiya anlayışı ilk dəfə qədim yunan filosofu Ksenofont (e.ə.450-355) tərə­findən onun “Ev təsərrüfatı”, yaxud “Ev iqtisadiyyatı” adlı kitabında işlədilmişdir. Sonralar yunan filosofu Aristotel (e.ə.384-322) bu sözü daha geniş mənada işlədərək, şərh etmişdir.

Oykonomiya” sözü 2 hissədən ibarət olub, “oykos” (ev təsərrüfatı) və “nomos” (qanun, qayda) söz birləş­mə­sin­dən əmələ gələrək, “ev təsərrüfatı qaydaları”, yaxud “ev təsərrüfatının idarə olunması qayda-qanunları” anla­mı­nı verir. Bu mənada qədim Yunanıstan iqtisadi bilik­lə­rin vətəni, qədim yunan müəllifləri isə onun yaradıcıları sayıla bilərlər.

IV-XVIII əsrləri əhatə etmiş orta əsrlərdə, qədim və antik dövrlərə nisbətən iqtisadi fikirlərin ardıcıllıqla inkişaf etməməsinin səbəbi, istər Şərq aləmində, istərsə də Qərb ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi olmuşdu. Doğrudur, buddizm-xristian-islam dininin mü­qəd­dəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı, xüsusi mülkiyyət, ədalətli bölgü, əmək haqqı, vergilər, qə­na­ət, sadə həyat tərzi, sələmçiliyin pislənməsi haqqında müəy­yən fikirlər irəli sürülmüşdür. Lakin bu dini təlim­lər­də zülmə qarşı səbirli olmaq, cəmiyyətdəki ictimai və iq­ti­sadi haqsızlıqlarla barışmaq cəhdləri, hər işi Tanrının hök­mü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir.

Orta əsrlərdə ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) dünya iqtisadi təlimlər tarixində xüsusilə seçil­miş­dir. O, bəşər cəmiyyətinin keçdiyi inkişaf yolunu köçə­ri­lik, otu­raq həyat və mədəniyyət mərhələləri kimi səciy­yə­­lən­­­dir­miş, eyni zamanda həmin dövrlərin tarixi ardı­cıl­lıq­la bir-­biri­ni əvəz etməsini əmək bölgüsü, habelə məh­sul­dar qüv­vələrin ümumi yüksəlişi ilə əlaqələndirmişdir. İnsan­la­rın tədricən cəmiyyət halında birləşməsinin zəru­ri­li­yini irə­li sürmüş müəllif göstərmişdir ki, bəşəriyyətin yaşaması və təhlükəsizliyi üçün təbiətin bəxş etdiyi müx­təlif təyi­nat­lı nemətlərdən səmərəli faydalanmaq tələb olu­nur. Onun sər­bəst bazar, əmtəə, dəyər, qiymət, rəqabət, tələb, təklif, ti­ca­rət, pul, sərvət, dövlət idarəçiliyi haq­qın­dakı elmi-­nəzəri baxışları mühüm əhəmiyyətə malikdir.

Qərbi Avropa ölkələrində və Rusiyada orta əsirlərin iqtisadi təlimləri müxtəlif mənbə, habelə müəlliflərin əsər­lə­rində bu ya digər formada əks olunsa da, lakin öz dolğun ifadəsini italiyalı din xadimi Foma Akvinskinin (1225-1274) ziddiyyətli iqtisadi görüşlərində tapmışdır. O, cə­miy­yətin iqtisadi problemlərini, insanların müxtəlif təbə­qə­lərə mən­sub olmasını ilahi qanunlarla bağlamış, mül­kiy­yə­ti insanın ilk günahının cəzası saymışdır. Tacirlərin müəy­yən gəlir əldə etməsilə razılaşan müəllif, ölkəyə onun ehtiyaclarını ödəmək üçün deyil, yalnız qazanc na­mi­nə mal gətirənləri “nifrətə layiq olan alçaq peşə” sa­hib­ləri adlandırmışdı. O, Aristotelin iqtisadi təliminə əsasla­na­­raq “ədalətli qiymət” prinsipini irəli sürmüş, mübadiləni ekvivalentlik hesab etmiş, öz növbəsində ekvivalentliyi isə əmək məsrəfləri (xərc­ləri) ilə əlaqələndirmiş, lakin qiy­mə­tin rəqabətdən ası­lı olmadığını göstərmişdir.

Feodalizm cəmiyyətinin son dövrləri iqtisadi təlimlər tarixində iki görkəmli şəxsiyyətin və utopik sosialistin – Tomos Mor (1478-1532) və Tommazo Kampanellanın adı ilə bağlıdır. Onların «Utopiya» və «Günəş şəhəri» adlı əsərlərində, yaşadıqları dövrün ictimai-siyasi, fəlsəfi-­əx­la­qi problemləri ilə yanaşı, eyni zamanda iqtisadi görüşləri də əks olunmuşdur. Bu mütəfəkkirlər mövcud cəmiyyətdə hökm sürən və getdikcə artan bərabərsizlik meyllərini, onun kəskinləşən ziddiyyətlərini dərk edərək, həmin icti­mai fəlakətlərin səbəbləri haqqında öz düşüncələrini, nə­zə­ri baxışlarını aydın bir formada şərh etmişlər. Onların fikrincə, bu ədalətsizlik və haqsızlıqları aradan qaldırmaq üçün hökmən cəmiyyətin ictimai qaydalarını daha mü­kəm­məl təsisatlarla əvəz etmək lazımdır.

T.Mor və T.Kampanellanın əsərlərində, onların bü­tün bəlaların başlıca səbəbi saydıqları xüsusi mülkiyyət, təsəvvür etdikləri yeni ictimai quruluşda aradan qaldırıl­ma­lı idi. T.Mor yaşadığı mühitin pula pərəstiş üzərində qu­rul­duğunu, ağıllı və zəhmətsevər insanların qul vəziy­yə­ti­nə salındığını qəzəblə tənqid edərək yazırdı ki, “öz əkin­çi­ləri, kömür mədənləri fəhlələri, sadə peşə adamlarına qay­ğı göstərməyən bir cəmiyyəti ədalətli, nəcib adlan­dır­maq olarmı?”.

T.Kampanellanın təsəvvür etdiyi utopik “günəş döv­­­lə­tinin” iqtisadi əsasını “ümumi əmlak və mülkiyyət” təşkil etməli idi. Həmin cəmiyyətdə bütün insanlar kənd təsərrüfa­tın­da çalışır, sənətkarlıqla məşğul olurlar. İnsan­lar hər gün 6, hətta 4 saat işləyərək, yalnız özlərinə lazım olan miqdarda məhsul istehsal edirlər. Bu məhsullar in­san­ların tələba­tı­na uyğun bölünür və orada uşaqların, yeni­yet­mələrin təlim-­tərbiyəsi ictimai nəzarət altında aparılır.



Utopik sosialistlərin ideyaları, şübhəsiz bütövlükdə bəşəriyyətin ictimai fikrinin inkişafında mühüm rol oy­na­mış­dır. Lakin bu işıqlı və mütərəqqi ideyaların müəllifləri öz düşüncələrini həyata keçirməyin konkret yollarını gös­tə­rə bilmədiklərindən, onların nəzəri fikirləri, araşdırıl­ma­ları utopik, yəni əlçatmaz bir arzu xarakteri daşımışdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin