Dördüncü prinsip, ondan ibarətdir ki, insanların gündəlik yaşayış tərzi və iqtisadi fəaliyyəti ilə bağlı müəyyən stimullar, həvəsləndirici amillər, bir sıra şərtlər dəyişdikdə onların davranışları, düşüncə tərzləri, yaranmış yeni vəziyyətlə bağlı qəbul etdikləri qərarlar da hökmən dəyişəcəkdir. Əlbəttə, bu hal təkcə iqtisadi tədbirlərdə deyil, eyni zamanda hakimiyyətin siyasi iradəsi ilə məcburi qaydalarda həyata keçirilən rəsmi tədbirlərdə də özünü göstərir. Məsələn, vergi dərəcələrinin dəyişdirilməsi və benzinin qiymətinin artırılması, avtomobil sürücülərinin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə olunması zəruriliyi, bazar qiymətlərinin vaxtaşırı enib-qalxması prosesi, bank faizlərinin əmlak və mülkiyyətin sığortalanmasındakı yeniliklər, nisyə (kreditə) mal satışında daha əlverişli şərtlərin tətbiqi, ilk vaxtlar əhalinin ayrı-ayrı təbəqələri tərəflərindən birmənalı qarşılanmayıb, müxtəlif rəylər doğursa da, lakin zaman keçdikcə insanlar həqiqətən onların mənafeyinə, maraqlarına uyğun saydıqları stimullara münasibətlərini yaxşılığa doğru dəyişirlər.