Zərflik, xüsusiyyətləri və ifadə vasitələri
İkinci dərəcəli üzv olan zərflik iş, hal və hərəkətin icra tərzini, yerini, zamanını, kəmiyyətini, səbəb və məqsədini, dərəcə və şərtini bildirir. Zərflik bəzən də əlamətin icra vəziyyətini, əlamətini izah edir. Proses və əlamətə aid olan zərflik, əsasən, feli xəbərə, həmçinin adlarla - isimlə, daha çox sifətlə, sayla, ismi və feli birləşmələrlə (feli sifət, məsdər) ifadə olunan xəbərlərə tabe olur, onları müxtəlif cəhətdən aydınlaşdırır. Bu müxtəlifliklərdən asılı olaraq, zərflik necə?, nə cür?, nə zaman?, haraya?, haradan?, niyə?, nə üçün?, nədən ötrü?, hansı şərtlə?, nə qədər?, nə vəziyyətdə? və s. suallardan birinə cavab verir. Zərflik ən çox zərflərlə ifadə olunduğundan məna növləri də zərfin məna növləri ilə adlandırılmışdı. Zərflik eyni zamanda isimlərlə, feli sifət, feli bağlama, məsdər tərkibləri, ismi birləşmələr, qoşmalı tərkiblərlə də ifadə olunur. Lakin zərfliyin ayrı –ayrı məna növləri saydığımız ifadə vasitələrinin hər birini eyni dərəcədə qəbul etmir. Məsələn: zaman zərfliyi, tərzi-hərəkət və səbəb zərflikləri feli bağlama və feli bağlama tərkibləri ilə ifadə olunduğu halda, yer, kəmiyyət, məqsəd zərflikləri feli bağlama və tərkibləri ilə ifadə olunmur. Ona görə də zərflikləri məna növünə görə izah etmək daha məqsədəuyğundur. Zərfliyin məna növləri: tərzi-hərəkət zərfliyi Zərfliyin aşağıdakı məna növləri var: 1) tərzi-hərəkət; 2) yer; 3) zaman; 4) kəmiyyət; 5) səbəb; 6) məqsəd; 7) dərəcə; 8) şərt; 9) qarşılıq- güzəşt.
Tərzi -hərəkət zərfliyi prosesin, iş, hal və hərəkətin nə tərzdə, hansı vəziyyətdə icra edildiyini müəyyənləşdirir, necə?, nə cür? suallarından birinə cavab verir. Əsasən, t / hərəkət zərfləri isim, feli bağlama və feli bağlama tərkibləri ilə, qoşmalı isimlər və s. ifadə olunur. Tərzi- hərəkət zərfliyi semantik cəhətdən çox rəngarəngdir. Tərzi – hərəkət zərfliyinin bir qismi hərəkətin necə, hansı keyfiyyətində icra olunduğunu bildirir və keyfiyyət zərfliyi adlanır. Məsələn, 1) Baxın, baxın,yaxşı baxın! Bu sizin tarix kitabina qanla yazılmış bir səhifədir (C.Məmmədquluzadə ). 2) O deyir astaca sevmirəm səni. 3) Əzəmətin üzü çox qorxunc görünürdü (Ş.Arif) Müqayisə zərfliyi. Bu zərflik həm feli, həm də ismi xəbərə aid olub necə?, nə cür? suallarına cavab verir, kimi, təki, tək, qədər qoşmalı sifət, feli sifət, isim və əvəzlik ilə ifadə olunur. Məsələn, 1) Günəş təki hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini şərdən (M.P.Vaqif). 2) Heykəl kimi dayandı lal (S.Vurğun ). 3) Üzünü döndərə bir sərxoş kimi Sığallana hərdən tərlan kimi (M.P.Vaqif). Hal-vəziyyət zərflikləri subyektin hal-vəziyyətini bildirir. Belə zərfliklər zərf, feli sifət, feli bağlama və tərkibləri, tərkibində tərz, şəkil, hal, vəziyyət və s. sözləri olan ismi birləşmələr, şiddətləndirmə dərəcəsində olan sifətlə ifadə olunur. Məsələn, 1) Ana ürəyi səksəkədə, Oğul gözləyirdi hər gündüz-gecə. 2) Səriyyə xala ömrünün son günlərini də əvvəlki həvəsdə yaşadı. 3) Qaraş heç kimin üzünə baxmadan arxa otağa keçdi, pallı-paltarlı Mayanın qoxusu gələn yatağa sərildi (M.İbrahimov). 4) Dişləri bir-birinə dəyə-dəyə Kürün qoynuna girdi, bir azdan qatı dumanda görünməz oldu. 5) Rüstəm kişi tutqun bir halda iclası aparan sədrə etiraz etdi. 6) S.Vurğun tribunada şerlərini böyük bir ehtirasla, ürəkdən söylədi. 3. Zaman və yer zərfliyi Yer zərflikləri xəbərdə ifadə edilən fikri məkanca tamamlayır, iş, hal və hərəkətin icra olunduğu yeri, xəbərdə ifadə edilən hökmün mövcud olduğu məkanı, işin, prosesin istiqamətləndiyi hədəfi, yaxud çıxış nöqtəsini, hərəkətin keçdiyi yolu aydınlaşdırır. Əsasən yönluk, yerlik, çıxışlıq hallarında olan isim, ismi birləşmələr, zərflər, məsafə, istiqamət bildirən qoşmalı birləşmələr və s. ifadə olunur, haraya?, harada?, haradan?, haraya qədər?, (dək,can,cən,) suallarından birinə cavab verir. Məsələn, 1) Onlar əllərində şam tutaraq lap aşağıya endilər. 2) Meşənin içərisində tonqal qalanmış, ətrafında da 3-4 nəfər əsgər oturmuşdu. 3) Sənin burnunun uçunda belə həngamələr baş verir, ancaq sən hamıdan gec xəbər verirsən. 4) Yeraltı yol sarayın içərisinə kimi uzanırdı. 5) Bakıdan Qazaxa 480 km. məsafə var. 6) Karvan sıldırımlıdağ yolu ilə cox çətinliklər irəliləyirdi. 7) Özünü Əbülhəsən bəy adlandıran gənclə Nina və İrina Təbrizə kimi birlikdə getdilər.
Dostları ilə paylaş: |