4. Sıra təyinləri. Bu təyinlər təyin olunanın sırasını müəyyənləşdirir, hansı? və necənci? Suallarından birinə cavab verir. Məsələn, 1) Məlik Cümşüd ürəyi əsə-əsə qırxıncı otağın açarını götürdü. 2) S. M. Xiyabaninin məsləkdaşları birinci üsyanın məğlubiyyətinin səbəblərini yaxşı xatırlayırdılar. 5. Maddilik təyinləri. Bu təyinlər təyin olunanın maddi əsasını, nədən hazırlandığını bildirir, isimlərlə ifadə olunur, necə?, nə cur?, hansı? suallarından birinə cavab verir. Məsələn, 1) Brilyant üzük onun pambıq kimi ağ və zərif barmaqlarına xüsusi gözəllik verirdi. 2) Şahın kəsilmiş başından düşən qızıl tac daş pilləkənlərə düşdü. 6. İşarə təyinləri. Eynicinsli əşyaları, təyin olunanı digərindən fərqləndirmək, seçmək vəzifəsi daşıyır və işarə əvəzlikləri ilə ifadə olunur (o, bu, elə, belə, həmin). Məsələn, 1) Abdullayam, baş açmadım bu sirdən (Padarlı Abdulla) 2) O gözəlin həsrətini çəkməkdən Ömür getdi, günlər keçdi, ağlaram (A.Mehdi). 3) O ədalət, o insaf hanı? Verə öz oğluna belə cəzanı? (N.Gəncəvi).
7. Zaman təyinləri. Təyin olunanın zamanını müəyyənləşdirir. Belə təyinlər, əsasən, zaman zərflərindən -ki4 şəkilçisinin köməyi ilə yaranan sifətlər və birləşmələrlə ifadə olunur. Məsələn, 1) Dünənki mehribanlıqdan, mərhəmət və nəvaziş yağan gözlərdən əsər-əlamət qalmamışdı.
8. Məkan təyinləri. Belə təyinlər yer zərflərinə, məkan mənalı isimlərə və ismi birləşmələrə -dakı4 şəkilçisi artırmaqla düzələn ismi sifətlərlə ifadə olunur və müəyyənlik bildirərək haradakı? və ya hansı? sualına cavab verir. Məsələn, 1) Meşədəki qorxunc uğultu atı hürküdür, atın yalından bərk- bərk yapışan Gülnazı vahiməyə salırdı. 2) M. P. Vaqif saraydakı çəkişmələrdən, ədalətsizliklərdən cana doymuşdu.
9. Hərəkət təyinləri. Feli sifət və feli sifət tərkibləri ilə ifadə olunaraq təyin olunanı izah edir, hərəkət cəhətdən onu aydınlaşdırır. Məsələn, 1) Ah! Mən gündən- günə gözəlləşən Bu işıqlı dünyadan necə əl çəkim?! Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? 2) Hanı mən gördüyüm qurğu, büsatlar Dərdməndlər görsə, tez bağrı çatlar (A. Ələsgər). Təyinlər quruluşca sadə və mürəkkəb olmaqla 2 yerə bölünür. Nitq hissələri ilə (leksik vahidlərlə) ifadə olunan təyinlər sadə, sintaktik vahidlərlə ifadə olunan təyinlər isə mürəkkəb adlanır.
Dostları ilə paylaş: |