Bütöv cümlə. Bütöv cümlə fikrin ifadəsi ucun lazım olan cümlə uzvlərinin iştirak etdiyi cümlələrdir. Yəni sadə cümlənin indiyə qədər izah etməyə çalısdığımız struktur-semantik tipləri – təktərkibli, cuttərkibli cümlələr bütöv cümlələrdir.
Hər bir cümlə nitqin vəziyyəti və şəraiti ilə bağlı olaraq formalaşır. Cümlə müəyyən bir mətndə işlənir. Ünsiyyətə, fikir mübadiləsinə xidmət edən cümlə bitmiş fikir ifadə etsə də, bu fikir bitkinliyi nisbi xarakter daşıyır. Cümlə onu əhatə edən cümlələr birliyində, mətn mühitində struktur-semantik xüsusiyyətlərini tam şəkildə üzə çıxara bilir. Mətn cümlədə ifadə olunan fikrin bitkinliyini, məzmununu tamamlayır və izah edir. Bu baxımdan cümlənin məzmunu yalnız öz tərkibindəki sözlərin leksik-qrammatik vasitələri ilə deyil, mətnlə də bağlı olur. Bu cəhətdən dilimizdə geniş istifadə olunan təktərkibli cümlələr (mübtədanın, ya da xəbərin buraxılması) heç də fikrin yarımçıq olmasına dəlalət etmir, yəni fikir yarımçıqlığı yaranmır. Mətn həmin yarımçıqlığı asanlıqla doldurur. Odur ki, yarımçıq cümlələrdəki üzvlərə təcrid olunmuş şəkildə baxmaq olmaz. Onu işləndiyi, yaxud başqa cümlələrdəki üzvlərlə əlaqəli şəkildə götürmək lazımdır. Yarımçıq cümlə nitqə yüngüllük, yığcamlıq vermək, lüzumsuz təkrarın qarşısını almaq, məntiqi cəhətdən mühüm olan üzvü nəzərə çarpdırmaq üçün işlədilir. Belə cümlələrdə ya əvvəl adı çəkilmiş, ya da şəraitdən, mətndən, situasiyadan məlum olan üzvlər təkrar edilmir, bunun da nəticəsində nitq daha yığcam, aydın və konkret olur. Yarımçıq cümlələr ünsiyyətə lazımi şəkildə xidmət edir, çünki buraxılmış üzvün mənası mətnin şəraiti, situasiya və mövcud üzvlərin vasitəsilə asanlıqla dərk edilir. Əgər bunlar olmasa, mətndən kənar olsa, şərait nəzərə alınmasa, yarımçıq cümlələr bitmiş fikir ifadə edə bilməz. Yarımçıq cümlələr daha çox canlı danışıq dilində aktualdır.
Yarımçıq cümlələrdə isə cümlə üzvlərindən biri, bəzən isə bir neçəsi buraxıla bilər. Cümlə üzvlərinin buraxılması ancaq dialoqda, replikalar zəncirində mövcud ola bilər. Replikalar isə dialoqun tərkib hissələridir. Deməli, yarımçıq cümlə qarşılıqlı replikalarda cavab cümləsi kimi işlənir. Və yarımçıq cümlələrin dilimizdə ən geniş yayılmış növü qarşılıqlı replikalardan qurulmuş cümlələrdir. Yarımçıqlıq anlayışı – bu və ya digər üzvün buraxılması sadə və mürəkkəb, cüttərkibli, müxtəsər və geniş olmaqla hər bir cümlə tipinə aiddir. Məsələn,
– Haradansan, cavan?
– Dost diyarından.
– O diyarda hansı sənət var?
– Qəmi alıb canı satarlar (N.Gəncəvi).
– A kişi, kimi istəyirsən?
– Oğlumu.
Dialoqda işlənən yarımçıq cümlələrdə yarımçıqlıq bu cür yaranır: yarımçıq cümlələrdə təkrar olunmayan üzvlər dialoqun əvvəlki cümləsində (replikasında) mövcuddur və yenidən işlənməsinə ehtiyac yoxdur. Replikalar zəncirində olan belə cümlələr iki formada düzülür: 1) replikanın hissəsini (əvvəlki) təşkil edən cümlələr; 2) cavab cümlələr.
Replikanın hissələri olan cümlələrin tərkibi əvvəlki cümlədə söylənilən fikrin inkişafı üçün hansı sözün işlənməsinin vacib olması ilə müəyyənləşir, yəni hansı söz fikrin ifadəsi və inkişafı üçün lazımlıdır, hansını buraxmaq mümkündür, fikrin inkişaf etdirilməsinə maneə yaratmır:
Uşağın yanında atası haqqında sərt sözlər, ağır ittihamlar söyləmə, uşaqdır, qəlbi qırılar. Qırılmaz(İ.Ə.) Sizə görə onları aparmayacaqdım. Nə Əlini, nə də Gülarəni (“Kirpi”). Yarımçıq cümlələrin bir növü də təkrar-sual cümlələrdir. Yüksək emosionallıqla ifadə edilən və sual intonasiyası ilə müşayiət olunan bu cür yarımçıq cülmlələrdə müxtəlif üzvlər dinləyən tərəfindən təkrar edilir. Məsələn,
– Bilirsən, neyləyir Məhəmməd Qacar?
– Neyləyir? (S.V.)
– Gedək, səni lap göydə götürərlər, boyun ucadır. – Göydə götürərlər? Boyum ucadır? (F.Xoşginabi). –Sizin kənddə Hizbi-Tudə təşkilatı var? – Hizbi-Tudə? Hizbi-Tudə nə deyir axı? (F.X.). Yazıq Rəhmətullanı bərk yaralayıblar. –Rəhmətullanı? Yaralayıblar? (F.X.).