Cavab-yarımçıq cümlələr isə sualların məzmunundan və xarakterindən asılı olur. Bu cür yarımçıq cümlələr ya sual əvəzliyi ilə nəzərə çarpdırılan hər hansı bir cümlə üzvünün cavabı kimi, ya sual intonasiyası, eləcə də sual ədatı ilə təsdiq və ya inkar məzmunu tələb edən cavab kimi, ya da dinləyənin öhdəsinə buraxılan seçilmiş cavab kimi formalaşır.
Sual-yarıçmıq cümlələrinin böyük əksəriyyəti kim, nə , hansı, nə cür, nə vaxt, nə qədər, harada, haraya, niyə, nə üçün, nə məqsədlə, neçə və s. sual əvəzliklərinin köməyi ilə formalaşır. Həmin sual əvəzliklərinə cavab olaraq dialoqda inkişaf etdirilən mövzuya daha çox yeni bir şey əlavə edən cümlə üzvü işlənir. Bu cümlə üzləri mübtəda da ola bilər, xəbər, də, tamamlıq da, təyin də, zərfliyin bütün növləri də. Nümunələrə nəzər salaq:
– Kim burada işləyir?
– Oğlum. (Mübtədan ibarət olan yarımçıq cümlə).
– Oğlun kimdir?
– Həmid (xəbərdən ibarət olan yarımçıq cümlə) (F.X.)
– Bəs nə vaxt gələcək?
–Yəqin ki, on gündən sonra (zaman zərfliyi ilə formalaşan yarımçıq cümlə).
–Ancaq biz buradan haraya gedəcəyik?
–Təbrizə, ya da kəndə (yer zərfliyindən ibarət olan yarımçıq cümlə) və s.
Göründüyü kimi, hər bir replika bir-biri ilə məna və forma cəhətdən bağlanır. Çünki yarımçıq cümlə öz məzmun və quruluşunu ancaq mətn daxilində əks etdirə bilər. Mətndən kənarda o, cümlə sayılmır.
Dialoqlarda verilmiş sual cümlələrinə cavab cümlələr kontekstual cümlələrdir və hər bir buraxılmış üzvü əvvəlkilərlə asanlıqla bərpa etmək mümkündür.
Əvvəlki sətirlərdə qeyd etdik ki, cavab-cümlələrin bir qismi sual intonasiyası və sual ədatları (-mı, -mi, -mu, -mü) ilə düzəlir. Bu cür cümlələrin cavabı söz-cümlə tipində də ola bilir. Söz-cümlələr də cavab məqsədi ilə işlədilir, əvvəlki sual cümləsində ifadə olunan fikrin təsdiq və inkarına xidmət edərək bütün cümləni əvəz edir.
Yarıçmçıq cavab-cümlələrdə də sual cümlələrində haqqında soruşulanın təsdiqi, yaxud inkarı bildirilir. Təsdiq və inkar bildirən sözlər bütün cümləni yox, onun müəyyən bir üzvünü ifadə edir. Məsələn, – Yeni şeirdimi? – Bəli, keçən gecə yazmışam. (F.X.)
–Məstan, bəs Nahiddən məktub almayıbsan? – Bəli, almışam, ana (F.Xoşginabi). –Siz yalnız iki nəfər gəlmisiz? –İki nəfər.
Yarımçıq cümlələrin bir qrupu da xəbərsiz yarımçıq cümlələrdir.
Xəbərsiz yarımçıq cümlələr, əsasən, elliptik cümlələr şəklində qurulur. Elliptik yarımçıq cümlələr daha çox obrazlı nitqdə mövcud olur, bərpaya ehtiyac duyulmur. Çox vaxt müstəqil işlənən xəbərsiz yarımçıq cümlələrdə, istər danışıqda, istərsə də həyəcanlı nitqdə və bədii təsvir dilində işlənir. Məsələn, 1. Ana, telefona! (çağırırlar) 2. Haydı, irəli! (gedin) 3) Yoldaş hakim, mənə özümü ifadə etmək üçün son bir fürsət! (verin) 4. Dəlidən doğru xəbər! (eşit). 5.Tıq-tıq xanım, hara belə? (gedirsən?) və s.
Xəbərsiz yarımçıq cümlələrin bir qismi vasitəsiz nitqdə xəbərin işlənməməsinə görə əmələ gəlir. Məsələn,
Vaqif oğlunu bağrına basaraq cəllada tərəf: –Nə qədər olsa
da, qanın var, cəllad! Insana canından şirindir övlad!