Qeyd: Qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər -lar(-lər) şəkilçisini qəbul edə bilir (yüzlərlə tələbələr, xeyli adamlar, çoxlu kitablar və s.).
2) Eyni isim təkrar olunaraq başqa bir ismin əvvəlində gəlir və kəmiyyətcə çoxluq məzmunu yaradır. Həm də onlardan sonra gələn isimlər kəmiyyət kateqoriyasının morfoloji əlamətini də qəbul edə bilir. Məs.: qatar-qatar (dəvələr), tövlə-tövlə (atlar), ətək-ətək (pambıq), vaqon-vaqon (taxta), qucaq-qucaq (güllər), maşın-maşın (cehiz). Tovla-tovla şahbaz atların kafir minmiş. ...Qatar-qatar dəvələrini sorar olsam, yüklət kimin?” (KDQ) Maşın-maşıncehizi var gəlinimin, ay gəlinimin. (“Qayınana”)
İsimlərin bir qismi yuxarıda qeyd etdiyimiz şəkilçiləri qəbul etmədən də çoxluq bildirir. Belə isimlərə toplu isimlər deyilir. Bu haqda əvvəlki mövzuda məlumat verilib. Belə tipli isimlər qrammatik cəhətdən tək isim hesab olunur.
Dilimizdəki isimlərin müəyyən bir qrupu məzmunca həm tək, həm də cəm kimi başa düşülür. Onları ancaq mətn, cümlə içərisində ayırmaq mümkün olur. Alma, gül, daş, un, su, balıq, üzüm, çiçək və s. kimi sözlər bu qəbildəndir.
Dəftərim evdə qalıb – Mən dəftər aldım.
Çiçək çox gözəl idi – Mən çiçək yığdım.
Odun çox ağır idi – Meşədən odun topladıq.
Tələbə gəldi – Universitet tələbə qəbul edir.
Sözlərin kəmiyyət etibarilə cəmlik bildirməsində II tərəfdə olan cümlələrin xəbərlərinin (aldım, yığdım, topladım, qəbul edir) semantik tutumunun da rolu vardır.
Xəbərlik kateqoriyası və morfoloji əlamətləri Xəbərlik kateqoriyası sözlər arasında əlaqə yaratmaqda çox mühüm rol oynayır. Bu kateqoriyanın mühüm bir cəhəti ondan ibarətdir ki, əksər nitq hissələrini əhatə edir. Ancaq həmin nitq hissələrinin xəbər olması üçün müəyyən morfoloji əlamət lazımdır. Nitq hissələrinin sonuna artırılan xəbərlik şəkilçiləri hər hansı bir hökmü təsdiq və inkar edir. Beləliklə, xəbərlik şəkilçisinə belə bir tərif vermək mümkündür: Cümlədə hər hansı bir hökmü təsdiq və inkar etmək məqsədi ilə sözlərin sonuna artırılan şəkilçilərə xəbərlik şəkilçiləri deyilir.
Xəbərlik şəkilçiləri xəbərin hansı şəxslə ifadə olunduğunu müəyyənləşdirir, mübtədaya aid olan hadisə, hökm, hal-vəziyyəti meydana çıxarır. Yəni mübtəda ilə xəbər arasındakı uzlaşma əlaqəsi məhz xəbərlik şəkilçisi vasitəsilə reallaşır. Cümlədə haqqında danışılan neçənci şəxsdirsə, xəbər də həmin şəxsin əlaməti ilə bitməlidir. Deməli, cümlədə hökmün ifadəsi xəbərlik şəkilçisi olmasa, mümkün deyil. Mən insanam cümləsində -am şəkilçisi olmasa, mən insansözləri nə cümlə yaradar, nə də mənalı bir hökm ifadə edər. Bu da onu deməyə əsas verir ki, xəbərlik kateqoriyası şəkilçiləri də şəxslərə görə bölünür və hər hansı bir hökmün şəxsə münasibətini bildirir.
Mənsubiyyət kateqoriyasında olduğu kimi, xəbərlik kateqoriyasında da iki tərəf vardır: subyekt və ona aid olan predikat: Biz insanıq, Siz insansınız və s.
Mənsubiyyətdə olduğu kimi, I və II şəxslərdə subyekt yalnız əvəzliklərlə, III şəxsdə həm əvəzlik, həm də isimlərlə ifadə olunur.
Bəzi məqamlarda subyektin ayrıca sözlə ifadəsi olmaya da bilər. Şəxs sonluğu ilə onu asanlıqla müəyyənləşdirmək mümkündür. Məsələn: Mən insanam – insanam.
Adlara əlavə edilən xəbərlik şəkilçiləri bunlardır: