2. Məkan, ölçü və həcm əlamətləri bildirən sifətlər: uzaq, yaxın, böyük, qısa, girdə, xırda, alçaq və s. Yağ, ey yağış, fikrim kimi, hissim kimi, Yaxın, uzaq ellərə yağ. (M.M.) Alçaq dağdan qar yağar. (Tapmaca). Böyük dağın dumanı da böyük olar. (A.sözü)
3. Dad və lamisə üzvlərinin vasitəsilə hiss edilən əlaməti və keyfiyyəti bildirən sifətlər: şirin, acı, turş, bərk, yumşaq, sərin, isti, ilıq, soyuq və s. Məsələn: Adam içməz acı sular sızınca, sızmasa yey! (KDQ) Dedim, məsləhət ver bizə, ey ürək, Şirin meydən içək, acıdan içək. Dedi: acıdan iç, yoxsa Şirinə, Vurğun deyilsən ki, sən də Fərhad tək. ( M.Gəncəvi)
4. Zahiri əlamət bildirən sifətlər: qoca, kor, şil, kar, çəp, topal, gözəl, çirkin və s. Məsələn: Getdim, gördüm, bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. (Yanıltmac) Çirkin yarın olsun, çirkin arın olmasın (A. sözü). Gözəl görünər, çirkin bürünər. (A.sözü) Çəp keçi çəp keçidir, çəpəki keçib gedər, çəp keçi çəp keçidi çəpəki keçib çəpəri keçər. (Yanıltmac)
5. Daxili keyfiyyət bildirən sifətlər: dəli, axmaq, sadə, təvazökar, mülayim, gic, tənbəl, kobud, lovğa, şöhrətpərəst, zülmkar və s. Məsələn: Dəli dəliyə qoşulsa, göydən dəyənək yağar. (A.sözü) Tənbəl arvadın azarı da çox olar, bezarı da. (A.sözü) Şəhvətpərəst qoca, zülmkar varlı, təkəbbürlü kasıb Allahın düşmənləridir. (M.Peyğəmbər (s.ə.)
6. Çəki əlaməti bildirən sifətlər: ağır, yüngül və s. Ağır söz dedim, qəlbini qırdım. (danışıqdan)
7. Ümumi əlamət və keyfiyyət bildirən sifətlər: pis, yaxşı, yaman, düz, əyri, mərd, namərd və s. Məsələn:
Bu dünyada üç şey başa bəladır,
Yaman oğul, yaman övlad, yaman at.
İstəyirsən, qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.
(A. Ələsgər)
Bir qrup sifətlər əlamət və keyfiyyətin daimi daşıyıcılarıdır. Bunlar əsli sifətlərdir. Digər bir qrupu isə əlamət və keyfiyyət bildirmə xüsusiyyətini sonradan morfoloji yolla əldə edir, belə sifətlər törəmə adlanır. Əsli sifətlər quruluşca sadə olur, sifətin lüğəvi məna qruplarının birbaşa daşıyıcılarıdır, dərəcələr üzrə asanlıqla dəyişir, substantivləşməyə daha çox meyllidir və nəhayət, -lıq4 şəkilçisi vasitəsilə isim düzəldə bilir: yaxşılıq, gözəllik, pislik, yaşıllıq və s.
Nisbi sifətlərin kökü isə əlamət və keyfiyyət bildirmir, başqa nitq hissələrindən yaranır, əmələ gəldiyi nitq hissəsinin məzmununu qoruyub-saxlayır: qorxunc, yağlı, maraqsız, dünənki, qısqanc və s. Sifətlər quruluşca üç yerə bölünür: sadə, düzəltmə və mürəkkəb. Düzəltmə sifətlər həm adlardan, həm də feillərdən düzəlir. Adlardan düzələnlər də üç qrupa bölünür.
Dostları ilə paylaş: |