4) Azərbaycan e.ə. VII-IV əsrlər Midiya və Əhəməni imperiyalarının tərkibində: Midiya tayfaları Mannadan cənub-şərqdə, İran yaylasının mərkəzində yaşayırdı. Midiyalılar haqqında ilk məlumatlar e.ə. IX əsrdəAssuriya mənbələrində Matay, Maday, Amaday şəklində xatırlanır. E.ə. IX-VIII əsrlərdə Midiya ərazisində yaranan kiçik siyasi birləşmələr - vilayət hakimləri tezliklə Assuriyadan asılılığa düşdü. E.ə. 673-cü ildə müstəqillik uğrunda başlanan xalq hərəkatına Kaştariti rəhbərlik edirdi. Kaştaritinin İskit (işquz) şahlığı və Manna ilə ittifaq yaratması üsyançılara bir neçə cəbhədə fəaliyyət göstərmək imkanı verirdi. E.ə. 672-ci ildə Kaştaritinin parlaq qələbəsi Midiyanın Assuriya əsarətindən həmişəlik azad olması, müstəqil dövlətin yaranması ilə nəticələndi. E.ə. 653-cü ildə Kaştariti iskit ordusu ilə döyüşdə həlak oldu. Bu qələbə İskit dövlətinin zirvəsi oldu. 28 illik iskit ağalığı başladı. İskitlər Midiyanın dövlətçiliyini tamamilə məhv etmədilər. Kaştaritidən sonra hakimiyyətə gəlmiş Kiaksar (e.ə. 625-585) Midiyada İskitlərin ağalığına son qoydu. O, dövləti gücləndirmək üçün islahatlar apardı, kiçik vilayət hakimliklərini tamamilə ləğv etdi. Kiaksar daimi nizami ordu və iskitlərin döyüş taktikasına əsaslanan süvari-atıcı hissələri yaratdı. Bu tədbirlərdən sonra Kiaksar Babil dövləti ilə ittifaq yaradıb Assuriyaya qarşı mübarizəyə başladı. Müttəfiqlər iki istiqamətdən Assuriya üzərinə hücuma keçdilər. E.ə. 612-ci ildə Midiya və Babil orduları Assuriya ordusunu məğlub etdi, onun əsas paytaxtını - Nineviyanı tutaraq dağıdıb yandırdılar. Assuriya bir dövlət kimi e.ə. 605-ci ildə süqut etdi. Assuriyanın ərazisi qaliblər arasında bölüşdürüldü. Bundan sonra Kiaksar e.ə. 590-cı ildə Manna, Urartu və İskit-İşquz dövlətlərini tamamilə ləğv edib ərazilərini Midiyaya birləşdirdi. Midiya imperiyaya çevrildi. Astiaqın (e.ə. 585-550) hakimiyyəti dövründə işğallar dayandı. Hərbi qənimətlər hesabına yaşayan hərbi əyanlar və peşəkar döyüşçülər bu vəziyyətdən narazı idilər. Digər tərəfdən, Astiaq yeni yaranan zərdüştilik dininin kahinləri sayılan maqlarla yaxınlaşırdı. Onun sarayında yer almış yeni dinin təbliğatçıları köhnə dinlərə və tanrılara qarşı mübarizə aparmaqla yanaşı, cəmiyyətin inkişafı üçün ümumi bərabərlik yaradılması fikrini də önə çəkirdilər. Qədim yunan tarixçisi Herodot yazırdı ki, Astiaq hakimiyyətini itirməkdən çox qorxurdu. O, bir yuxu görmüşdü. Yuxuyozanlar demişdilər ki, gələcəkdə qızından doğulacaq nəvəsi böyüyüb onu taxtdan salacaqdır. Qaydaya görə fars mənşəli şahzadə Midiya taxtına sahib ola bilməzdi. Ona görə də Astiaq qızı Mandananı fars vilayətinin hakimi Əhəmənilər nəslindən olan I Kambizə ərə verdi. Rəvayətə görə, o, hətta nəvəsi II Kirin öldürülməsi haqqında gizli göstəriş də vermişdi. Güvəndiyi adamlar onun tapşırığını yerinə yetirmədilər, uşaq sağ qaldı və böyüyüb babasına qarşı çıxdı. Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Yeni dini təlim aşağı təbəqələrin mənafeyinə uyğun gəldiyindən əhali arasında sürətlə yayılırdı. Midiya əyanları isə yeni dini özləri üçün təhlükə sayırdılar. Hakimiyyət dövrü uzandıqca Astiaqla əyanlar arasında ziddiyyətlər də artırdı. Astiaqa qarşı açıq çıxış etməyə cürəti çatmayan Midiya əyanları onu nəvəsi II Kirin əli ilə hakimiyyətdən devirməyi qərara aldılar. E.ə. 553-cü ildə II Kirin başçılığı altında üsyan başladı. Həlledici anda Midiya əyanlarının xəyanəti özünü göstərdi. E.ə. 550-ci ildə II Kir (e.ə. 550-530) Pasarqad döyüşündə Astiaqı taxtdan salıb hakimiyyəti ələ keçirdi. Beləliklə, Əhəmənilər dövləti (e.ə. 550-330) yarandı. E.ə. 331-ci ildə Əhəməni dövlətinin taleyini həll edən Qavqamela döyüşündə İran ordusunun sağ cinahına Midiya satrapı Atropat başçılıq edirdi. Döyüşün əvvəlində Atropatın başçılıq etdiyi sağ cinah makedoniyalıları sıxışdırmağa nail oldu. Lakin döyüşün qızğın vaxtında Makedoniya hökmdarı İsgəndər manevr edərək özünün süvari dəstəsi ilə İran ordusu mərkəzinə həmlə etdi. Əhəməni hökmdarı III Daranın bu gözlənilməz hücumdan qorxaraq qaçması döyüşün və İran imperiyasının taleyini həll etdi. Bu döyüşdən sonra İsgəndər Əhəməni imperiyasının əsas şəhərlərini və paytaxt Persopolu müqavimətsiz ələ keçirdi. Qavqamela döyüşündən sonra Atropatöz hərbi dəstələri ilə Midiya satraplığının mərkəzi Ekbatana qayıtmayıb, zərdüştilik dininin əsas mərkəzi sayılan Qazaka şəhərinə getmişdi. Az sonra Ekbatana qaçıb gələn III Dara burada yenidən qoşun toplamağa cəhd etdi. O, Atropatı da öz qoşunu ilə ona qoşulmağa çağırsa da, Midiya satrapı bu çağırışa cavab vermədi. Belə olduqda III Dara ölkənin şərqinə hərəkət etdi. Lakin yolda öz adamları tərəfindən öldürüldü. Beləliklə, Əhəməni imperiyası tamamilə dağıldı. İsgəndər e.ə. 330-cu ildə fərman verib ölkəni idarə edən bütün canişinləri (satrap) vəzifəsindən azad etdi.