3) İlk Azərbaycan dövləti – Manna: E.ə. XI-IX əsrlərin I yarısında Urmiya gölü ətrafında bir sıra vilayətlər mövcud idi. Onlar ərazi bölgüsünə əsaslanan siyasi qurumlar idi. Hər vilayətin öz başçısı, mərkəzi - şəhər-qalası var idi. Bunlar Andia, Alateye, Zamua, Mazamua, Gilzan, Gizilbunda, Surikaş, Subi, Uişdiş, Zikirtu və s. vilayətlər idi. Mannanın əsas hissəsini təşkil edən Zamua vilayəti lullubilərin vətəni idi. Assuriyalılar bu vilayət hakimlərini tayfa başçılarından fərqləndirərək onları Şarrani, yəni hökmdar adlandırırdılar. E.ə. I minilliyin əvvəllərindən Assuriyanın Urmiya bölgəsinə hücumları artmışdı. Müstəqil fəaliyyət göstərən vilayətlər ildən-ilə güclənən bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. Bəzi vilayət hakimləri assuriya ilə müqavilə bağlayıb xərac ödəməyə məcbur olur, digərləri müqavimət göstərsələr də, məğlub edilirdilər. Vəziyyətin ağırlığı vilayətlərə bir dövlət halında birləşməyin vacib olduğunu göstərirdi. Uzun sürən daxili mübarizədən sonra Zamua hakimlərininsəyi nəticəsində vilayətlər birləşdirilmiş və nəticədə Manna dövləti yaranmışdı. Manna mənşəcə yerli ad idi. Bu ad əvvəllər Urmiya ətrafı tayfalarından birinə məxsus olmuş, sonralar isə mannalıların yaşadığı ərazilərin hamısına şamil edilmişdir. Manna adına ilk dəfə e.ə. 843-cü ildə Urmiya bölgəsinə hücum etmiş Assuriya hökmdarı III Salmanasarın kitabəsində rast gəlinir. Adətən, Assur hökmdarları hücum etdikləri ölkələrdən qarət etdiklərini bir-bir sadalayırdılar. Amma bu kitabədə qarət-talan haqqında heç bir məlumata rast gəlinmir. Görünür, mannalılar yaxşı müdafiə olunmuş, düşmən ordularını ölkəyə buraxmamışdılar. E.ə. 829-cuildə III Salmanasarın sərkərdəsinin hücumu zamanı ilk dəfə Manna hökmdarının adı çəkilmişdir: “Mən Mannalı Udakinin məskənlərinə yaxınlaşdım...” Həmin kitabədə hökmdar şəhəri adlandırılmış İzirtunun - Mannanın paytaxtının da adı çəkilir. Manna dövləti Urmiya gölü hövzəsində, Araz çayından cənubdakı Azərbaycan torpaqlarında mövcud olmuşdur. E.ə. yaranmış bütün dövlətlər kimi, Manna da ictimai quruluşuna görə quldar, siyasi quruluşuna görə isə monarxiya dövləti olmuşdur. Mannada hökmdar hakimiyyəti qəbilə-tayfa başçılığından yaransa da, e.ə. VIII əsrdən irsi keçməyə başlamışdır. Ağsaqqallar Şurasının yalnız hökmdar yanında məsləhətçi orqan kimi fəaliyyət göstərirdi. Son qərarı və qanunları hökmdar verirdi. Əhalinin əsas dili qədim türk dili olmuşdur. Hökmdar İranzu (e.ə.740-719) Manna vilayətlərini tabe etdi. Vilayətə canişinlər təyin edildi. İranzunun hakimiyyəti dövründə Manna qüdrətli mərkəzləşmiş dövlətə çevrildi. Bu dövrdə Mannanın ərazisi şimalda Araz çayına çatırdı. İranzu Assur dövlətinin Urartuya qarşı uğurlu müharibələrindən bacarıqla istifadə edərək Urartunun işğal etdiyi Manna torpaqlarını geri aldı. Uzun sürən inadlı mübarizə e.ə.735-ci ildə Assuriyanın qələbəsi ilə başa çatdı. Assuriyanın qələbəsində Mannanın da həlledici rolu olmuşdur. O Urartu təcavüzündən qurtulmaq üçün Assura illik xərac ödəməyi öz öhdəsinə götürdü. Urartu hökmdarı I Rusa Mannanı daxilən zəiflətmək üçün Zikertu, ardınca daha bir neçə vilayət üsyana qaldırdı. E.ə.719-cu ildə isə Şuandahul və Durdukka şəhərləri üsyana başladı. Vəziyyətin ağırlığı İranzu Assuriya hökmdarı II Sarqon köməyi ilə üsyanları yatırdı. İranzudan sonra taxta çıxan oğlu Azanın (e.ə.718-716)dövründə I Rusanın fitnəsinə uyan və ondan kömək alan bəzi vilayət hakimləri üsyan qaldırıb, Uauş (indiki Səhənd) dağında döyüşdə Azanı öldürdülər və qardaşı Ullusununu (e.ə. 716-680) hakimiyyətə gətirdilər. Ullusunu Urartu ilə ittifaqa girdi və 22 qalanı ona bağışladı. Manna kimi müttəfiqin və Urartuya qarşı mühüm strateji əhəmiyyətli qalalann və ərazinin itirilməsi ilə barışmayan II Sarqon e.ə. 716-715-ci və e. ə. 714-cü ildə Mannaya yürüşlər edib orada Assuriyanın siyasi üstünlüyü təmin edildi, 22 qala geri qaytarıldı, urartupərəst qüvvələr sıradan çıxarıldı. II Sarqonun ən uğurlu yürüşü e.ə. 714-cü ildə baş vermişdir. Bu yürüş vaxtı Mannanın Sirdakka şəhərində iki dövlət arasında müqavilə bağlanır. Müqaviləyə görə, Manna xərac ödəməli, əvəzində Assuriya işğal olunmuş Manna ərazilərini azad etməli idi. II Sarqon verdiyi vədi həyata keçirdi. Bu yürüş nəticəsində Mannanın Urartu tərəfindən tutulmuş bütün vilayətləri azad edildi. Bu yürüş nəticəsində məğlub olan I Rusa özünü öldürdü. Qüdrəti sarsılmış Urartu bir daha özünə gələ bilməyib süqutuna qədər (e.ə. 590-cı il) öz ərazisindən kənara çıxmadı. Manna e.ə. 714-cü ildə Urartuya qarşı aparılan müharibə ilə əlaqədar Assuriyaya bac versə də, sonrakı dövrlərdə uzun müddət belə məlumatlara rast gəlinmir. E.ə.713-cüildə Ullusunu Sarqonu bacla deyil, hədiyyələrlə qarşılamışdır. Bu onun müstəqil olmağını göstərir. Ullusunudan sonra da Manna güclü dövlət olaraq qalırdı. Manna hökmdarı Ahşerinin (e.ə. 675-650) tam müstəqilləşməsi və Assuriyaya qarşı çıxması yeni savaşlara səbəb oldu.Ahşerinin dövründə Manna o qədər güclənmişdi ki, artıq Assuriya torpaqlarına hücum edirdi. Bu dövrdə Mannanın güclənməsinin əsas səbəblərindən biri türk tayfalarının Qara dəniz sahillərindən Ön Asiyaya gəlmələri ilə bağlı idi. Müxtəlif mənbələrdə kimmer, iskit və sak adlandırılan, at belində döyüşən bu cəngavər tayfalar Ön Asiyanın tarixində dönüş yaratdı. Eə. 650-ci ildə Assuriya hökmdarı Aşşurbanipal (e.ə. 668-627) Manna üzərinə yürüş edib qalib gəldi. İzirtu yandırıldı, bir sıra vilayətlər talan edildi. Manna əhalisi Ahşeriyə qarşı üsyan qaldırıb onu öldürdü. Hakimiyyətə gələn Ahşerinin oğlu Ualli (e.ə. 650-630) Assuriya ilə münasibətləri qaydaya saldı. E.ə. VII əsrin sonlarında Midiya və Babil dövlətləri birləşərək Assuriyaya qarşı müharibəyə başladı. Birləşmiş qüvvələrin Assuriya üzərində qələbələri bu dövlətin süqutu ilə nəticələndi. Manna bu dəfə də xarici siyasətdə səhvə yol verdi. O öz ordu hissələrini Assuriyaya köməyə göndərdi. Midiya və Babil üçün Manna onların qəddar düşməninin müttəfiqi idi. Az sonra güclənmiş Midiya tarix səhnəsində tək qalmış Mannanı özünə tabe etdi. Manna dövləti e.ə. 590-cı ildə süqut etdi. Cənubi Azərbaycanda Amerika arxeoloqu Robert Daysonun rəhbərlik etdiyi ekspedisiya iranlı arxeoloqlarla birlikdə 1956-cı ildən etibarən apardıqları arxeoloji qazıntılar nəticəsində Urmiya gölünün cənub sahilində Həsənli, ona yaxın ərazidə isə Ziviyə yaşayış məskəni aşkar etmişlər. Arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi-mədəniyyət nümunələri, ayrı-ayrı əşyalar və onların üzərindəki təsvirlər Manna əhalisinin dini görüşləri haqqında müəyyən məlumatlar verir. Həsənlidən tapılan qızıl camın üzərində qatır və öküzlər qoşulmuş arabalarda tanrılar - Günəş, Ay tanrıları və Tufan (Külək - Yağış) tanrısı təsvir olunmuşdur. Camın üzərindəki Tanrılar cəng arabalarında ətəyi uzun, qolu qısa olan saçaqlı geyimlərdədir, saçları isə bellərinə qədər uzanır. Baş geyimlərində isə qanadlara və buynuza bənzər çıxıntılar vardır. Onlara kahinlər və xidmətçilər qurbanlıq qoyunlar gətirirlər. Beləliklə, Həsənli qızıl camından aydın olur ki, Manna əhalisi əsasən səma cisimlərinə və təbiət hadisələrinə sitayiş etmişlər. Azərbaycan ərazisində yazının yaranma tarixi çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik (şəkli yazı) və ideoqrafik (fikrin rəmzlərlə ifadə olunması) yazı ilə səciyyələnir. Müxtəlif şəkil və simvollar əsasında formalaşdırılan təsvir vasitəsilə müəyyən məlumatların verilməsi ilk yazı hesab olunur. Belə məlumatları yazıya çevirməkdə əsas məqsəd, baş vermiş hadisələri yadda saxlamaq zərurəti olmuşdur. Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların, saxsı qabların üzərində heyvan, bitki, insan şəkilləri az deyildir. Azərbaycanda piktoqrafik yazı nümunələri Qobustan, Qazax, Gədəbəy və Naxçıvandaqeydə alınmışdır. Təkcə Qobustanda 720 qayaüstü rəsmdə 6 mindən çox təsvir vardır. Qədim Azərbaycan ərazisində əhali e.ə. III minillikdə mixi yazı ilə tanış idi. Ziviyədən tapılmış gümüş sini üzərində həkk olunmuş bir çox işarələr Mannada yerli əhalinin yazı tipinin olduğunu təsdiq edir. Bu işarələr heroqlif hesab edilir.