Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 15 MÖVZU 7 MÜALĠCƏ PROFĠLAKTĠKA MÜƏSSĠSƏLƏRĠNĠN REJĠMĠ, ONUN MƏQSƏDĠ. Sanitar-profilaktik rejim-dedikdə müalicə müəssisələrinin yerləşdiyi əraziyə, oradakı binaların xarici
və daxili quruluşuna, xəstəxanadaxili mebelə, otaqların işıqlanmasına, istiliyinə, ventilyasiyasına,
həmçinin binaların ərazisi və daxilindəki sanitariya vəziyyətinə verilən müəyyən tələbatlar nəzərdə
tutulur.
Bütün tibb işçilərinin işi gün cədvəli əsasında qurulur. Xəstələr saat 7-də yuxudan durana qədər
onların səhər tualeti və paltarları yığılmalıdır. Palatada işığı yandırır, mövsümdən asılı olaraq pəncərələri
açırlar. Zəif xəstələrə əl-üzünü yumaq üçün ləyən və su gətirilir, gecə ləyənləri palatadan çıxarılır,
xəstələrin yataqları qaydaya salınır. Ciddi yataq rejimində olan xəstələrin altına ləyən qoyulur, bu işlər
səhər yeməyinə qədər həyata keçirilir. Laboratoriya müayinəsi üçün sidik və nəcis səhər yeməyinə qədər
götürülməlidir. Kiçik tibb bacısı ağır xəstələrin şəxsi gigiyenasının yerinə yetirilməsinə kömək etməlidir.
Xəstələrə iki nəfər qulluq etdikdə kiçik tibb bacısı səhər yeməyi zamanı saat 8-9-a qədər palataları
yığışdırmaq üçün lazım olan şeyləri hazırlayır, üç nəfər olduqda isə xalatını dəyişib əllərini yaxşı yuyur və
ağır xəstələrin yedizdirilməsinə kömək edir.
Palatalar gündə 3 dəfə açıq xlorlu əhəng məhlulu ilə silinib təmizlənməlidir. Bu məhlulu hazırlamaq
üçün 10 l suda 1 kq xlorlu əhəng həll edilir və qara şüşə butulkalara tökülərək, 24 saat qaranlıq otaqda
saxlanılır. Beləliklə, 10%-li məhlul alınır; sonra isə bu 10%-li məhluldan durulaşmış müxtəlif miqdar
götürüb, istənilən faizli məhlul hazırlanır. Məsələn, 10%-li məhluldan 200 ml götürüb 4 l su ilə
qarışdıraraq 0,5%-li məhlul almış olarıq. Palatalar təmizləndikdə bu sudan istifadə olunur. Kiçik tibb
bacısı palataları bu məhlulla təmizlədikdə əlinə rezin əlcək geyinməlidir. Əvvəlcə çarpayıyanı stollar
yığışdırılır, onların tozu silinir. Meyvə və tez xarab olan ərzaq məhsulları soyuducuya qoyulmalıdır. Sonra
palata pəncərə və divardan başlayıb qapıya doğru süpürülür.
Nahardan sonra süpürgə dezinfeksiyaedici məhlula batırılıb süpürülür və palatanın havası
dəyişdirilir. Xəstələr gündüz yatanda otağı yığışdırmaq, otaqda gəzinmək olmaz. Yuxudan duranda
xəstələrin temperaturu ölçülür və onlara çay verilir. Xəstələrə baş çəkməyə gələnləri müəyyən vaxtlarda
içəri buraxırlar. Onlar xəstənin çarpayısında oturmamalı, ucadan danışmamalı, xəstəyə pis xəbər
verməməlidirlər. Habelə həkim tərəfdən qadağan olunmuş ərzaq məhsulları gətirilməməlidir. Axşam
yeməyindən sonra tibb bacısı axşam təyinatlarını aparır, palatada işığı söndürür. Tibb işçiləri gecə
xəstələrin yuxusuna fikir verməlidir. Bütün tibb işçiləri şöbədə sakitlik olmasına çalışmalıdırlar.
Telefonlar palatalardan uzaqda olmalıdır. Səs siqnalları işıqla əvəz olunmalıdır. Çarpayıların ayaqlarına,
qapılara rezin vurulmalıdır. Palatada lazım gəldikdə stolüstü lampalardan istifadə olunmalıdır.
Tibb bacısının iş yeri dəhlizdə palatalara yaxın olmalıdır. Tibb bacısının postunda dərman saxlanılan
şkaf, xəstəlik tarixləri saxlanılan və siyirmələri qıfıllanan şkaf-stol, telefon, stolüstü lampa olmalıdır.
Bundan başqa, postda şpris və iynələri qaynatmaq üçün sterilizator qoyulmuş stol, güclü zərərli maddələr
saxlanılan seyf olur. Seyf olmadıqda tibb bacısının stolundan yuxarıda açarla bağlanan 2 kiçik şkaf olur.
Şkafların açarını böyük tibb bacısı və ya daha təcrübəli post tibb bacısı saxlayır. Zibil atılan yeşiyi hər
əməliyyatdan sonra boşaltmaq lazımdır.
Tibb postunda dərman saxlanılan şüşə şkaflar olur. Hər rəfdə “daxilə”, “xaricə»və
“inyeksiyalar»sözü yazılan lövhələr olmalıdır. Bütün alətlər təyinatına və tez-tez işlənməsinə görə
yerləşdirilməlidir.
Hər bir müalicə müəssisəsinin özünün rejimi, həmin müəssisə üçün qoyulmuş qayda-qanunu olur.
Müalicə-qoruyucu rejimin mühüm şərtlərindən biri xəstəni ruhdan düşməyə qoymamaq, onun cismən və
ruhən sakitliyini təmin edən şərait yaratmaqdır. Xəstələrin dincəlməsi və fikrinin dağılması üçün ayrıca
otaq və ya kitab-jurnal stendləri düzəldilir, televizor qoyulur. Ayaq üstə olan xəstələr həmin otaqda
qohumları ilə görüşə bilər, istirahət edə bilərlər.