§ 3. Adi beton və onda işlədilən materiallar
1. Sement
Betonların hazırlanmasında əsas materiallardan biri sementdir. Onun seçilməsi betona dair tələblər: möhkəmlik, şaxtayadavamlılıq, sukeçirməzlik, kimyəvi davamlılıq və s. nəzərə alınmaqla həyata keçirilməlidir.
Beton və dəmir-beton konstruksiyaların hazırlanmasında adi portlandsement daha geniş tətbiq edilir. Sistematik olaraq donma və donuaçılma, nəmlənmə və quruma təsirlərinə məruz qalan konstruksiyaların hazırlanmasında plastikləşdirilmiş və hidrofob sementlərin tətbiqi daha səmərəlidir.
Şaxtayadavamlı və sulfat korroziyasına məruz qalan betonların hazırlanmasında sulfatadavamlı portlandsementdən istifadə etmək məqsədə uyğundur. Sualtı və yeraltı konstruksiyaların hazırlanmasında posalı portlandsementdən istifadə etmək məsləhət görülür.
Tələb olunan möhkəmlikli beton alınmasında sementin möhkəmlik sinfinin düzgün seçilməsi mühüm rol oynayır. Ən az sement işlətməklə tələb olunan möhkəmlikli beton hazırlamaq üçün sementin möhkəmliyi betonun sıxılmada layihələndirilən möhkəmliyindən 1,52 dəfə çox olmalıdır. Aşağı möhkəmlikli betonların hazırlanmasında yüksək markalı sementlərdən istifadə etdikdə sementə narın üyüdülmüş aktiv yaxud inert əlavələr (əhəngdaşı, posa, kül və s.) qatılmalıdır.
2. Su
Betonun hazırlanmasında içməli sudan, habelə hidrogen göstəricisi (pH) 4-dən çox olan istənilən sudan istifadə edilir.
Betonda işlədiləcək suyun keyfiyyəti mütləq qabaqcadan öyrənilməlidir. Suda zərərli qatqılar, məsələn, turşular, sulfatlar, bitki yağları, şəkər və müxtəlif növlü başqa üzvi maddələr olmamalıdır. Suda həmin qatqıların olması kimyəvi analiz vasitəsilə müəyyən edilməli və onların miqdarı 20 mq/l-dən çox olmamalıdır.
Suyun tərkibində sulfatların miqdarı 2700 mq/l-dən, bütün duzların miqdarı isə 5000 mq/l-dən çox olmamalıdır.
Suyun keyfiyyəti məlum olmadıqda müqayisəli sınaq aparılmalıdır. Bu məqsədlə adi su kəməri suyu ilə və keyfiyyəti məlum olmayan su ilə beton nümunələr hazırlanır. Həmin nümunələri 28 gün nəm şəraitdə saxladıqdan sonra sınayır və nümunələrin möhkəmliklərinə əsasən keyfiyyəti məlum olmayan suyun beton üçün yararlığı müəyyən edilir.
Betonu sulamaq üçün (isti aylarda) onun hazırlanmasında işlədilən sudan istifadə etmək lazımdır.
Dostları ilə paylaş: |