Mövzu 15. Təbiətdən istifadə və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq.
Ekosistemin qlobal problemlərinin həll edilməsində beynəlxalq əməkdaşlığın rolu
2. Ətraf mühitin mühafizəsinin beynəlxalq obyektlərinin təsnifatı
3.Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatların təsnifatı və Azərbaycan Respublikasının təbii resurslarından istifadədə beynəlxalq əməkdaşlığın rolu
4. Ekoloji sabitliyə dair beynəlxalq əməkdaşlıq
5. Yumşaq qanun
1.Ekosistemin qlobal problemlərinin həll edilməsində beynəlxalq əməkdaşlığın rolu
Tarixin bütün dövrlərində cəmiyyət və təbiətin qarşılıqlı münasibəti məsələsi həm mürəkkəb, həm də ziddiyyətli xarakterə malik olmuşdur. Zaman-zaman bu münasibətlər dəyişmişdir. Məhsuldar qüvvələrin inkişafından asılı olaraq təbiət getdikcə daha çox insanların tələbatına xidmət etməyə başlamışdır. Lakin insanlar təbiət üzərində hakimiyyəti gücləndirdikcə daha çox ondan asılı vəziyyətə düşmüşlər. Bu asılılıq sənaye istehsalının inkişafı ilə əlaqədar olaraq daha da artmışdır. Əslində cəmiyyət və təbiətin qarşılıqlı münasibəti problemi qlobal, ümumibəşəri ekoloji problemdir.
XX əsrin 50-ci illərindən başlayaraq dünya ərazisində olan təbii resurslardan istifadə daha intensiv xarakter almışdır. Yeraltı və Yerüstü təbii resursların istismarının intensivləşdirilməsi təbiəti mühafizə ilə əlaqəli qlobal problemlərin inkişafına təsir göstərmişdir. Təbii resursların istifadəsində XX əsrin sonunda və XXI əsrin əvvəlindən başlayaraq dünya ölkələrinin ərazilərində olan resurslarından səmərəli istifadə olunmasında beynəlxalq əməkdaşlıq mühüm iqtisadi əhəmiyyət kəsb etmişdir. Beynəlxalq əhəmiyyətli təbii resurslara mineral və maye yanacaq resursları, torpaq və su ehtiyatları, meşə resursları və atmosferdə olan resurslar daxil edilir. Qeyd olunan resursların hər hansı ölkənin ərazisində yerləşməsindən asılı olmayaraq istehsal dövriyyəsinə cəlb olunmasında beynəlxalq müqavilələr təsiredici rola malikdir.
Ekoloji problemlər neft hasil olunan regionlarda daha qabarıq şəkildə özünü büruzə verir. Bu cür ərazilərə cənub qərbi Asiya və Avropa ölkələri, MDB ölkələrindən Rusiya, Ukrayna, Belarus, Türkmənistan və Azərbaycan Respublikasını misal göstərmək olar. Burada neftin və təbii qazın hasilatı deyil, eyni zamanda, emal prosesində yaranan ekoloji problemlər də nəzərdə tutulur.
Bu cür problemlərin həlli ayrılıqda bir ölkənin problemi deyil, ümumilikdə dünya ölkələrinin problemləri çərçivəsində həll olunmalıdır. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri ilk dəfə 1972-ci ildə İsveçin Stokholm şəhərində I Ümumdünya Konfransında irəli sürülmüşdür. Həmin prinsiplərdə hər hansı ölkə öz ərazilərində mövcud resurslardan sərbəst istifadə etmək hüququna malik olmaqla bərabər, istər daxili, istərsə də ətraf ölkələrin təbii mühitinə ekoloji cəhətdən zərər verməməlidir.
Aparılan hesablamalara görə iqtisadi sahələrin inkişafı üçün səmərəli sayılan 250-dən çox müxtəlif çeşidli faydalı qazıntı, 200-dən çox müxtəlif qiymətli mineral sərvətlər Yer Kürəsinin müxtəlif regionlarında yayılmışdır. Həmin resurslar zaman-zaman insanlar tərəfindən istifadə olunmuş iqtisadi sahələrin inkişafına zəmin yaratmışdır. Dünya ölkələrinin iqtisadi inkişafının resurs təminatında mineral resursların üstünlük təşkil etməsi aşkar olunmuşdur. Mineral yanacaq resursları iqtisadi baxımdan üstünlük təşkil etdiyindən beynəlxalq səviyyədə dünyanın 80 ölkəsini özündə birləşdirən "Dünya Energetika Şurası" tərəfindən müzakirə olunur. Mineral yanacaq resursları cəhətdən üstünlüyü Rusiya, ABŞ və Çin təşkil etməklə ümumi ehtiyatın 80%-dən çoxunu özündə cəmləşdirir.
Dünya ölkələrinin istər sənaye, istərsə də enerji təminatında yanacağın bir növü kimi neft mühüm rola malikdir. Sənaye üsulu ilə neftin emalından hazırda 100-dən artıq müxtəlif çeşidli məhsullar alınır. Dünyada kəşf olunmuş neft ehtiyatının həcmi (BP neft şirkətinin məlumatına görə) 1188,6 mlrd barel təşkil edir. Hazırda dünya neft hasilatında OPEK-in payı 60%-dən çoxdur. Britiş Petrolent Şirkətinin "Statistical Review of World Energu" nəşrinin ekspertlərinin fikrincə neftin indiki hasilatı bu tendensiya ilə geoloji ehtiyatlarının ən azı 42 il hasilatına imkan verir. Azərbaycan Respublikasında 67 ilə çatacağı proqnozlaşdırılır.
Dünyada ərzaq təhlükəsizliyinin təmin olunması, ilk növbədə, torpaqların deqradasiyasının qarşısının alınmasını tələb edir. Bu da özlüyündə torpaqların münbitləşdirilməsi, məhsuldarlığın artırılması yolu ilə mümkünlüyü müəyyən olunmuşdur. Torpaqların deqradasiyası, əsasən, eroziya, çirklənmə, şoranlaşma, səhralaşma, məhsuldarlığın aşağı düşməsi əlamətləri ilə səciyyələnir. Bu səbəbdən hesablamalara görə 2 mlrd hektardan çox məhsuldar torpaqlar sıradan çıxmışdır. Aparılan hesablamalara görə Yer Kürəsinin ümumi su ehtiyatı 1,4 mlrd km3 təşkil edir. Dünyada 500 mindən artıq bitki, o cümlədən, 30 mindən çox ağac və kol bitkiləri vardır. Yer kürəsinin meşə ehtiyatı 385 mlrd kub m-dir. Təhlil olunan təbii resurslar dünyanın ayrı-ayrı regionlarında iqtisadi sahələrin formalaşmasında mühüm əhəmiyyət kəsb edən resurs mənbəyi kimi qiymətləndirilir.
1968-ci ildə qabaqcıl Qərb alimləri, sosioloqları, ictimai xadimləri bir təşkilat yaratdılar ki, o da sonralar «Roma klubu» adını aldı. Bu isə ətraf mühitin mühafizəsi sahəsində ilk beynəlxalq təşkilat idi. Bu təşkilatın əsas məqsədi insanın təbiətlə harmoniyası olmuşdur. Əslində qlobal problemlər anlayışını da elmə onlar gətirmişlər. Roma klubu o dövrdə qlobal problemlər siyahısına aşağıdakıları daxil etmişdir:
1.Əhali artımı problemi – doğumun azalması problemi (dünyanın bir tərəfində demoqrafik partlayış baş verir, digər tərəfində artım sıfra enir);
2.Ətraf mühitin çirklənməsi;
3.Ozon yırtığı;
4.Su hövzələrinin quruması;
5.Enerji mənbələrinin tükənməsi;
6.Aclıq təhlükəsi;
7.Millətlərarası münaqişələr problemi;
8.İnsan həyatının saxlanılması problemi və s.
1972-ci ildə Stokholmda BMT-nin ətraf mühit məsələləri üzrə konfransı keçirildi. Konfrans ətraf mühitin mühafizəsi haqqında bəyanat qəbul etdi. 5 iyun – Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günü elan olundu. 1973-cü ildə «BMT-nin ətraf mühit üzrə proqramı (YUNEP)» təşkilatı işə başladı (şəkil 1).
YUNEP-in proqramı ətraf mühit üzrə bir sıra tədqiqatların təşkili və koordinasiyasını, o cümlədən, ətraf mühitin vəziyyətini izləyən stansiyalar sisteminin yaradılmasını (monitorinq) nəzərdə tutur.
BMT-nin YUNESKO, FAO, ÜST və s. kimi ixtisaslaşdırılmış təşkilatları da ətraf mühitin qorunmasına böyük diqqət yetirir. Belə ki, YUNESKO öz işlərində mühüm istiqaməti ətraf mühit sahəsində təhsilə müxtəlif ekoloji problemlər üzrə elmi tədqiqatların aparılmasına yönəldir.
1968-ci ildə Parisdə YUNESKO-nun Beynəlxalq konfransı «İnsan və biosfer» (MAB) elmi-tədqiqat Beynəlxalq Proqramının başlanğıcını qoydu. Proqram biosfer ehtiyatlarının qorunub sax-lanılması və səmərəli istifadəsinin elmi əsaslarını hazırlamaq məqsədi daşıyırdı.
Suyun kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub saxlanması, bərpası və münbitliyinin artırılması, meşələrin və heyvanat aləminin mühafizəsi BMT-nin ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının (FAO – 1945-ci ildə yaradılmışdır) diqqət mərkəzindədir. Ümumidünya Səhiyyə Təşkilatı (ÜST-1946-ci ildə yaradılmış, 1948-ci ildən fəaliyyət göstərir) sağlamlığın ətraf mühitin vəziyyətindən asılılığı ideyasını öyrə nir. 1970-ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə Təbiətin və Təbii Ehtiyatların Mühafizəsi (TTEM) Beynəlxalq İttifaqı yarandı. Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər və hüquq məsələləri, müasir təbiətin mühafizəsi ideyasının yaranması və təbliğ edilməsidir. 1963-cü ildən etibarən ümumidünya yabanı təbiətin mühafizəsi fondu işləyir (ÜDYTMF). Bu fond heyvanat aləmi və təbii sərvətlərin mühafizəsi üzrə konkret layihələr hazırlayır.
Mütəxəssislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən Ümumi Milli Məhsuldan (ÜMM) 2% təbiətin mühafizəsi üçün ayrılarsa onun keyfiyyətinin yaxşılaşmasına xeyli imkan yaradar, ÜMM-dən 6% ayrılarsa təbii mühitin vəziyyətinin stabilləşməsinə imkan yaradar, ÜMM-dən 8- 10% ayrılarsa təbii mühitin keyfiyyətini bərpa etmək olar. Lakin, təəsüflər olsun ki, bütün dünya cəmiyyətində istehsal olunan məhsuldan təbiətin mühafizəsi işinə ayrılan vəsaitin miqdarı heç 1%-ə çatmır. Ona görə də, təbiətin mühafizə fəaliyyətinin dünya praktikasında məsrəfin bölüşdürülməsi sistemi vasitəsilə kollektiv məsuliyyəti prinsipi tətbiq olunmağa başladı.
Dostları ilə paylaş: |