Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


MÖVZU 6. ƏRZAQ RESURSLARININ İQTİSADİ TƏHLÜKƏSİZLİYİ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİ



Yüklə 0,77 Mb.
səhifə56/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

MÖVZU 6. ƏRZAQ RESURSLARININ İQTİSADİ TƏHLÜKƏSİZLİYİ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİ
1.Ərzaq təminatının təhlükəsizliyi.

2. Ərzaq resurslarının iqtisadi təhlükəsizliyi, ərzaq təminatı və milli təhlükəsizlik

siyasəti.

3. Ərzaq resurslarının tarazlı inkişafı.


1.Ərzaq təminatının təhlükəsizliyi.

Cəmiyyət üzvlərinin qida məhsullarına olan tələbatının ödənilməsi bütün dövrlərdə aktuallıq kəsb etmiş, bu sahədə zaman-zaman qabarmalar və çəkilmələrlə müşayiət olunmuşdur. Ərzaq məhsullarına olan tələbatın ödənilməsində yaranan problemlər iqtisadi inkişafin spesfık xüsusiyyətləri ilə bilavasitə bağlı olmuşdur. Ümumiyyətlə, bu problemin həlli dövlətin aqrar siyasətindən, kəndliyə qayğının hansı səviyyədə göstərilməsindən əhəmiyyətli dərəcədə asılı olmuşdur. Ərzaq problemi obyektiv olaraq beynəlxalq bazar konyukturunda baş verən dəyişikliklərdən asılıdır. Belə ki, inkişaf etmiş ölkələrdə məhsul artıqlığı və ya azlığı böhran yaranmasına gətirib çıxarmışdır. Ərzaq məhsullarına olan tələbatın ödə nilməsində yerli istehsalın və ya idxal kanallarının xüsusi çəkisi ölkələrin ərzaq təhlükəsizliyinin səviyyəsini müəyyənləşdirir. Ərzaq təhlükəsizliyinin səviyyəsi eyni zamanda ərzaq bazarlarının təşkilindən, infrastrukturun formalaşdırılmasından da bilavasitə asılı olmuşdur. Təşkilati qurumların fəaliyyətinin yetərli olması son nəticədə istehsala olan stimulları azaldır. Məlumdur ki, qloballaşma şəraitində hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin milli təhlükəsizliyini təmin etmək – istehlakı daha çox yerli istehsal hesabına qarşılamaqdan ibarətdir. Beynəlxalq səviyyədə kənd təsərrüfatı istehsalçılarına yardımın şərtləndirilməsi ilə bağlı tələblərin gücləndirilməsi ərzaq təhükəsizliyinin milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi kimi çıxış etməsini şərtləndirmişdir. Odur ki, aqrar sahəyə etinasız münasibət son nəticədə dövlətin vassalçılığına, siyasi reytinqinin zəifləməsinə, bütövlükdə milli iqtisadiyyatın, daxili və xarici siyasətin beynəlxalq güclərdən asılılığının güclənməsinə gətirib çıxara bilər. Bu problem müharibə şəraitində olan ölkə üçün xüsusilə tale yüklü səciyyə daşıyır. Bu baxımdan respublikada kənd təsərrüfatına qayğı, öikənin hərbi-sənaye kompleksinin qüdrətlənməsi qədər vacib və aktualdır. Nəzərə almaq lazımdır ki, aqrar sahənin rəqabət

qabiliyyətinin yüksəldilməsi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə əlverişli şərait yaratmaqla, eyni zamanda alternativ ixrac sektorunun formalaşdırılması, qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətli rola malikdir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi fızioloji normalar və müəyyən edilmiş keyfıyyət standartları çərçivəsində əhalinin əsas növ qida məhsullarına olan tələbatının yerli istehsal hesabına davamlı olaraq ödənilməsi ilə bağlı kompleks tədbirlər sistemini özündə əks etdirir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi daxili istehsal hesabına ölkə əhalisinin istehlakının təmin edilməsini özündə əks etdirdiyindən bu məqsədə nail olunması yerli kənd təsərrüfatı əmtəə istehsalçılarının stimullaşdınlmasından bilavasitə asılıdır. Beləliklə, müasir şəraitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkədə həyata keçirilən aqrar siyasətin prioritet istiqamətinə çevrilməlidir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından dövlətin aqrar siyasətinin əsas vəzifəsi səmərəli istehsal strukturu yaratmaqla əhalinin ərzaq, sənayenin isə kənd təsərrüfatı xammalına olan tələbatını yerli istehsal hesabına ödəmək məqsədilə çevik sosial-iqtisadi mexanizm formalaşdırmaqdan, eləcə də mövcud potensialdan səmərəli istifadəni təmin etməkdən ibarətdir. Məhz bu baxımdan da transformasiya proseslərinin hazırki mərhələsində aqrar sahənin mövcud potensialı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə istiqamətləndirilməlidir. Məlum həqiqətdir ki, heç bir ölkə ərzaq təhlükəsizliyini

100%-lik hədlərdə təmin etmək iqtidarında deyildir. Bu isə ondan irəli gəlir ki, bütün növ məhsullar üzrə tələbatı tamamilə yerli istehsal hesabına ödənilməsinə nail olunması müqayisəli üstünlüklər baxımından da əlçatmaz görünür. Odur ki, ölkə üçün strateji əhəmiyyətli prioritet məhsullar əsas götürülməklə, bölgələrin ixtisaslaşma istiqaməti nəzərə

alınmalıdır. Doğrudur, taxıl strateji ərzaq məhsulu olmaqla ölkə əhalisinin təbii tələbatının ödənilməsinə xidmət edir. Araşdırmalar göstərir ki, ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra əksər kənd təsərrüfatına yararlı torpaqlar taxıl əkininə cəlb edildi. Bu tendensiyanın zərərli cəhəti ondan ibarətdir ki, ölkədə taxıl istehsalının artırılmasına məhsuldarlığın yüksəldilməsi hesabına deyil, əkin sahələrinin genişləndirilməsi, daha doğrusu ekstensiv amillər hesabına nail olunmuşdur.

Ümumiyyətlə götürdükdə problem kifayət qədər çoxcəhətlidir. Belə ki, taxıl istehsalı az əmək sərfi tələb etdiyindən bu sahədə fəaliyyət göstərən istehsalçının gəlirlərinin məbləği də aşağı olur. Paradoksal cəhət ondan ibarətdir ki, respublikada digər gəlirli sahələrin bazarları kəskin inhisarlaşdırıldığından (bostan, tərəvəz, meyvə və s. istisna olmaqla) istehsalçı taxılçılığa üstünlük vermək məcburiyyətində qalır. Lakin bununla belə müxtəlif səbəblər üzündən, eləcə də yanacaq və enerji daşıyıcılarının qiymətlərinin artımı, həm də məhsul istehsalının tələbatı ödəməyə yetərli olmaması səbəbindən idxal kanallarına

da ehtiyac yaranır. Bundan əlavə yerli istehsal bu və ya digər obyektiv, subyektiv səbəblər üzündən idxal kanallarından baha başa gəlir. Bu isə daxili ərzaq bazarının beynəlxalq bazar konyukturundan asılılığını şərtləndirir. Nəzərə almaq lazımdır ki, əhalinin sosial durumu, alıcılıq qabiliyyəti və iqtisadi maarifləndirmə səviyyəsi də yetərincə yüksək deyildir. Bütün hallarda istehlakçı ucuz məhsula üstünlük verir. İstehlakçı üçün o qədər də önəmli deyildir ki, o yüksək qiymətə yerli məhsul əldə etsin. Odur ki, bu prosesləri dövlət tənzimləməli, istehsalçının xərclərinin müəyyən hissəsini subsidiyalaşdırmaqla yerli məhsulun qiyməti ilə idxal olunan məhsulun qiyməti arasında tarazlıq yaratmalıdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, müstəqil dövlət olaraq Azərbaycan Respublikası ÜTT-nə daxil olmaq niyyətindədir. ÜTT-nin şərtlərinə görə üzv olan hər bir ölkə yerli istehsala dövlət yardımını kəskin şəkildə məhdudlaşdırmalı, liberal ticarət siyasəti həyata keçirməlidir. Odur ki, ÜTT-yə daxil olmaq ərəfəsində rcspublikamızda aqrar sahəyə daxili dəstək proqramı həyata keçirilməli, istehsal stimullaşdırılmalıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerli istehsala tələbatı ödəyən məhsullar üzrə idxalın tənzimlənməsi istiqamətləri müəyyənləşdirilməli, aqrar-ərzaq bazarının qorunmasına yönələn kompleks tədbirlər həyata keçirilməlidir. Təbiidir ki, bu tip tədbirlər daxili istehsalın artırılması, bazar infrastrukturlarının formalaşdnılması ilə paralel həyata keçirilməlidir.

Dövlətin aqrar siyasəti ölkədə ərzaq məhsullarının ümumi həcmində idxal olunan məhsulların xüsusi çəkisinin 10-15%-dən çox olmamaq şərti ilə ərzaq məhsulları asılılığını aradan qaldırmağa yönəldilməlidir. Bu tip tədbirlər transformasiya yönümlü dəyişikliklərin hazırki mərhələsində dövlətin aqrar siyasətinin prioritet istiqamətini təşkil etməlidir.

Ərzaq təhlükəsizliyini təmin etmək və aqrar sahənin inkişafının strateji məqsədlərinə nail olmaq məqsədilə ölkənin sosial-iqtisadi, təbii-milli xüsusiyyətlərinin nəzərə alınması olduqca zəruridir. Təbii ki, bu zaman siyasi amillər də ön plana çəkilməlidir. Siyasi amillər onunla bağlıdır ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmuşdur və bu baxımdan dünyada baş verən proseslərə uyğun siyasət həyata keçirməlidir. Eyni zamanda dövlət bu proseslərdə ölkənin strateji maraqlarının qorunması istiqamətində siyasət yeritməlidir və konyuktur dəyişikliklərinə adekvat reaksiya göstərməlidir.

Məlum olduğu kimi ölkənin təbii-iqlim şəraiti, münbit torpaq ehtiyatları mövcuddur və bu potensialdan istifadə etməklə nəinki ərzaq təhlükəsizliyini təmin etmək, həm də bir sıra məhsullar üzrə dünya bazarına keyfiyyətli, rəqabət qabiliyyətli məhsullar ixrac etmək mümkündür. Fikrimizcə, neft gəlirlərindən aqrar sahəyə investisiyalar yatırılmasına başlanmalı və bununla da gələcəkdə neftsiz Azərbaycanın alternativ ixrac sektorunu formalaşdırmaq olar. Bu məqsədə nail olmaq üçün respublikamızın regionlarının təbii-iqlim şəraitini, əhalinin vərdişlərini, eləcə də uzun müddət formalaşmış əmək bölgüsü və ixtisaslaşma məsələlərinin də nəzərə alınması vacibdir.

Uzun müddət mövcud olmuş əmək bölgüsü və ixtisaslaşma baxımından ölkə taxılçılıq, üzümçülük, çayçılıq, kartofçuluq, tərəvəzçilik, maldarhq, arıçılıq və s. sahələrdə istehsalı inkişaf etdirmək üçün əlverişli şəraitə malikdir. Lakin bununla belə zəruri infrastruktur sisteminin yaradılması, dövlət tərəfindən lazımi stimullaşdırma tədbirlərinin həyata keçirilməməsi nəticəsində adı çəkilən sahələrdə davamlı inkişafı təmih etmək mümkün olmamışdır.

Araşdırmalar göstərir ki, əhailinin ərzaq, sənayenin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi səviyyəsinin yüksəldilməsi istehsal potensialından səmərəli istifadənin təmin edilməsindən, torpaqların münbitliyinin yüksəldilməsindən bütövlükdə effektiv aqrar-ərzaq kompleksinin formalaşdırılmasından asılıdır. Məlum olduğu kimi, torpağın münbitliyinin yüksəldilməsi, faktiki məhsuldarlıq səviyyəsinin potensial məhsuldarlıq səviyyəsinə çatdırılması meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi ilə sıx bağlıdır. Respublikanın bir sıra bölgələrində, o cümlədən Aran və Şirvan bölgələrində torpaqların xeyli hissəsi şoranlaşmışdır ki, bu da əkinçilik sisteminin səmərəliliyini aşağı salır, məhsuldarlığın səviyyəsinin azalmasına gətirib çıxarır. Danılmaz həqiqətdir ki, meliorasiya və irriqasiya tədbirləri yüksək maliyyə vəsaiti tələb etdiyindən bu tədbirləri aqrar əmtəə istehsalçılarının məhdud resursları hesabına həyata keçirmək mümkün deyildir. Odur ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının intensiv amillər hesabına artırılması məqsədilə torpaqların şoranlaşmasının qarşısının alınmasına yönəldilmiş kompleks və məqsədyönlü proqramlar işlənib hazırlanmalıdır. Dövlət aqrar əmtəə istehsalçılarının qarşılaşdıqları faktiki problemlərdən daha çox strateji əhəmiyyət kəsb edən məsələlərin həllinə yardımçı olmalıdır. Hazırda aqrar sahə islahatların yaratdığı potensial hesabına fəaliyyət göstərir və bu potensial isə tükənməkdədir. Nəzərə almaq lazımdır ki, aqrar sahənin mövcud potensialının tükənməsi kəskin ərzaq qıtlığına və qiymətlərin kəskin artmasına gətirib çıxara bilər. Doğrudur, bu vəziyyəti sabitləşdirmək məqsədilə idxal kanallarından istifadə edilə bilər. Bu isə qısa zaman kəsiyində vəziyyəti sabitləşdirə bilər. Nəzərə alınmalıdır ki, strateji baxımdan respublikada neftin tükəndiyi zamanda kənd təsərrüfatı məhsullarının idxalı belə özünü doğrultmayacaqdır. Odur ki, neftdən daxil olan vəsait hesabına səmərəli qeyri-neft sektoru - aqrar ərzaq kompleksi formalaşdırılmasa 2030-cu ildən sonrakı dövrdə Azarbaycan Rcspııblikasında ərzaq təhlükəsizliyi dövlətin milli təhlükəsizliyini zərbə altına qoyan birinci dərəcəli problemə çevriləcəkdir. Həmin dövrdə problemi kəskinləşdirən ən mühüm amillərdən biri də qloballaşmanın daha kəskin şəkildə özünü biruzə verməsi olacaqdır.

Bütün bunlara heç də bədbin proqnozlar vermək niyyətində deyilik. Vəziyyət qarşısı alınmaz deyildir. Sadəcə dövlətin fəal müdaxiləsini, çevik aqrar siyasətin həyata keçirilməsini tələb edir.

Aqrar sahənin inkişafının strateji məqsədi ölkənin milli ərzaq təhlükəsizliyinin təmin edilməsi olmalıdır. Bu baxımdan respublikada 9 əsas ərzaq qrupu üzrə daxili istehsal hesabına ümumi tələbatın 85%-nə qədərinin ödənilməsinə nail olunmasıdur.

Tədqiqatlar göstərir ki, transformasiya prosesinin ilkin dövrlərində respublikada ərzaq təhlükəsizliyinə nail olunması üçün iqtisadi şərait, o qədər də əlverişli deyildir. Belə ki, mərkəzləşdirilmiş iqtisadi əlaqələrin kəsilməsi, maddi-texniki resursların ənənəvi təminat mənbələrinin, eyni zamanda satış bazarlarının itirilməsi, infiyasiyalı pul tədavülü sistemi və s. müstəqilliyinin ilkin dövründə Azərbaycan Respublikasının ərzaq kompleksində kəskin tənəzzül meylləri yaratmışdır.

İstehsalın böhran səviyyəsindən aşağı enməsi, ərzaq və iqtisadi təhlükəsizliyin zəifləməsi və itirilməsi, idxaldan asılılığın artması və milli kənd təsərrüfatının dağılması deməkdir.

Məhsuldarlıq taxıl üzrə 19 s/ha, kartof üzrə 90-100 s/ha, hər inəkdən süd sağımı 1900-2000 kq olduqda aşağı və zərərli sayılır. 1995-ci ildə Azərbaycan Respublikasında məhsuldarlıq səviyyəsi taxıl üzrə 15,1 s/ha, kartof üzrə 97 s/ha, hər inəkdən süd sağımı 1073 kq təşkil etmişdir ki, bu da göstərilən təhlükəli hədlərdən belə aşağı olduğunu göstərir. 2005-ci ildə məhsuldarlıq səviyyəsi taxıl üzrə 26,5 s/ha, kartof üzrə 149 s/ha, hər inəkdən süd sağımı 1098 kq olmuşdur.

Dünya Bankı xroniki və müddətli ərzaq təhlükəsizliyi növlərini ayırır. Ölkə, ayrıca rayon, əhali qrupu, ailə, ayrıca fərd bütün il ərzində pul gəlirləri çatışmazlığı və yaxud zəruri həcmdə ərzaq istehsalının olmaması səbəbindən xroniki ərzaq təhlükəsi ilə qarşılaşırlar. Müddətli ərzaq təhlükəsi periodik olaraq qida məhsullarının qiymətlərinin artımı, məhsul yığımının olmaması və yaxud gəlirlərin səviyyəsinin azalması səbəblərindən ərzaq məhsullarının qeyri-sabit əldə edilməsi şəraitində yaranır. Bu və ya digər ölkə mümkün xarici təhlükələrlə, məsələn, beynəlxalq iqtisadi böhranlar, kənd təsərrüfatı bazarlarının konyukturasının pisləşməsi, dünya rəqibləri arasında ticarət müharibələri kimi təhlükələrlə əlaqəli olduğu halda, buna potensial ərzaq təhlükəsini də əlavə etmək olar.

Ərzaq təhlükəsizliyinin strukturu çox səviyyəli ierarxiyanı özündə əks etdirir ki, bunun da əsasında qidaya tələbatı olan subyekt dayanır. Belə bir tələbatı təmin etmədən cəmiyyətdə insanların effektiv fəaliyyəti və təkrar istehsal prosesi mümkün deyildir. Ərzaq təhlükəsizliyi probleminin həllinin aşağı səviyyəsində ev təsərrüfatları yerləşir ki, onlar da məcmu halda deyil, gəlir səviyyəsi, təsərrüfatın tətbiqi prinsipləri, qida məhsullarının əldə edilməsinin təşkili və s.-ə görə formalaşan əhali qruplarını özündə əks etdirir. Bu, ərzaq təhlükəsizliyinin fərdi (şəxsi) səviyyəsidir. İnsan qrupları müəyyən social mövqelərdə, ayrı-ayrı ərazilərdə qarşılıqlı təsirdə olurlar və ayrı-ayrı strukturlarda birləşirlər (rayon, sahə). Ona görə də ərzaq təhlükəsizliyi probleminin həllinin növbəti səviyyəsini region səviyyəsi təşkil edir ki, burada da idarəedici strukturların köməyilə ərazi sakinlərinin gəlir əldə etməsi, kənd təsərrüfatı və qida məhsullarının istehsalı üçün şərait yaradılır.

Ərzaq təhlükəsizliyi probleminin həllinin təşkilinin daha böyük səviyyəsi - dövlət səviyyəsidir. Bu səviyyədə hökumətin, qanunverici orqanın köməyilə iqtisadi inkişafın sabitliyi təmin edilir, dövlət ərzaq fondları yaradılır, tələb və təklifin tarazlaşdırılması həyata keçirilir.

Ölkələrin qarşılıqlı asılılığı, BƏB-in və beynəlxalq ticarətin mövcudluğu dünya ərzaq təhlükəsizliyi səviyyəsini ayırmağı şərtləndirir. Bu səviyyədə ərzaq təhlükəsizliyi probleminin həlli dünya ərzaq məhsulları istehsalının dinamikasını təhlil edən və bunun əsasında da dünya ərzaq bazarının sabitliyinə dair proqnozlar verən beynəlxalq təşkilatların fəaliyyətilə əlaqələndirilir. Dünya ərzaq təhlükəsizliyinin başlıca məqsədi dünyada ərzaq resurslarının tarazlaşdırılmış səviyyədə bölgüsüdür.

170 ölkənin daxil olduğu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ekspertlərinin qiymətləndirmələrinə görə, "Dünya ərzaq təhlükəsizliyi" nin vəziyyəti iki göstərici üzrə müəyyən edilir: növbəti məhsul yığımına qalan dünya ehtiyatları və adambaşına düşən istehsal səviyyəsi. Ümumdünya istehlakını nəzərdə tutan birinci göstərici fövqəladə hallarda (zəlzələ, məhsul azlığı, müharibə və s.) təminatı və dünyada ərzaq vəziyyətinin dayanıqlığını əks etdirir. Növbəti məhsul yığımına qalan ehtiyatların təhlükəsiz səviyyəsi kimi 60 günlük dünya taxıl istehlakına uyğun olan və yaxud bütün istehlakın 17%-nə bərabər olan hədd qəbul edilir. Dünya ehtiyatlarının son həddən aşağı səviyyəyə düşməsi onu göstərir ki, dünya ərzaq təhlükəsizliyi kritik vəziyyətdədir. Belə ehtiyatların həcminin istehlakın 17%-dən aşağı olması şəraitində taxılın dünya qiymətlərində ciddi artımı müşahidə edilir.

İkinci göstərici - adambaşına orta buğda istehsalının dinamikası bütövlükdə dünya ərzaq vəziyyətinin inkişaf tendensiyasını müəyyən edir.

Texnoloji innovasiyaların və məhsuldarlığın templərinin azalması, torpağın eroziyası, ətraf mühitin deqradasiyası, sahələrin çirklənməsi və s. üzündən modelin müəllifləri fərz edilən tendensiyanın dəyişməyəcəyi fikrini irəli sürürlər. Bu neomaltus modelinin müəlliflərinin gəldikləri əsas nəticə belədir: dünya istehsalı artan əhalinin tələbatlarını ödəyə bilmir. Hökumət ailələrin planlaşdırılması və doğum üzərində nəzarətə böyük əhəmiyyət verməlidir, ərzaq təhlükəsizliyinin təmini problemi isə hökumət üçün hərbi təhlükələrə nisbətən daha prioritet olacaqdır. FAO-nun modeli (1995) əsasında belə bir hipoteza dayanır ki, 1995-2013-cü illərdə dünya ərzaq məhsulları istehsalının orta illik artım tempi 1,8 % təşkil edəcək ki, bu da artım templərinin azalmasında uzunmüddətli tendensiyaya zəmin yaradacaqdır. Müxtəlif modellərdə ödəmə qabiliyyətli tələbin təmin edilməsi üçün zəruri olan buğda təklifinin qlobal defısitini 160 mln. tondan 700 mln. tonadək qiymətləndirirlər. 1990-2010-cu illərdə əhalinin 809 mln.-dan 730 mln.-dək azalması zəminində yoxsulluğun və aclığın Asiya ölkələrindən Afrikanın Saxaradan cənub ölkələrinə doğru istiqamətlənməsi prosesi baş verəcəkdir.Yüksək, yaxud aşağı potensiallı ölkələrdə kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, ərzaq məhsulları istehsalının inkişaf təcrübəsi və dayanıqlı siyasətin izlənməsi, başqa sözlə, hər bir ölkənin milli aqroiqtisadi potensialından və resurslarından maksimal istifadə olunması və onların mobilləşdirilməsi, hansı ki, son nəticədə ümumi dünya ərzaq resurslarının yaxşılaşmasına gətirib çıxarır. Elə bir şəraitin yaradılması nəzərdə tutulmalıdır ki, ərzaq, kənd təsərrüfatı və ümumticarət siyasəti bütün yollarla ərzaq təhlükəsizliyinin yaradılmasına səbəb olsun.

1) müxtəlif gəlir səviyyəli əhali qrupları üzrə onların differensiyasiyasını nəzərə almaqla əsas qida məhsulları istehlakının dinamika və səviyyəsi;

2) ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi.

3) İqdisadi fəallığın, istehsalın, investisiya həcminin azalması səviyyəsinin yol verilən həddi. Bu səviyyədən aşağı olan hallarda aşağıdakılar qeyri-mümkün olur:

- müstəqil iqtisadi inkişaf;

- ictimai dayağın demokratik əsaslarının saxlanılması;

- elmi-texniki, innovasiya və ixtisaslı-təhsil potensialının qorunması;

4) əhalinin böyük kütləsinin həyat keyfiyyəti səviyyəsinin azalmasının yol verilən həddi, hansı ki, bu hədd sərhədlərindən kənar hallarda tənzimlənə bilməyən sosial konfliktlərin yaranması təhlükəsi meydana çıxır;

5) təbii potensialın yenidən bərpası və qorunub saxlanması üzrə xərclərin azalması səviyyəsinin yol verilən həddi. Hansı ki, bu hədd sərhədlərindən kənar hallarda ətraf mühitin məhvi, iqtisadiyyatın vacib sahələrində istehsal proseslərinin bərpası üçün zəruri resurs mənbələrinin itkisi baş verə bilər.

Sözsüz ki, bu amillərin məzmunu makrosəviyyədə çıxış edir və odur ki, ərzaq təminatı sisteminin inkişafı üçün bazis rolunu oynayır.

Hər bir ölkənin özünəməxsus milli, demoqrafik və təbii-iqtisadi xüsusiyyətləri mövcuddur ki, onlar ölkənin ərzaq təhlükəsizliyi siyasəti sahəsində qəbul edilən qərarlara öz təsirini göstərir. Burada bir sıra faktorların (hansı ki, müxtəlif ölkələr üçün öz normativ səviyyəsi olacaq) - son nəticədə sosial xarakterli təhlükələri müəyyən edən faktorların son həddini nəzərə almaq lazım gəlir.

Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinin bir neçə strategiyası formalaşmışdır: idxalyönümlü, ixracyönümlü və təbii-iqlim, sosial-iqtisadi, resurs şəraitindəki fərqlərlə şərtlənən özünütəminetməyə əsaslanan strategiya.

İdxal yönümlü strategiyada (Yaponiya) ərzaq təhlükəsizliyinin dayanıqlığının təmin edilməsi ərzaq məhsullarının daxil olma mənbələrinin differensiyasiyası köməyilə mümkündür. İxracyönümlü strategiya (ABŞ, Avropa İttifaqı ölkələri) kənd təsərrüfatı istehsalçılarının gəlirlərinin sabit saxlanılması məqsədilə, idxalatçı ölkələrin hesabına ərzaq məhsullarının satışının genişləndirilməsinə doğru istiqamətlənmişdir. Ölkənin ərzaqla özünütəminetmə strate giyası qloballaşma proseslərinin güclənməsi və beynəlxalq ticarətin rolunun artması şəraitində xalis şəkildə çox az müddətə mövcud ola bilər, bu strategiyanın birinci və ikinci strategiyalara keçməsi mümkündür.

İEOÖ-lər üçün adambaşına ərzaq məhsulları istehsalının aşağı səviyyəsi və kənd təsərrüfatından asılılığının yüksək səviyyəsi xarakterikdir. İEÖ-lərin dövlət proqramlarının köməyilə daxili istehsal və istehlak bazarını dünya bazarının təsirindən təcrid etmə siyasəti ərzaq məhsullarının dünya qiymətlərinin aşağı düşməsinə və bazarın qeyri-dayanıqlığına səbəb olmuşdur. Bu da öz növbəsində İEOÖ-lərə güclü təsir göstərir.

Ərzaq məhsullarının çatışmazlığının yüksək səviyyəsi şəraitində, idxalın həcmində illik dəyişikliklərin cüzi miqdarı belə, idxalının əsasını (40%) taxıl təşkil edən ölkələrin ərzaq təhlükəsizliyinin vəziyyəti üçün böyük nəticələrə gətirib çıxara bilər. Baxmayaraq ki, 1990-cı illərin ortalarında ərzaq yardımının ümumi idxalda xüsusi çəkisi 1/10-ə qədər azalmışdır, o, hələ də taxıl idxalının əsas mənbəyi hesab olunur. 1980-1995-ci illərdə daha zəif inkişaf etmiş ölkələrin ümumi idxalı təqribən 50% (3.9 mlrd.-dan 6.0 mlrd.-a qədər), xalis idxalçı ölkələrdə isə 40% (8.5 mlrd.-dan 12.0 mlrd.-a qədər) artmışdır.

Üçüncü dünya ölkələrində ac əhalinin sayının azaldılması məqsədilə bazar mexanizminin tətbiqilə sabit islahatlar həyata keçirilmişdir. Belə ki, sahib karlıq fəaliyyətinin müasir tələblərə cavab verən effektiv forma və texnologiyalarının inkişafı olmadan əhali məşğulluğunun tələb olunan səviyyəsinin təmini və onların minimum ehtiyaclarının ödənilməsi mümkün deyildir. İEÖ-lərin həyata keçirilən islahatlara müdaxiləsi xarici monopolistlərin fəaliyyəti üçün əlverişli investisiya mühitinin yaradılması, yenidənqurma proseslərinin aparılmasında beynəlxalq təşkilatlar və İEÖ-lərin maliyyə yardımının göstərilməsi məqsədilə edilir və bununla donor - qəbul edən münasibətləri tormozlanır və təqdim edilən yardımlar ölkənin daxili iqtisadi siyasətindən asılı vəziyyətə düşür.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin