Koronar çatışmazlıqlar zamanı ürəkdə zədələnmələrin inkişaf mexanizmi.
Miokardın işemiyaya məruz qalmış nahiyəsində qan dövranının yenidən bərpası zamanı reperfuziya sindromu inkişaf edə bilər. Məhz reperfuziya sindromu nəticəsində bir çox hallarda xəstələrin vəziyyəti kəskin pisləşə bilər.
Miokardın reperfuzion zədələnmələrinin patogenetik əsasını “oksigen paradoksu” təşkil edir.Bu paradoks onunla izah edilir ki, işemiyaya uğramış nahiyəyə oksigenlə zəngin qanın gəlməsi burada lipidlərin peroksid yolla oksidləşməsi prosesini sürətləndirir.Kardiomiositlərin zədələnməsi üçün bu mexanizm həlledici amillərdən sayılır.
Reperfuziya sindromunun inkişaf mexanizmi “kalsium paradoksu” ilə də izah olunur. Belə ki, reperfuziya zamanı toxumaya qan vasitəsilə çoxlu miqdarda kalsium ionları gətirilir. İşemiyaya məruz qalmış toxumada membran keçiriciliyi artdığı üçün reperfuziya dövründə kalsium ionları asanlıqla hüceyrədaxili mühitə keçərək, orada toplanır. Bu, hüceyrə zədələnməsinin kalsium mexanizminin işə düşməsinə və daha da dərinləşməsinə səbəb olur.
Ürəkdə qan təchizatı bərpa olunduqca, bir neçə gün ərzində tədricən pozulmuş funksiyaların bərpası gedir. Bu vəziyyət obrazlı şəkildə “karlaşmış miokard” (ingiliscə “myocardial stunninc”) adlandırılır.
Dostları ilə paylaş: |