Respublikada, şəhər və rayonlarda bütün köçürülmə tədbirləri üzrə ümumi
hesablamalar aparılır. Hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş
verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vəsaitlər hesablanıb
müəyyən edilir.
Köçürülmə zamanı əhali illərlə yaşadıqları yerlərini tərk etməyə, əmlaklarının
bir hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa
məcbur olurlar. Hamı başa düşməlidir ki, insanların həyatını xilas etmək naminə bu
çətinlik və məcburiyyətə tab gətirmək lazımdır.
Buna görə də Mülki müdafiə
qərargahının sərəncamlarını yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata
keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülərək gətirilmiş
əhalinin həyat şəraitinin təmin olunmasında: daldalanacaqların düzəldilməsi, tənəffüs
üzvlərini qoruyan sadə mühafizə vasitələrinin hazırlanması, ictimai binaların yaşayış
yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyalarının (oturacaq,
çarpayı, yataq dəsti və s.) düzəldilməsi işlərində fəal iştirak etməlidir.
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən
eləcə də ərazidə radioaktiv
çirklənmə olarkən, köçürmə işləri iki mərhələdə yerinə yetirilir. Bu zaman həmçinin
radiasiya və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də həyata keçirilir.
Fövqəladə hadisə baş vermiş rayonun ərazisi polis idarələrinin əməkdaşları
tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi
müəyyən marşrut üzrə nizama salır.
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin özünün
mütəşəkkilliyindən və intizamından xeyli asılıdır.
İri şəhərlərdə istehsalat fəaliyyətini dayandıran və ya öz işini şəhərdən kənar
zonaya keçirən obyektlərin fəhlə və qulluqçularının, habelə istehsalatda məşğul
olmayan əhalinin köçürülməsi kombinasiyalı üsul ilə yerinə yetirilir, yəni onların
həm piyada,
həm də nəqliyyat vasitələrində, mütəşəkkil sürətdə şəhərdən kənar
zonaya aparılması nəzərdə tutulur.
Köçürülən əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti başçılarının qərarı
ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır.
Köçürmə üzrə daşımaların plan-cədvəli FHN-in regional şöbələri və icra
hakimiyyətinin sifarişləri üzrə ictimai nəqliyyat vasitələrinin sahibkarları tərəfindən
tərtib olunur.
Köçürmə tədbirlərinə cəlb olunan avtomobil nəqliyyatı
vasitələrinə yanacaq
doldurmaq üçün yanacaqdoldurma məntəqələri şəbəkəsindən istifadə olunur və bu
zaman dərəcəli obyektlərdəki yanacaq-sürtgü materialları ehtiyatları ilk növbədə sərf
edilir.
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın səhiyyə orqanlarına
həvalə olunur. Köçürülən əhalinin toplanma yerlərində stasionar tibb müəssisələri və
piyada köçürmə marşrutlarında xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil
edilir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, sülh və müharibə dövrlərindəki fövqəladə
hallarda köçürmə işlərinin müvəffəqiyyəti – köçürülən əhalinin fəaliyyətindən,
mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır.