hərəkət
etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə
nəzərdən keçirmək mümkün olsun.
Axtarış zamanı insanların qala biləcəyi daha çox ehtimal edilən yerlərə:
zirzəmilərə, divarların dibinə, pilləkən yerlərinə və s. xüsusi diqqət yetirilməlidir.
Üçqunlarda nəzərə çarpan paltar, ayaqqabı, bədənin bir qismi, habelə uçqun altından
gələn hənirti – orada adam qaldığını göstərən əlamət ola bilər.
Həmişə çoxlu adam toplaşan yerlərdəki uçqunlar (bazar, mağaza, vağzal, tamaşa
müəssisələri, məktəb) xüsusən diqqətlə yoxlanmalıdır. Yanaraq tüstü bürümüş
binalarda insanları tapmaq daha çətindir.
Belə binalar sürətlə, lakin təhlükəsizlik
qaydalarına dəqiq əməl etməklə axtarılmalıdır. Tüstü bürümüş otağın qapılarını
ehtiyatla və tədricən açmaq lazımdır, çünki içəriyə birdən-birə çoxlu hava keçməsi
alovlanmaya səbəb ola bilər. Belə binalarda adətən aşağı əyilərək hərəkət edir və
adamları səsləməklə axtarırlar. Xüsusən uşaqları diqqətlə axtarmaq tələb olunur,
çünki onlar qorxudan ən gözlənilməz yerlərdə gizlənə bilərlər.
Uçqun altında qalmış, yaxud yanan binalardan insanları xilas etmək üçün konkret
şəraitdən asılı olaraq elə üsul seçirlər ki, işin sürətlə və təhlükəsiz aparılmasına imkan
yaratsın.
İnsan uçqunun üstünə yaxın yerdə qalıbsa – uçqunu üstdən, yaxud kənardan çox
ehtiyatla sökməyə başlayırlar. İri hissələri qaldırıb
kənara atmaq üçün avtomobil
kranından və digər yükqaldırıcı mexanizmlərdən istifadə edirlər.
Uçulmuş binanın zirzəmisində və ya divarın dibində qalmış adamı arakəsmə
divarda baca açaraq çıxarmaq lazımdır.
Bu üsullardan istifadə etmək mümkün olmayan hallarda uçqunun üstündən onun
içərisinə doğru üfüqi, yaxud şaquli lağım-keçid düzəldirlər. Lağımın en kəsiyi adətən
1x1 metr ölçüdə olur. Uçqun hissələri sürüşməsin və çökməsin deyə, çökə biləcək
hissələrin altına
dirək qoyur, lağımın üst və yan divarlarını içəridən dayaqlarla
bərkidirlər.
Uçqun altında insan aşkar edilərsə əvvəlcə onun başı və döşü üstünə düşmüş
qırıntıları ehtiyatla kənar edir, ilk tibbi yardım göstərir və yaralıları toplama
məntəqəsinə göndərirlər.
Pilləkənləri az dağılmış binanın üst mərtəbələrindən
zədəliləri müvəqqəti taxta
altlıq vasitəsilə düşürürlər. Pilləkənlər tamamilə dağılan hallarda, binanın divarını
deşərək oradan insanları qonşu binaya keçirmək və ya söykəmə nərdivan vasitəsilə
pəncərədən çıxarmaq olar.
Yuxarı mərtəbələrdən adamları asma beşiklər vasitəsilə də düşürmək mümkündür.
Yanan binalardakı insanları ilk növbədə xilas etmək lazımdır. Bu işləri xilasedici
dəstələr yanğınsöndürücülərlə birlikdə yerinə yetirirlər.
Dağıntı ocaqlarında yaralılara ilk tibbi yardımı sanitar drujinaların şəxsi heyəti
göstərir. Drujinanın üzvləri tapılıb xilas edilmiş yaralılarda qanaxmaları müvəqqəti
dayandırır, yaraya sarğı qoyur, sınmış sümükləri tərpənməz hala salır, lazımi hallarda
süni nəfəs verir və zədə şokuna qarşı tədbir görürlər.
Bundan sonra xilasedici
manqalar yaralıları toplanış, yaxud nəqliyyata mindirmə məntəqəsinə aparırlar.