Fəsil-III. Mühafizə üsulları. § 15. Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri Tibbi yardımın növləri Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi
yardım üç növə ayrılır: ilk tibbi yardım; ilk həkim yardımı və ixtisaslaşdırılmış tibbi yardım. İlk tibbi yardım – yaralanmış və ya xəstələnmiş insanın halını yüngülləşdirə biləcək
ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə
zədələnmə yerində və ya onun yaxınlığında ən qısa müddətdə göstərilir. Bu yardımı
sanitar dəstələri, sanitar postları və Mülki müdafiənin şəxsi heyəti göstərir. Tibbi
yardımı əhalinin özü də özünəyardım və qarşılıqlıyardım qaydası ilə göstərməyi
bacarmalıdır. Bu məqsədlə ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi
proqramlar əsasında əmin-amanlıq dövründə əvvəlcədən öyrədilir.
İlk tibbi yardım aşagıkılardan ibarətdir: - qanaxmaları müvəqqəti olaraq dayandırmaq;
- yara və yanıq yerlərinə steril sarğı qoymaq;
- sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə
immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);
- kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə
vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin
qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz
geydirmək və təhlükəli sahələrdən çıxartmaq.
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi – yaralanmanın son nəticəsinə,
yəni yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Elektrik cərəyanı
vurarkən, güclü qanaxma, boğulma, ürək fəaliyyətinin dayanması və nəfəs kəsilən
hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər çoxlu yaralılara eyni zamanda
ilk tibbi yardım göstərmək tələb olunursa, bu zaman yardımı birinci növbədə uşaqlara
və ağır yaralılara göstərmək lazımdır. Belə hallarda yüngül yaralılar özləri də
özünəyardım və qarşılıqlı yardım göstərməlidirlər.
İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox ehtiyatla icra edilməlidir.
Ehtiyatsız və kobud ilk yardım yaralıya əlavə əziyyət verib onun halını ağırlaşdıra
bilər.
İlk tibbi yardım göstərilərkən təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən,
sanitar çantasındakı dərman və əşyalardan, həm də əlaltında olan yardımçı
vasitələrdən istifadə edilir.