Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. § 10.Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması. Kəşfiyyat – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi
üçün MM qüvvələrinin ən başlıca təminat növüdür.
Kəşfiyyat təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin müasir
qırğın silahlarından istifadəsi nəticəsində yaranmış vəziyyət barədə məlumatların əldə
edilməsi məqsədilə bütün təbəqəli komandirlərin, qərargahların, hərbiləşmiş və
hərbiləşdirilməmiş MM qüvvələrinin həyata keçirdikləri tədbirləri özündə əks etdirir.
Qarşıya çıxan tapşırıqların xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat
növlərinə bölünür.
Ümumi kəşfiyyat – fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə
dərhal ilkin məlumatlar əldə etmək üçündür.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini, dağıntının dərəcəsini,
dəyən maddi ziyanın miqdarını, xəsarət alanların və köməyə ehtiyacı olanların sayını,
əhalinin mühafizəsi və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini,
müəyyən etmək məqsədilə təşkil olunur və aparılır.
Ümumi kəşfiyyat:
– müşahidə;
− qəzaya məruz qalmış əraziyə (obyektə) baxış;
− zədə alanların axtarışı;
− müxtəlif planların (sxemlərin) öyrənilməsi;
− qəzanın baş verməsi barədə məlumatı olanlarla sorğunun keçirilməsi yolu ilə
aparılır.
Kəşfiyyat aparılan zaman müxtəlif texniki vasitələrdən (durbin, kompas, şəkilçəkən,
video aparatı və s.) istifadə edilə bilər.
Kəşfiyyat vəzifələrinin yerinə yetirilməsi üçün kəşfiyyatın qüvvə və vasitələri
müxtəlif nəqliyyat vasitələrinin bazasında yerləşdirilə bilər.
Xüsusi kəşfiyyatı adətən MM xidmətləri təşkil edir. Bu zaman kəşfiyyat
yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə öyrənilir,
dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.