Verilənlərin dinamik strukturlarını belə təsnif etmək olar:
• bir istiqamətli siyahılar;
• iki istiqamətli (iki əlaqəli) siyahılar;
• halqavari (dövrü) siyaü) siyahılar;
• stek;
• dek;
• növbə;
• ikili ağaclar.
Qeyd edək ki, bəzi mənbələrdə sadaladığımız bu tipləri verilənlərin mücərrəd tiplərinə də aid edirlər.
Onu da qeyd edək ki, təsnifat həmişə subyektiv xarakterli olur, ona görə xatırlamaq lazımdır ki, istənilən təsnifat kifayət qədər şərtidir və bütün hallarda reallığı əks etdirə bilmir.
MÜHAZİRƏ 3 Verilənlərin strukturları üzərində yerinə yetirilən əməliyyatlar
Verilənlərin istənilən strukturları üzərində aşağıdakı dörd ümumi əməliyyat yerinə yetirilə bilər:
- yaradılma,
- məhv edilmə,
- seçmə (əldə etmə və ya giriş),
- yeniləmə.
Yaradılma əməliyyatı verilənlərin strukturu üçün yaddaşın ayrılmasından ibarətdir. Yaddaş proqramın icrası prosesində və ya kompilyasiya mərhələsində ayrıla bilər. Proqramçı tərəfindən konstruksiya edilən strukturlaşdırılmış verilənlər üçün bir sıra dillərdə (məsələn, C və C#) yaradılma əməliyyatına həmçinin ilkin qiymətlərin təyin edilməsi də daxil olur.
Verilənlərin strukturlarının məhv edilməsi əməliyyatı yaradılma əməliyyatının əksidir. Pascal, C, C# dillərində blokun daxilində olan verilənlərin strukturu proqramın icrası prosesində blokdan çıxdıqda məhv edilir. Məhvetmə əməliyyatı yaddaşdan effektiv istifadə etməyə kömək edir.
Seçmə əməliyyatı strukturun özünün daxilində verilənləri əldə etmək (giriş) üçün proqramçılar tərəfindənistifadə olunur. Giriş əməliyyatının forması müraciət edilən verilənlərin strukturunun tipindən asılı olaraq həyata keçirilir. Giriş metodu o vaxt əhəmiyyətli olur ki, o verilənlərin konkret strukturunun seçilməsi ilə bilavasitə əlaqəli olsun.
Yeniləmə əməliyyatı verilənlərin strukturunda verilənlərin qiymətlərini dəyişdirməyə imkan verir. Yeniləmə əməliyyatına mənimsətmə əməliyyatını və ya daha mürəkkəb forma olan parametrlərin ötürülməsini misal göstərmək olar.
Yuxarıda göstərilən dörd əməliyyat verilənlərin bütün strukturları və tipləri üçün məcburidir. Bu ümumi əməliyyatlardan başqa, verilənlərin hər strukturu üçün yalnız bu tip (bu struktur) ilə işləyən spesifik əməliyyatlar müəyyən edilə bilər. Belə spesifik əməliyyatları verilənlərin hər konkret strukturunu öyrəndikdə müzakirə edəcəyik.