Verilənlərin baza tipləri Müxtəlif növ informasiyanı, məsələn, tam və həqiqi ədədləri, məntiqi qiymətləri və simvollar ardıcıllıqlarını emal etmək üçün proqramlaşdırma dillərində verilənlərin tipi anlayışından istifadə edirlər. Verilənlərin tipi - proqramda rast gəlinən istənilən qiymətin ayrılmaz atributudur.
Verilənlərin hər bir tipi onların iki xarakteristikasını müəyyən edir:
• bu tipə aid olan verilənlərin ala biləcəyi mümkün qiymətlər çoxluğu;
• verilənlər üzərində yerinə yetirilə biləcək əməliyyatlar yığımı.
Bütün tipləşdirilmiş proqramlaşdırma dilləri (C, C++, C#. Go, Java, Python, PHP və başqaları) verilənlərin baza (primitiv) tipləri yığımını dəstəkləyir. Məsələn, tam ədədlər tipi (int), həqiqi ədədlər tipi (real, float), məntiqi tip (boolean), simvolik tip (char). Bu baza tipləri bütün proqramlaşdırma dillərində eyni mahiyyət daşıyır və yalnız təsvir formasına görə (məsələn, tam tip bir dildə integer yazıldığı halda, digər dildə int kimi yazıla bilər) və qiymətlərin dəyişmə diapazonuna görə fərqlənə bilər.
Proqramlaşdırma dilinin tiplər sistemi proqramda hesablanmış hər bir qiyməti müəyyən tipə aid edir və onların üzərində əməliyyatların icra edilməsinin düzgünlüyünə nəzarət edir. Məsələn, proqramın kompilyasiyası və ya onun icrası mərhələsində sətir qiymətlərinin tam ədədə bölünməsi və s. kimi səhvlər aşkar edilə bilər.
Baza tiplərindən başqa, proqramlaşdırma dili verilənlərin tərkibli tiplərini (aqreqat, struktur, birləşmə tipləri) də dəstəkləyə bilər. Bu tiplər baza tipləri əsasında formalaşdırılır. Məsələn, C, C++ və C# dillərində massivlər, strukturlar və siniflər tərkibli verilənlər tiplərinə aid edilir.
Göstəricilər Bütün proqram obyektləri və verilənlərin strukturu özlərinin kompüterin yaddaşında yerləşdikləri ünvanlarla xarakterizə olunur. Bu ünvanlar hər hansı formada proqramda istifadə edilə bilər, bunun üçün isə onlar haradasa yadda saxlanmalıdır. Ünvanları yadda saxlamaq üçün göstəricilərdən istifadə edilir.
Göstəricilər - digər dəyişənlərin və ya funksiyaların, o cümlədən, siniflərin (hər hansı proqram obyektlərinin, məsələn, dəyişənlərin, massivlərin, yazıların) ünvanlarından ibarət dəyişənlərdir.
Göstəricilər öz təyinatlarına görə, yəni, digər dəyişənlərin ünvanlarını yadda saxladıqlarına görə qeyri-adi, özlərinin bəzi xassələrinə, məsələn, yerinə yetirilən əməliyyatlara görə isə adi dəyişənlərdir. Ünvanlar işarəsiz tam (uzun) ədədlər olduğundan göstəriciləri verilənlərin sadə (tamədədli) tiplərinə aid edirlər.