Massivlər Massivlər proqramlaşdırmada ən çox istifadə edilən tiplərdir. Massiv eyni tipli indeksli verilənlər yığımına deyilir. Massivin elementləri yaddaşda bir-birinin yanında ardıcıl yerləşir. Massivin elementlərinə onların indeksi (nömrəsi) vasitəsi ilə müraciət edilir. Elementlər ixtiyari tipli (lakin eyni) ola bilər. Massivlər bir ölçülü, iki ölçülü, uç ölçülü və s. olur. Massivlərin ölçüsü massivlərin indekslərinin sayı ilə müəyyən olunur. Bir ölçülü massivlərə, adətən, vektor deyirlər. İki ölçülü massivlər məntiqi səviyyədə qiymətlər matrisindən ibarət olur. Böyük ölçülü massivlər paralelepipeddən (və ya matrislər yığımından), hiper paralelepipeddən (və ya matrislər yığımı yığımından) ibarətdir. Bununla əlaqədar olaraq belə strukturları düzbucaqlı strukturlar adlandırırlar. Kompüterin yaddaşı unikal nömrəli xanaların xətti (faktiki olaraq birölçülü) ardıcıllığından ibarət olduğu üçün fiziki səviyyədə bir ölçüdən yuxarı massivlərin təsviri çətinlik yaradır. Belə massivlər birölçülü massivlər massivi kimi, faktiki olaraq, birölçülü massivlərə göstəricilər massivi kimi təsvir edilir.
İkiölçülü massiv, yəni matrislər halında, belə massivlərə göstəricilər massivlərinin hər birölçülü massivində matrisin sütunlarının və ya sətirlərinin elementləri saxlanılır. Sütunların və ya sətirlərin seçilməsi proqramlaşdırma dili ilə (C ailəsi dillərində - sətirlər) müəyyən edilir.
Üçölçülü massiv üçün paralelepiped qatlardan ibarət olur, bu qatların hər biri bir matrisdir. Real olaraq qat matrisə göstəricidir,bütün qatlar isə matrislərə göstəricilər massividir. Beləliklə, çoxölçülü (və birölçülü) massivlərin elementlərinə müraciət etmək üçün göstəricilər istifadə oluna bilər.
İkiölçülü massivin elementləri sətirlər üzrə saxlanır. Əgər yaddaşda onların yerləşmə ardıcıllığına baxsaq, onda görərik ki, ən sağdakı indeks daha sürətlə dəyişir. Bu, böyük ölçülü massivlər üçün də doğrudur.
Yazılar Hər şeydən əvvəl qeyd edək ki, C ailəsi dillərində yazılara strukturlar deyirlər. Struktur - müxtəlif tipli, bir proqram obyektində birləşdirilmiş məntiqi əlaqəli informasiya yığımıdır. Siniflər kimi strukturlar da sahələrdən və metodlardan ibarətdir. Strukturun sahələri müxtəlif tipli ola bilər.
Çoxluqlar Massiv və yazılarla yanaşı verilənlərin daha bir strukturundan - çoxluqlardan istifadə edilir. Bu tip çox da geniş istifadə edilmir, ancaq bəzi hallarda onu tətbiq etmək lazım gəlir. Proqramlaşdırmada “çoxluq” tipi riyaziyyatdakı çoxluq anlayışına uyğun olaraq istifadə olunur. Çoxluq əvvəlcədən müəyyən edilmiş qiymətlərdən seçilmiş eyni tipli, lakin nizamlanmamış elementlər yığımıdır. Ona görə də çoxluqları təsvir etdikdə elementlərin tipi göstərilməlidir.
Çoxluqlar üzərində əməliyyatlar çoxluqlar nəzəriyyəsinin riyazi qaydalarına görə aparılır. Bu əməliyyatlar aşağıdakılardır:
• Çoxluqların birləşməsi;
• Çoxluqların kəsişməsi;
• Çoxluqların fərqi;
• Alt çoxluğun yoxlanması və s.
Proqramlaşdırma nöqteyi-nəzərindən çoxluqlar üzərində bu əməliyyatlarla yanaşı çoxluğa elementin əlavə edilməsi, çoxluqdan mövcud elementin silinməsi, çoxluğa mənsub olmanın yoxlanması və s. əməliyyatlar yerinə yetirilə bilər.