Mövzunun aktuallığı. Kurs işində 1912-1913-cü illərdə olan birinci və ikinci Balkan savaşları və bu savaşlar zamanı Avropa ölkələrinin mövqeyi, həmçinin müharibədən sonrakı beynəlxalq vəziyyət tədqiq olunur.
XIX əsr boyu Böyük Dövlətlər Osmanlı İmperiyasının bütövlüyü ilə bağlı “Şərq məsələsində” fərqli məqsədlər güdürdülər. Rusiya Aralıq dənizinə çıxış arzulayır və Bolqarıstan və Serbiyanı dəstəkləməklə, pan-slavyan ideyalarını daha da gücləndirmək istəyirdi. İngiltərə isə, Rusiyanın bu istəyinə mane olur və Osmanlının ərazi bütövlüyünü dəstəkləyirdi. Fransa isə Levantda öz mövqelərini gücləndirmək niyyətində idi. Avstriya-Macarıstan Osmanlının varlığının davam etməsini arzulayırdı. Çünki bir dövlətin dağılması digərinə də təsir göstərə bilərdi. İtaliyanın əsas məqsədi isə başqa bir dövlətin Adriatik dənizinə çıxış əldə etməsinə mane olmaq idi. Balkan dövlətləri isə bütün bu vəziyyətlərdən istifadə edərək, öz millətlərini qorumaq və başqa millətlərə qarşı terror etmək üçün XIX əsrin sonu XX əsrin əvvəllərində Osmanlı İmperiyası daxilində çoxsaylı silahlı dəstələr yaradırdılar.
1908-ci ildə yeni beynəlxalq böhran baş verdi. Avstriya-Macarıstan Osmanlının 1878-ci ilddə de-yuri ilhaq etdiyi Bosniya-Herseqovinanı işğal etdi. Serbiya isə buna etiraz etdi. 1909-cu ildə Avstriya-Macarıstan səfərbərlik elan edərək Serbiya sərhədlərinə ordu toplamağa başladı. 1909-cu ilin 21 martında Almaniya Rusiyaya ultimatum göndərərək Serbiyaya təzyiq göstərməsini və Bosniya-Herseqovanın ilhaqını tanımasını istədi. Rusiya isə Serbiyaya hərbi cəhətdən kömək edəcək durumda olmadığı üçün Serbiyaya güzəştə getməli oldu. Məhz bu hadisələr, Rusiya ilə Avstriya-Macarıstan və Almaniya arasındakı münasibətlərin daha da pisləşməsinə gətirib çıxartdı. Bunun ardınca Rusiyanın digər Balkan dövlətlərini dəstəkləməsi Avstriya-Macarıstanı ciddi narahat edirdi.
1908-ci ilin yayında Türkiyədə baş vermiş inqilabdan istifadə edən Bolqarıstan 1908-ci ilinn 5 oktyabr tarixində müstəqilliyini elan etdi. Bosniyanın ilhaqından sonra Osmanlının Avstriya-Macarıstana etiraz etməsi, bu dövlətin Bolqarıstanla yaxınlaşmasına səbəb oldu. Belə ki, Avstriya-Macarıstan Bolqarıstana 1909-cu ilin 11 yanvar tarixində hərbi saziş bağlamağı və Osmanlıya qarşı mübarizəsində ona kömək etməyi təklif etdi. Lakin 1909-cu ilin fevralında Avstriya ilə Osmanlı arasında müqavilə bağlandı. Müqaviləyə görə Avstriya-Macarıstan Osmanlıya 2,5 milyon funt-sterlinq pul ödəyəcək, qarışılığında isə Osmanlı Bosniyanın ilhaqını tanıyacaqdı.
Rusiya Bolqarıstanla Osmanlı arasındakı ziddiyyətləri həll etmək üçün kömək etmək istədi. Belə ki, Bolqarıstan Osmanlı dövlətinə 82 milyon frank kompensasiya verməli idi. Rusiya isə Osmanlı dövlətinə 125 milyon frank pul verərək xahiş etdi ki, daha Bolqarıstandan kompensasiya istəməsin. Osmanlı isə Rusiyanın bu təklifi ilə razı olduğunu bildirdi.
Beləliklə bir tərəfdən Rusiyanın, digər tərəfdən Avropanın bir çox Böyük dövlətlərinin dəstəyini alan Balkan ölkələri sonrakı mərhələlərdə aralarındakı problemi həll etməyə, Balkan ittifaqını yaratmağa və Osmanlıya qarşı müharibəyə başlayacaqdılar. (Şəkil 1)