ABŞ -ın təhsil sistemi
Əgər biz hamı üçün təhsil almaq imkanı və təhsil sisteminin yüksək keyfiyyətini təmin edə bilməsək, XXI əsrdə biz vahid Amerika ola bilmərik. Bizdən hər bir amerikalıya dünyanın ən yaxşı təhsil müəssisələrində ən yaxşı müəllimlərdən ən yaxşı təhsil almaq üçün şərait yaratmaq tələb olunur. Bu isə o deməkdir ki, bizdə yüksək standartlar, böyük ümidlər və təhsil sahəsi ilə bağlı olan hər bir kəsdə yüksək məsuliyyət hissi olmalıdır.
Bill Klinton
Dövlət (ictimai) və xüsusi təhsil sistemləri
ABŞ-ın təhsil sistemi özəl və dövlət sektorlarından ibarətdir. Dövlət ali məktəblərinin sayı 605, xüsusi ali məktəblərin sayı 1610-dur. Bundan əlavə, 1036 - ictimai (dövlət və ya bələdiyyə) və 437 xüsusi 2-illik kollec vardır. Dövlət ali məktəbləri böyük olduğundan burada tələbələrin 80%-i, xüsusi ali məktəblərdə isə 20%-i təhsil alır. Dövlət (ictimai) ali məktəblərində illik təhsil haqqı təqribən 2700 $, xüsusi ali məktəblərdə 12000 $, 2-illik kolleclərdə 1200 $-dır. Lakin bəzi xüsusi ali məktəblərdə təhsil haqqı 25-30 min dollardır.
1993-cü ilin məlumatına görə ABŞ-ın əhalisi 255 milyon, orta məktəbdə oxuyan şagirdlərin sayı 43 milyon, müəllimlərin sayı 3 milyon 200 min, orta məktəbə çəkilən xərclərin miqdarı 254 milyard dollar olmuşdur. Şagirdlərin 89%-i pulsuz məktəblərdə, 9,5%-i nisbətən az ödəncli xüsusi məktəblərdə, 1,5%-i yüksək ödəncli elitar xüsusi məktəblərdə təhsil almışdır. 1996-cı ilin məlumatına görə ali məktəblərdə oxuyan tələbələrin sayı 12 milyon 300 min, magistraturada və doktoranturada isə 1 milyon 700 min olmuşdur. Dövlət (ictimai) ali məktəblərinə çəkilən xərcin miqdarı 110 milyard dollar, xüsusi ali məktəblərə – 64 milyard dollar olmuşdur.
Dövlət sektoru əsasən ibtidai və orta təhsil sahələrində inkişaf etmişdir. Məktəbyaşlı uşaqların təqribən 90%-i ictimai məktəblərdə təhsil alır.
II Dünya Müharibəsindən sonra həm dövlət, həm də özəl təhsil sistemləri yüksək templə inkişaf etmişdir. Bu artıma təsir göstərən amillər sırasında elmi-texniki tərəqqinin tələbi ilə işçi qüvvəsinin hazırlanması zərurəti, SSRİ ilə rəqabət, əhalinin demoqrafik tərkibinin dəyişməsi və nəhayət, 60-cı illərin “insan kapitalı” nəzəriyyəsinə əsasən təhsilə çəkilən xərclərin təsərrüfat effekti verən investisiyalar kimi nəzərdə tutulması olmuşdur. Nəticədə, 1950-1983-cü illərdə təhsilə ayrılan dövlət və özəl xərclər 11 milyard dollardan 215 mlrd. dollara qədər artmışdır. ÜMM-da onların payı 1954-cü ildə 3,4%, 1983-cü ildə 6,9% olmuşdur (1975-ci ildə 8% olmuşdur).
60-70-ci illərdə 2-illik kiçik kolleclərin sayının artması ali təhsil sahəsində dövlət sektorunu genişləndirmişdir. Bu, ilk növbədə işçi qüvvələrindən çoxsaylı abiturientlərin 4-illik universitet və kolleclərə axınının qarşısının alınmasına yönəlmişdi. (2-4-illik kollec universitet nəzdində və ya müstəqil fəaliyyət göstərən təhsil müəssisəsidir. Universitet kollecdən fərqli olaraq həm də magistr dərəcəsi verir).
Yeni yaranan təhsil müəssisələrinin əksəriyyəti texniki peşə yönümündə orta ixtisas təhsili verən xüsusi təhsil müəssisələri idi. Nəticədə ali dövlət məktəblərinin strukturu əhəmiyyətli dərəcədə dəyişdi: 80-ci illərdə onların 1/3-i tam ali təhsilli, 2/3-i isə dövlət sektoruna aid tələbələrin yarısının təhsil aldığı kiçik kolleclərdən ibarət idi.
Dostları ilə paylaş: |