Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə6/14
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#7104
1   2   3   4   5   6   7   8   9   ...   14

«عن موسي بن عبيدة عن محمد بن كعب عن ابن عباس انه قال: انما كانت المتعة في اول الاسلام فكان الرجل يقدم البلدة ليس له بها معرفة فيتزوج المرأة بقدر ما يري انه يقيم فتحفظ له متاعه و تصلح له شأله حتي اذا نزلت الآيه (الا علي ازواجهم او ما ملكت ايمانهم) قال ابن عباس فكل فرج سوي هذين فهو حرام»

Musa ibn Ubeydə Məhəmməd ibn Kəbdən, o da İbn Abbasdan nəql edir ki, belə dedi:

“Mütə İslamın ilk çağlarında şəriət baxımından halal idi. Hər diyardan şəhərə daxil olan bir şəxs orada tanışı olmasaydı, qalacağı müddətdə bir qadınla müvəqqəti evlənərdi. O qadın kişinin mal və pulunu saxlayar, işlərini görərdi. Bu hökm “illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi nazil olana qədər öz qüvvəsində idi.”

Ibn Abbas əlavə etdi: “Bu ayənin hökmünə əsasən, bu iki haldan savayı bütün fərclər (yaxınlıqlar) haramdır.”217

Bu növ hədislərin mətnində olan nöqsanlardan əlavə sənəd baxımındanda zəifdir. Əhli-sünnənin rical kitablarında yazıldığına əsasən, İbn Ubeydə məchul218 və etimad olunmayan birisidir.

İbn Həcər, Bərqi, İbn Qane, İbn Muin, Əli ibn Mədini, Termizi, Nisayi219, Həysəmi220 və İbn Qəttan221 Musa ibn Ubeydəni “zəif” adlandlrmışlar. Əbu Hatəm, Saci, Əhməd ibn Hənbəl222 və İbn Həbbanın223 fikrincə, o, “munkirul-hədis” dir. İbn Həcər224 və Mizzi isə onu “məchul” adlandırmışlar.225

Bərqi demişdir: onun hədislərində zəif nöqtə çoxdur. Ona görə də bəzi alimlər onun hədisini qəbul etməmişlər. Əqili və İbn Muin bu fikirdədilər ki, onun hədisi səhih deyil və ona istinad etmək olmaz.226

Bundan əlavə hədisin sənədində Sufyan ibn Əqəbənin də adı var. Rical alimlərinin dediklərinə görə ona etimad etmək olmaz. Biz bu ravi barəsində söhbət etməyi lazım bilmirik. Lakin hədisin mətni və sənədini araşdırmadan öncə nümunə üçün Yəhya ibn Muinin bu ravi barəsində söylədiklərini sizə təqdim edirik. Yəhya ibn Muin demişdir: “Sufyan ibn Əqəbə məchul və taninmamış bir şəxsiyyətdir.”227

Hədisin mətninin də qüsurluu olduğu isbat etmək üçün digər hədislərdən və əhli-sünnə alimlərinin bir-biri ilə uyğun olmayan sözlərindən istifadə edərək aşağıdakı mətləbləri diqqətinizə çatdırırıq:

1) İbn Abbas Mədinə şəhərinə hicrətdən üç il öncə, Məkkə şəhərində Bəni Haşim vadisində dünyaya gəldi. Yəni Mədinəyə hicrət zamanı onun üç yaşı var idi.228"Muminun"229 və "Məaric"230 surələri də Mədinə şəhərində nazil olmuşdur. Əgər bu iki surənin ibn Abbasın doğum tarixindən sonra nazil olduğunu qəbul etsək, yenə də bu iki hədisi təsdiqləmək qeyri-mümkündür. Çünki bu üç yaşlı uşaq həmin ayənin mütə ayəsini nəsx etdiyini haradan biləcəkdi?! Buna da diqqət etmək lazımdır ki, daim Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə Məkkədə bir yerdə olan səhabələrdən heç birisi belə bir söz danışmamışlar. Bu, hədisi uyduranların nə qədər diqqətsiz və cahil olduqlarını nümayiş edir.

Əhli-sünnənin görkəmli alimləri Abdullah ibn Zübeyrin xilafəti zamanında Abdullah ibn Abbasla Abdullah ibn Zübeyr arasında baş verən mübahisəni öz mötəbər kitablarında nəql etmişlər. Biz onların bəzilərini keçən söhbətlərimizdə qeyd etdik. Burada zehnə gələn sual bundan ibarətdir ki, əgər “illa əla əzvacihim ov ma mələkət əymanuhum” ayəsi Məkkə şəhərində nazil olmuşdursa, necə ola bilər ki, İbn Abbas Məkkədə mütə nikahının təhriminə etiqad bəsləsin amma İbn Zübeyrin xilafəti dövründə onunla mütə nikahının halallığı barədə mübahisə etsin?

2) Keçən müzakirələrdə söylədiyimiz hədislərdə deyilirdi ki, Həzrət Əli (əleyhis-salam) İbn Abbası mütə nikahının halallığına fitva verməkdən çəkindirmişdi. Bu hadisə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra baş vermişdi. Lakin bu hədisdən belə anlamaq olar ki, İbn Abbas mütə nikahını Məkkədə yuxarıdakı ayə nazil olandan sonra haram bilmişdir.

3) Mütə nikahının ayəsi hər iki məzhəbin təfsirçilərinin fikrincə Mədinədə, yuxarıdakı ayə isə Məkkədə nazil olmuşdur. Məkkədə nazil olan bir ayə Mədinə ayəsini necə nəsx edə bilər?!

4) Bu hədis səhih olsaydı, əhli-sünnə alimləri heç vaxt İbn Abbasın adını mütə nikahını - peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra - caiz bilənlərin sırasında çəkməz, ya da İbn Abbasın öz əqidəsindən döndüyündən söz açmazdılar.

Bu ziddiyyətlər arada təhrif əlinin olmasından xəbər verir. Belə hədislərin yalan və ya düz olmasını bilmək üçün çox diqqət etmək lazımdır.

Habelə İbn Abbasın mütə nikahının halallığı haqqındakı fitvasını dəyişdiyini isbat edən yalançı hədislər silsiləsində başqa bir hədis uydurmuşlar. Bu hədisi Beyhəqi, Təbərani, Əzimabadi öz əsərlərində üç yolla (üç növ sənədlə) Səid ibn Cubeyrdən nəql etmişdir. Maraqlıdır ki, sözü gedən hədisin mətnindəki uyğunsuzluqdan əlavə, sənədində də etibarsız fərdlər mövcuddur. Onun mətn və sənədində olan yalanları ifşa etmək üçün bu hədisi nəql edib, sonra hər iki hədisi həm mətn, həm də sənəd baxımından tədqiq və təhlil edəcəyik.

Beyhəqi yazır:

« ابن وهب اخبرني جرير بن حازم عن الحسن بن عماره عن المنهال بن عمرو عن سعيد بن جبير قال قلت لابن عباس ماذا صنعت ذهبت الركائب بغتياك و قال فيه الشعراء قال و ما قالوا، قلت قالوا:

اقول للشيخ لما طال مجلسه يا صاح هل لك في فتيا ابن عباس

يا صاح هل لك بيضاء بهكنة تكون مثواك حتي مصدر الناس»

“İbn Vəhəb (mənə) Cureyr ibn Hazimdən, o da Həsən ibn Əmarədən, o da Minhal ibn Əmrdən, o da Səid ibn Cübeyrdən belə nəql edir:

İbn Abbasa belə dedim:

- Bu nə işdir ki, sən etdin? Süvarilər sənin fikirlərini ətrafa yaydılar. Şairlər bu haqda şer qoşdular.

- Nə dedilər? - deyə İbn Abbas soruşdu.

- Onlar demişlər, - və bu şeri onun üçün oxudum:

“Möhtərəm şeyxin (müəllimin) məclisi uzun çəkmiş və şagirdləri getmişdilər. Ona dedim ki, İbn Abbasın fitvası ilə necəsən? Istəyirsən ki, bir qadınla mütə bağlayasan və cinsiyyət alətin azadlığa çıxsın, munis tapsın? Camaat və şagirdlərin qayıdana kimi isti və yumşaq yatağın olsun?”

Əzimabadi yazır:



«حدثنا السماك قال حدثنا الحسن بن سلام السواق قال حدثنا الفضل بن دكين قال حدثنا عبدالسلام عن الحجاج عن ابي خالد عن المنهال عن سعيد بن جبير قال قلت لابن عباس هل تدري ما صنعت؟...»

İbn Abbas cavabında dedi:



«انا لله و انا اليه راجعون والله ما بهذا افتيت و لاهذا أردت و لا احللت الا مثل ما احل الله سبحانه و تعالي من الميتة و الدم و لحم العنزير و ما يحل للمضطر و ما هي الا كالميتة و الدم و لحم الخنزير»

“İnna lillah və inna ileyhi raciun. Yox! Allaha and olsun ki, mən belə bir fitva verməmişəm. Verdiyim fitvada nəzərdə tutduğum bu deyil. Mən mütəni əlacsız olan kəsdən başqa birisi üçün halal etməmişəm. Mütəni o həddə halal etmişəm ki, Allah-taala ölü, qan və donuz ətindən həmin həddə halal etmişdir.”231

Əzimabadinin rəvayət etdiyi hədisi Təbərani öz “Möcəmul - Kəbir” kitabında bir sıra sənəd fərqlərilə və həmin mətnlə nəql etmişdir. Onun nəql etdiyi sənədin tərtibi belədir: Əli ibn Əbdüləziz, Əbu Nəim Fəzl ibn Dikkin, Əbdussəlam ibn Hərb, Həccac ibn Ərtah, Əl-Minhal ibn əmr və Səid ibn Cubeyr nəq etmişdir...232

Bu hədislər vasitəsilə bəzi alimlər İbn Abbasın öz əqidəsindən döndüyünü isbat etməyə çalışmışlar. Biz burada həmin hədislərin dəyərini aydınlaşdırmaq üçün onun sənədində adları çəkilən ravilərin şəxsiyyətləri barədə söhbət açacağıq.

Beyhəqinin nəql etdiyi hədisdə Həsən ibn İmarə adı gözə dəyir. Əhli-sünnənin rical alimlərinin dediklərinə görə, bu ravi “zəif” və “mətrukul-hədis”233dir.

Ibn Həcər234, Nisayi, Müslim, Daruqutni, Əbu Hatəm Saci və Əlbani235 demişlər ki, Həsən ibn İmarənin hədisini kənara qoymaq lazımdır. İbn Həcər, Saci və İbn Muin onu “zəif” adlandırmışlar. Əbubəkr Məruzi və Əbu Talib isə onu “munkirul-hədis” bilmişlər. Şövbə demişdir: “Həsən ibn İmarə yetmiş hədis həkəmdən nəql etmişdir. Onların heç birinin əsli yoxdur.” Təyalesi demişdir ki, Şövbə dedi:

Ibn Cüreyr ibn Hazimə deyin ki, ona Həsən ibn İmarədən Hədis nəql etmək olmaz. Çünki o yalan danışır. (Amma yuxarıdakı hədisi ondan nəql etmişdir.)

Əbu Davud demişdir:

- Həsən ibn İmarənin yalan danışdığını haradan bilirsən? - deyə Şövbədən soruşdum.

- Həkəm heç bir əsli olmayan hədislər nəql etmişdir, - deyə cavab verdi.236

Əbu Talib demişdir: “Onun hədisləri uydurma hədislərdir. Onları yazmaq (nəql etmək) olmaz.”

Saci demişdir: “Əhli-hədis yekdil rəylə onun hədisini tərk etmək (etibar etməmək) qərarına gəlmişdir.”237

Ibn Həcər demişdir: “Alimlərin əksəriyyəti onun etibarsızlığını qeyd etmişdir.”238

Maraqlıdır ki, Beyhəqi öz “Sunən” kitabında hər yerdə Həsən ibn İmarənin adına çatanda onun “zəif”239 və ya “mətrukul-hədis”240 olduğunu qeyd edir. Lakin bu hədisi ondan nəql edir və Həsən ibn İmarənin “mətrukul-hədis” olmasından bir söz belə dilə gətirmir.

Hədisin sənədində Həsən ibn İmarədən başqa Minhal ibn Əmr adlı digər bir ravi də var ki, o da “zəif” adı ilə tanıtdırılmışdır. Biz həqiqətin aşkar olması üçün əhli-sünnə alimlərinin bu şəxs haqqında dediklərindən söhbət açırıq.

Əbu Həsən ibn Qəttan yazır: “Əbu Məhəmməd ibn Həzm həmişə Minhal ibn Əmri zəif idlandırardı. İbrahim ibn Ubeyd Ət-Tənafi yazır ki, Muğeyrə Yəzid ibn Əbi Ziyada dedi: siz İbn Əyməş Əxməqə təəccüb etmirsiniz? Mən ona demişəm ki, Minhal ibn Əmrdən hədis nəql etmək olmaz. Lakin o yenə də Minhaldan hədis nəql edir. Sizi Allaha and verirəm, mənə deyin, Minhal iki dirhəm üçün şahidlik etməyə layiqdirmi? Ona : “yox” - deyə cavab verdim.”241

Yəhya ibn Muin yazir: Şövbə Minhalın evindən musiqi və qina səsi eşitdi və buna görə də onu tərk etdi.(ondan hədis nəql etməyi tərgitdi)242

Cozcani demişdir: “Minhal ibn Əmrin etiqadları pozğun idi.”243 İbn Cövzinin etiqadına görə də Minhal “zəif” birisi olmuşdur.244

Hədisin sənədində belə “zəif” və etibarsız insanların olmasına göz yumub, ona istinad etmək olarmı? Xüsusilə də bu hədislər İbn Abbasın mütə barəsində müsbət nəzərini göstərən hədislərlə qarşı-qarşıya gələrsə. Həmin hədislər əhli-sünnə kitablarında nəql olunmuş səhih hədislərdir.

Bütün bu dediklərimizlə uyğun hədislərin nöqsanları qurtarmır. Onların digər nöqsanları da vardır ki, inşaallah bu nöqsanları da qeyd edəcəyik. Bu xüsusda nəql olunan digər hədislər Əzimabadinin "Əvnul-məbud" kitabındakı hədislərdir. Bu ravayətlərin içində Beyhəqinin hədisinin mətnindən savayı İbn Abbasın cavabı da nəql olunmuşdur. Necə ki, Təbərani də "Mövcəmul-kəbir" kitabında nəql etmişdir. Lakin hər iki hədisin sənədində Minhaldan sonra ravilər arasında kimlərinsə adlarının silindiyi müşahidə olunur. Bu mətləbi ətraflı araşdırmazdan öncə Əzimabadinin nəql etdiyi hədisin sənədini göstərib bu sənədlə Mövcəm kitabındakı hədisin sənədi arasındakı fərqləri açıqlamağı lazım bilirik.

Adları çəkilən Səmmak, Həsən ibn Səlam, Əbu nəim Əl-fəzl ibn Dikkin, Əbdussalam Həccac ibn Ərtah, Əbi Xalid, Minhal ibn Əmr və Səid ibn Cubeyr arasında Minhal ibn Əmr barəsində danışdıq. Bu sənəddə daha bir etibarsız ravi var. Əhli-sünnə alimləri onun adını öz rical kitablarında çəkmiş və eibarsız adlandırmışlar. O, Həccac ibn Ərtahdır. Əhli-sünnə alimlərinin dediklərinə görə bu şəxs etibar ediləcək və inanılası şəxs deyil.

Əbu Zəryə ibn Muin və Zəhəbi bu qənaətə gəlmişlər ki, Həccac ibn Ərtah "müdəllis" olmuşdur.245

Əhməd ibn Hənbəl və Əbdürrəhman demişlər: “O, öz gözü ilə görmədiyi insanlardan hədis nəql etmişdir.” İbn Muin və Beyhəqi246 onun nəql etdiyi hədislərə istinad etməyi doğru saymırlar.

Əhməd və Əbdürrəhmanın atası onu “zəif” adlandırmılşlar. Əhməd ibn Hənbəl demişdir: “Həccac ibn Ərtah Zöhri ilə görüşməmişdir. Lakin ondan hədis nəql etmişdir.” Əbdürrəhman demişdir: “Atam deyərdi ki, Həccac Zöhri, Hüşam və Əkrəmədən hədis nəql etmiş amma onları görməmiş və hüzurlarında olmamışdır.”247

Zəhəbi yazır: “Onun hədisi dəqiq və möhkəm deyil. O, müdəllisdir. Buna görə də Buxari ondan hədis nəql etməmişdir. Onun xüdpəsənd olması nəzərə çarpır. Onun özü də demişdir ki, şöhrət sevgisi məni bədbəxt etdi.”248

Əzimabadinin bu hədisində Əbdüssalam adlı digər bir ravinin də adı hallanır. Bəzi alimlər onu da “zəif” adlandırmışlar. İbn Səəd demişdir:

“Onun hədisində süstlük gözə dəyir.”249

Əzimabadinin bu hədisinin raviləri barəsində verdiyimiz məlumatlardan sonra Təbəraninin hədisinin də dəyəri üzə çıxır. Çünki onun hədisini də Minhal, Həccac ibn Ərtah və Əbdüssalam ibn Hərb nəql etmişlər. Bu fərqlə ki, Həccac ibn Ərtah Əzimabadinin hədisini Xalid ibn Minhalın vasitəsilə nəql edir. Lakin Təbəraninin hədisində vasitəsiz olaraq Minhalın özündən nəql edir. Bu bizim işarə etdiyimiz ravi "ləğv edilməsi"dir. Bu yolla aydın olur ki, bu hədislər bir çox cəhətdən irad və nöqsanlıdır. Biz bu hədislərin sənədləri haqqında söhbətlərimizi başa çatırır və mövzumuzun kamilliyi üçün hədisin mətn və məzmununu təhlil edirik.

1) Səid ibn Cubeyrin İbn Abbasdan nəql etdiyi hədislərin bu hədislə ziddiyyəti vardır. Çünki onlar İbn Abbas tərəfindən mütə nikahının halallığını sübut edir.

2) Səid ibn Cübeyrin mütə nikahı ayəsinə verdiyi təfsir bu hədislərin ziddini sabit edir.

3) Əbdürrəzzağın “Müsənnəf”də nəql etdiyi hədislərdə Səid ibn Cubeyr bir İraqlı qadınla mütə etdiyindən söhbət açılır. Səid ibn Cubeyr tabein təbəqəsindən olduğu və peyğəmbər dövranını görmədiyi üçün məlum olur ki, nəsx baş verməmişdir və göstərilən hədislər uydurmadır.

4) Əzimabadi və Təbəraninin nəql etdikləri hədisdə deyilirdi ki, İbn Abbas özünü müdafiə etmək üçün güya mütə nikahını, əlacsız hallarda donuz əti və ya meyyit əti yeyilməsi ilə müqayisə etmişdir. Bunu İbn Abbasdan eşitmək inandırıcı deyil. Çünki İbn Abbas kimi tanınmış bir şəxsiyyət çox yaxşı bilir ki, Allah-taala donuz və ya ölü ətini insana acından ölmək qorxusu olan vaxtlarda yeməyi caiz bilmişdir. Əgər ölüm qorxusu olmasa bu haram şeyləri yeməyə heç kəsin haqqı yoxdur. Ona görə də həkim Allah ayədə buyurur: “fəməizturrə ğəyrə bağin və la adin”. “Bağin” sözü “bəğy” kökündən olub tələb etmək və istəmək mənasinda işlənir. Burada ləzzət istəmək mənasındadır. “Adin” sözü isə təcavüz edən mənasında işlənmişdir. Burada zərurət həddində təcavüz nəzərdə tutulur.250 Ayənin mənası budur ki, nə harama görə, nə də qarnınızı doyurmaq üçün əlinizi harama uzadın. Belə ki, Zeməxşəri də “Kəşşaf” təfsirində buna işarə etmişdir. Mütə nikahı olmayan halda isə can üçün ölmək qorxusu yoxdur. Əhli-sünnənin görkəmli alimləri də bu həqiqətə biganə yanaşmamışlar.Əzimabadi bu hədisi nəql edəndən sonra yazır ki, Xəttani demişdir:



«فهذا يتبين لك انه انها سلك فيه مسلك القياس و شبهه المضطر الي الطعام و هو قياس غيرٍ صحيح لان الضرورة في هذا الباب لاتتحقق كهي في باب الطعام الذي به قوام الا نفس و بعدمه يكون التلف و انما هذا من باب غلبه الشهوة و مصابرتها اهل ممكنة و قد تحسم مادتها بالصوم و الصلاح فليس احدها في حكم الضرورة كالآخر»

“Bu hədisdən məlum olur ki, İbn Abbas mütə nikahı məsələsini zərurət halında qidalanmaqla müqayisə etmişdir. Bu qiyas səhih və doğru bir qiyas deyil, mütə nikahının zərurətini qidalanmada olan zərurətə bənzətmək olmaz. Çünki ikincisində (qidalanmaqda) ölüm qorxusu var. Lakin birincisində şəhvət və ehtirasın qalib gəlməsidir. Təbii ki oruc tutmaqla və mübarizə ilə onu aradan qaldırmaq olar. Deməli, heç birinin zərurəti bir-birindəki kimi deyildir.”251

Bu dediklərimiz sözü gedən hədislərin sənədlərində olan nöqsanlardan əlavə tədqiq və təhlil sayəsində onlar arasında üzə şıxan ziddiyyətlərdir. Burada da bununla kifayətlənir və sadəcə yerdə qalan bir hədis barəsində danışmaq istəyirik. Bu hədisin sənəd və mətnini oxucuların nəzərinə çatdırmaqla onların təhlil və izahını öz üzərimizə götürürük.

«عن ابن شهاب (زهري) و اخبرني عبيد الله ان ابن عباس كان يفتي بالمتعة و يغمض ذلك عليه اهل العلم فابي بن عباس ان ينتكل عن ذلك حتي طفق بعضي الشعراء يقول: يا صاح هل لك في فتيا ابن عباس هل لك في ناعم خودٍ مبتلةٍ تكون مثواك حتي مصدر الناس»

“İbn Şahab (Zöhri) rəvayət edir ki, Abdullah mənə xəbər verdi (nəql etdi): İbn Abbas daim mütə nikahının caizliyini hökm edərdi. Elm əhli (din alimləri) də onun bu nəzəriyyəsinə göz yummuşdu. Ibn Abbas da bu etinasızlıqdan çəkindi. Belə ki, bəzi şairlər bu şeri qoşdular: İbn Abbasın fitvası ilə necəsən? Meylin vardırmı yumşaq252 və nazik253 bir qadınla (mütə edəsən), camaat və şagirdlərin qayıdanadək isti və yumşaq yataqda olasan?254

Bu hədisi Əbdürrəzzaq da öz "Əl-Müsənnəf" kitabında sənəddə azacıq dəyişikliklə nəql etmişdir. Beyhəqinin nəql etdiyi hədisdə Zöhri Ubeydullahdan nəql edir. Lakin Əbdürrəzzaqın nəql etdiyi hədisdə o, hədisi Məimər adlı bir şəxs vasitəsilə Zöhridən nəql etmişdir. Məimər də məchul bir şəxsdir. Onu "Məcruh" kitabında “zəif” adlandırılan Məimər olması ehtimalı da var. Çünki orada da Əbdürrəzzaqın Məimərdən olan hədisindən söhbət açılır. Ən azı, əhli-sünnə kitablarında Məimər adı ilə tanınan ravilər çox gözə dəyir. Və burada adı çəkilən ravinin onların hansı biri olduğu məlum deyil. Əbdürrəzzaq yazır:

«عن معمر عن الزهري قال ازدادت العلماء لها استقباحا حين قال الشاعر يا صاح هل لك في فتيا ابن عباس»

Məimərdən, o da Zöhridən nəql edir: “Şairlər “İbn Abbasın fitvası ilə necəsən” şerini qoşandan sonra alimlərin İbn Abbasa tutduqları eyiblərin sayı çoxaldı.”255

Bu hədislərin dəyər və etibarını daha artıq izah etmək üçün aşağıdakı mətləbləri diqqətinizə çatdırmağı lazım bilirik:

1) Beyhəqinin, Əzimabadinin və Təbəraninin nəql etdikləri hədislərdə Səid ibn Cubeyr İbn Abbasdan “bu nə iş idi ki tutdun”- deyə soruşur. Lakin bu gördüyümüz hədisdə Səid ibn Cubeyrin dediklərindən bir şey gözə dəymir.

2) Beyhəqinin hədisində Zöhri Ubeydullahdan nəql edir. Lakin Əbdürrəzzaqın hədisində Ubeydullah adı pozulmuşdur. Məchul olan Məimər Zöhridən nəql edir və Zöhri də hədisi birbaşa nəql edir.

3) Zöhri etibarlı və inanılan bir şəxs deyil. Əhli-sünnə alimlərinn dediklərinə görə bu şəxs Bəni Üməyyənin xidmətçilərindən və dostlarından olmuşdur. O, əhli-beytə qarşı yaxşı münasibət bəsləməmişdir. İmam Zeynülabidinin Zöhriyə yazdığı məktub da bu həqiqəti müydana çaxarır. Inşaallah, Zöhri barəsində gələcək bəhslərimizdə daha ətraflı söz açacağıq.

Əhli-sünnə alimlərinin İbn Abbasın öz fitvasından döndüyünü isbatlamaq üçün istinad etdikləri hədislər barəsindəki söhbətlər burada sona çatır. Böyük Allahın köməyi ilə bu mövzunu bir qədər tədqiq edərək yaranmış şübhələri aradan qaldırdıq.

6. Əbu Səid Xudri

Əbu Səid Xudri Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) tanınmış səhabələrindəndir. O, mütə nikahını halal bilirdi. Şiə və sünni məzhəblərinin hədis kitablarına daxil olan hədislərə görə özü mütə edən və peyğəmbərdən sonra mütənin nəsx olunmadığına etiqad bəsləyən şəxslərdən biridir. Ona görə də əhli-sünnə alimləri onun adını mütə nikahını halal bilən insanların sırasında çəkmişlər. Ətraflı məlumat üçün bu hədislərin bəzilərini burada yazırıq:



«عن ابي سعيد الخدري كنا نتمتع علي عهد رسول الله بالثوب»

Əbu Səid Xudri demişdir: “Biz peyğəmbər zamanında bir paltar müqabilində mütə nikahı bağlayırdıq.”256



«لقد كان احدنا يستمتع بملئ القدح سويقا»

Əbu Səid Xudri demişdir: “Bizim hər birimiz bir dolu piyalə meyin müqabilində müvəqqəti nikah edərdik.”257



«تمتعنا الي نصف من خلافه عمر حتي نهي عمر الناس في شأن عمرو بن حريث»

Əbu Səid Xudri və Cabir ibn Ənsari rəvayət edirlər:

“Biz Ömərin xilafətinin yarısına qədər mütə edirdik. Belə ki, Ömər bu işi Əmr ibn Hüreysin hadisəsində camaata qadağan etdi.”258

Bu hədislər peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabəsi olan Əbu Səid Xudrinin mütə nikahı barəsindəki fikrini açıq-aydın nümayiş etdirir. Bu kimi hədislərin təsiri səbəb olmuşdur ki, hətta əhli-sünnə alimləri də bu həqiqəti etiraf etsinlər və Əbu Səid Xudrinin adını mütə nikahını halal bilən və caiz edən şəxslər arasında çəksinlər.



7. Əbubəkrin qızı Əsma və Zübeyr ibn Əvam.

Əsma Əbubıəkrin qızı və Zübeyr mütə nikahını caizliyinə etiqad bəsliyən digər şəxslərdir. Əsma öz etirafına görə mütə nikahına əməl də etmişdir. Inşaallah, söhbət açacağımız əhli-sünnə kitablarında nəql olunmuş hədislər bu həqiqəti təsdiqləyirlər. Hətta İbn Həzm kimi ən böyük sünni alimlər bu mətləbi qeyd etmişlər

İbn Həzm yazır:

«و قد ثبت علي تحليلها بعد رسول الله  جماعه من السلف - رضي الله عنهم- منهم من الصحابة اسماء بنت ابي‌بكر الصديق»

Sübut olmuşdur ki, həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan gedəndən sonra sələf təbəqəsindən olan bir qrup mütə nikahının halal olmasına etiqad bəsləmişlər. Onların içində peyğəmbər (səlləllahu əleyhi və alihi vəsəlləm) səhabəsi Əsma binti Əbubəkr siddiq də var.

Zərqani yazır:

«بانه ثبت الجواز عن جمع من الصحابة كجابر و ابن مسعود و ابي سعيد و معاوية و اسماء بنت ابي‌بكر»

Sübut olmuşdur ki, mütə nikahı səhabədən olan bir qrup insan tərəfindən halal sayılmışdır. Onların içində Cabir, İbn Məsud, Əbu Səid Xudri, Muaviyə və Əsma binti Əbubəkr də vardır.

Nəql olunan hədislər əsasında bunu demək olar ki, Əsma Əbubəkr qızı Zubeyr ibn Əvamla müvəqqəti olaraq evlənmişdir. Bu nikahdan Abdullah dünyaya gəlmişdir. Bəzi alimlər bu həqiqəti məxfi saxlamağa çalışsalar da, bir çox tanınmış tədqiqatçılar bu tarixi hadisəni isbat etmişlər. Biz mövzümuzun yarımçıq qalmaması üçün bu barədə nəql olunmu: hədisləri müzakirə edəcəyik.

«عن سعيد بن جبير قال سمعت عبدالله بن الزبير يخطب و هو يعرض بابن عباس يعتب عليه قوله في المتعة فقال ابن عباس: يسال امه ان كان صادقا. فسالها فقالت: صدق ابن عباس قد كان ذلك فقال ابن عباس لو شئت سميت رجالاً من قريش ولدوا فيها يعني المتعة»

Səid ibn Cubeyr deyir:

“Eşitdim ki, Abdullah ibn Zübeyr xütbə oxuyur, İbn Abbasa tənə edir və onu mütə nikahını halal bildiyi üçün danlayırdı. Ibn Abbas dedi: əgər bunlar düzdürsə anasından soruşun. Anasından soruşanda o dedi: İbn Abbas düz deyir. Bu hadisə baş vermişdir. Bundan sonra İbn Abbas dedi: İstəsəydim Qureyş qəbiləsində mütə nikahından döğulmuş kişilərin adlarını burada çəkərdim.”259

«عن ايوب قال عروة لإبن عباس: الا تتق الله ترخص في المتعة؟ فقال: ابن عباس سل امّكَ يا عرية؟ فقال عروة: أما ابوبكر و عمر فلم يفعلا. فقال ابن عباس: والله ما اراكم منتهين حتي يعذبكم الله نحدثكم عن النبي و تحدثونا عن ابي بكر و عمر»

Əyyub vasitəsilə nəql olunmuşdur ki, Ürvə Abdullah ibn Abbasa dedi:

- Sən Allah-taaladan qorxmursan ki, mütəyə icazə verirsən?

- Ey Ürvə, get anandan soruş, - deyə İbn Abbas cavab verdi.

- Əbubəkr və Ömər siğə (mütə) etməmişlər, - deyə Ürvə yenidən inad göstərdi.

- Allaha and olsun, görürəm ki, Allah sizi əzaba atanadək sizi bu yasaq və qadağalarınızdan əl çəkməyəcəksiniz, - deyə İbn Abbas davam etdi: - Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız.260



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin