Görkəmli şəxsiyyətlərin mütə barəsində dedikləri
1. Həzrət Əli(əleyhis-səlam)
Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) peyğəmbərin səhabəsi ilə yanaşı mütə nikahını halal bilən şəxsiyyətlərdən biri də Həzrət Əmirülmöminin Əli (əleyhis-səlam)-dır. Doğrudur ki, bəziləri mütənin haram olmasını isbatlamaq üçün həzrət Əli (əleyhis-səlam) haqqında nalayiq sözlər, iftiralar və doğru olmayan hədislər uydururlar. Lakin bu mətləbin əksini sübut edən və onların əqidəsinə uyğun olan həzrət Əlidən (əleyhis-səlam) çatmış mötəbər və səhih hədislər hər iki məzhəbin kitablarında diqqəti cəlb edir. Sünnədə mütə nikahı haqqında deyilənlərdən söhbət açarkən həzrət Əlidən (əleyhis-səlam) və digər məsum imamlardan nəql etdiyimiz hədislər bizim bu iddiamıza aşkar bir sübutdur. Burada sözü uzatmamaq üçün nümunə üçün bir hədislə kifayətlənirik.
«عن الحكم انه سئل عن هذه الآيه - آية متعة النسآء_ منسوخه؟ قال لا و قال علي لولا ان عمر نهي عن المتعة ما زني الا شقي»
Həkəmdən bu ayənin-mütə ayəsinin-mənsux olduğu (hökmü silindiyi) soruşuldu. O,:
- Xeyir, - deyə cavab verdi.
Əli demişdir:
- Əgər Ömər mütəni qadağan etməsəydi şəqi və bədbəxt adamdan savayı bir kəs zina etməzdi.132
İmam Əli (əleyhis-səlam) bi hədisdə üç mühüm məsələyə toxunmuşdur:
1. Mütə nikahının halallığına və haram edilməməsinə.
Yəni əgər mütə nikahı haram olsaydı imam bu hədisi buyurmazdı. Çünki mütə nikahı haram olan təqdirdə zinadır və bu zinanın başqa zinalarla fərqi yoxdur.
2. İmam ictimai mühitin əxlaqsızlıq və zinadan qurtuluş yolunu mütə nikahında görür.
Ona görə də buyurmuşdur: “mütə haram olmasaydı bədbəxt adamlardan başqa heç bir kəs zina etməzdi.” Nəticədə cəmiyyət içində əxlaqdızlığın yayılmasına bais olmaz, özlərini və ictimai mühiti fəsada çəkməzdilər.
3. O, mütə hökmünün qüvvədə qaldığına təkid etmişdir. Belə ki, “Əgər ömər onu qadağan (haram) etməsəydi”- dedikdə məlum olur ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu işi təhrim etsəydi şübhəsiz Əli(əleyhis-səlam) bunu qəbul edər və əsla təhrimi Ömərin hesabına yazmazdı. Onun sözləri bunu göstərirki, mütə nikahı peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəsx və təhrim olunmamışdır. Bu, hədisdən başa düşülən üç mətləbdir.
Biz də həzrət Əlinin(əleyhis-səlam) mütə nikahı haqqında möhtərəm nəzəri barəsində bu miqdarla kifayətlənərək onun mütəni haram bildiyinə dair böhtanlara cavab verəcəyik.
Həzrət Əliyə(əleyhis-səlam) isnad edilən yalançı hədislər.
Əhli-beytin (əleyhimus-salam) mütə haqqında fikirləri aydın və şəffafdır və heç kimsə bu həqiqəti inkar edə bilməz. Bu mətləbi keçən bəhsimizdə sadaladığımız hədislər artıq bir dəfə sübut etmişdir. Bu səbəbdən Buxari, Müslim, və Əhli-sünnənin digər görkəmli alimləri imam Baqirdən (əleyhis-səlam) imam Əsgəriyə(əleyhis-səlam) kimi məsum imamlardan mütə nikahı və başqa mövzular haqqında hədis nəql etməkdən çəkinmişlər. Onların imam Əlidən (əleyhis-səlam), Fatimeyi-Zəhradan(salamullah əleyha), imam Həsən (əleyhis-səlam), imam Hüseyn (əleyhis-səlam) və imam Zeynul-abidindən nəql etdikləri hədisləri isə barmaqla saymaq olar. Yeri gəlmişkən deməliyik ki, bu hədislərin içində də Əhli-beytə atılan böhtanlar nəzəri cəlb edir.
Aydındır ki, imam Baqir (əleyhis-səlam) və digər imamlar mütə nikahının əleyhinə hətta bir söz belə söyləsəydilər şübhəsiz onlar bu sözü bayraq edərək əllərində gəzdirər və şiələrini məğlub etmək və ayrı müsəlmanları da yollarından azdırmaq üçün bindan istifadə edərdilər. Lakin bir qrup insanlar öz arzularına çatmaq üçün mütə nikahının təhrimi barəsində bir neçə uydurma hədisi Həzrət Əliyə (əleyhis-səlam) isnad etməkdən çəkinməmişlər. Onların tərəfdarları da fürsəti əldən verməyib bu hədisləri (mütənin halallığı barədə o alicənablardan bizə çatmış hədislərə göz yumaraq) möhkəm bir dəlil və xüsusi hədis olaraq öz hədis və qeyri-hədis mənbələrində mütə nikahının əleyhinə qeyd etmişlər. Onlar bu hədislərə keçmişdə və müasir zamanda şiələrin əleyhinə və mütə nikahını rədd etmək üçün istinad etmiş və edirlər.
Ona görə də bu hədisləri nəql etdikdən sonra onların sənəd və mətnlərini araşdırmağı münasib bildik. Bu işlə bu hədislərin dəyər və etibarı ən yaxşı şəkildə məlum olacaqdır.
1). «حدثنا مالك عن ابن شهاب عن عبدالله و الحسن ابني محمد بن علي عن ابيها عن علي بن ابي طالب ان رسول الله نهي عن متعة النساء يوم خيبر و اكل الحمر الاهليه»
Malik Şahabdan o da Abdullah və Həsən, Məhəmməd Hənəfiyyənin iki oğlundan onlar da öz atalarından və o da Əli ibn əbi Talibdən(əleyhis-səlam) nəql edir:
- Peyğəmbər Xeybər döyüşündə qadınları mütə etməyi və ev ulaqlarının ətindən qida kimi istifadə etməyi qadağan etdi.133
Başqa bir hədisdə belə nəql olunur.
2). ابن عيينة انه سمع الزهري يقول: اخبرني الحسن بن محمد بن علي و اخوه عبدالله عن ابيها ان عليا رضي الله عنه قال: لابن عباس ان النبي نهي عن المتعة و عن لحوم الحمر الاهلية»
İbn Uyəynə Zöhrinin belə söylədiyini eşitdi, Həsən və qardaşı Abdullah, Məhəmməd Hənəfiyyənin iki oğlu Əlidən belə xəbər verdi ki, İbn Abbasa:
- Allahın rəsulu (səlləllahu ələyhi və alihi və səlləm) mütə nikahından və əhliləşmiş ulaq ətindən çəkindirdi- dedi.134
3. «عن الزهري عن الحسن بن محمد بن الحنيفه عن ابيه قال: تكلم علي و ابن عباس في متعة النساء فقال له علي انك امرؤ تائه ان رسول الله نهي عن متعة النساء في حجة الوداع»
Zöhri Həsən ibn Məhəmməd ibn Hənəfiyyədən o da atasından nəql etdi ki, bir gün Əli və İbn Abbas mütə nikahı haqqında mübahisə etdilər. Əli İbn Abbasa:
- Sən nə danışdığını bilmirsən. Peyğəmbər mütə nikahını vida həccində qadağan etdi- dedi.135
Bu hədisləri digər alimlər də eyni sənədlə öz kitablarında nəql etmişlər.136 Lakin təkrara yol verməmək üçün onları burada nəql etməkdən vaz keçir və qeyd etdiyimiz hədisləri araşdırmağa başlayırıq.
Bu hədislərin sənəd baxımından bir neçə qüsuru vardır:
1) Bütün hədislər ibn Şahab Zöhri ilə xətm olur. Bu hədislərdə Məhəmməd ibn Hənəfiyyənin iki oğlundan nəql edən ravi bir nəfərdir və o da məhz Zöhrinin özüdür. Bu minvalla hədis öz gerçək dəyərini göstərir və aydın olur ki, bu hədis bütün ravi və alimlər tərəfindən qəbul olunmamışdır. Əks halda onlar da bu hədisi nəql edərdilər. Bu “Dirayətul-hədis” elmində danışılan ravinin “təfərrüdü”dür(bir fərd olaraq qalmasıdır).
2) İbn Şahab Zöhrinin özü də müvəssəq və etibar olunmuş bir fərd deyildir. Bundan əlavə o Əhli-beytə qarşı yaxşı münasibət bəsləməmiş əksinə Əhli-beyt düşmənləri ilə xüsusilə də Bəni Üməyyə ilə sıx əlaqə saxlamış və onların xidmətçilərindən biri olmuşdur. Ibn Xilkan bu haqda yazır:
İbn Şahab Zöhri, Əbdül-məlik, Hüşam, Yəzid ibn Əbdül-Məliyin xilafət dövrlərində saray alimlərindən olmuşdur.137 Sonradan Hüşam onu öz övladlarına müəllim təyin etdi və o, həccdə də onların mürşidi və hidayətçiləri olmuşdur. Zöhri yazır:
“Əbdül-məlik dünyadan getdi və mən onun oğlu Vəlidə itaət etdim. Ondan sonra Süleyman Əbdül-Əzizi və sonra oğlu Yəzidi seçdim. O da qəzavət mənsəbini mənə layiq bildi. Ondan sonra da Hüşam ibn Əbdül-Məliyə xidmət etdim və övladlarının müəllimi oldum. Həccdə də bələdçilikləri mənim öhdəmə idi.138
Malik (malikilərin imamı) demişdir: “Zöhri Əməvilərin Şam şəhərindəki qazısı və böyük müftisi idi.”139 Ona görə də əhli-sünnənin görkəmli alımləri daim onu danlamışlar.
Məkhul demişdir: O, məliklərlə yaxın münasibətlərinə görə özünü fasid və xarab etdi.140 Ona görə də Zeməxşəri öz təfsir kitabında Hud surəsinin 113-cü ayəsinin təfsirində Zöhrini Əməvi rəhbər və xəlifələrinə çox etimad etdiyinə və onlarla hökümət işlərində yaxından iştirak etdiyinə görə pisləmişdir.141
Zəhəbi bu haqda yazır:
Zöhrinin Bəni-Üməyyə hökümətinin möhkəm və güclü qalmasında böyük və mühüm rolu var idi.142
Xaricə ibn Məsəb və Məhəmməd ibn Əşkan demişlər:
Zöhri Əməvilərin jandarmı və onların əsgərlərindən biri idi.143
Əmr ibn Übeyd isə demişdir:
Zöhri padşahların əl dəsmalı idi. Onlar öz eyblərini və pisliklərini onun vasitəsi ilə silirdilər.144
Ona görə də alimlərdən bəziləri öz Zöhriyə qarşı nifrətlərini gizlətməmiş və onun barəsində həqiqətləri söyləməkdən vaz keçməmişlər. Hakim Nişaburi bu haqda belə yazır:
“Əhli-sünnənin rical alimi Yəhya ibn Müindən Zöhri barəsində “Əməş yaxşıdır yoxsa Zöhəri” - deyə soruşdular. O,:
- Əməş də Zöhri kimi olsaydı ona nifrətim olardı. Çünki Zöhri Əməvilər üçün işləyirdi(İslam üçün deyil),- deyə cavab verdi.
Bundan əlavə o, Əhli-beytə qarşı da yaxşı münasibət bəsləmirdi. Xüsusilədə həzrət Əliyə qarşı öz kinini və düşmənliyini daha aşkar şəkildə göstərirdi. İbn Əbil-Hədid bu haqda yazır:
Zöhri həzrət Əlidən münhərif və azmış olan ən məşhur şəxslərdən idi. 145
Demək lazımdır ki, İmam Səccadın (əleyhis-səlam) Zöhriyə yazdığı məktub da onun bu çirkin işlərinə görə qələmə alınmışdı.146
Məhəmməd ibn Şeybə rəvayət edir: “Mədinə məscidində Zöhrinin Ürvə ibn Zubeyrlə birgə əyləşib Həzrəti-Əlinin (əleyhis-səlam) əleyhinə təbliğat apardıqlarını gördüm. Bu xəbər imam Səccada (əleyhis-səlam) çatdı. İmam bu işlərinə görə onları çox danladı.”147 Zöhri bunun müqabilində hər yerdə fürsət tapsaydı Müaviyəni tərifləyərdi.
Bir gün Zöhri imam Səccadın (əleyhis-səlam) hüzurunda belə dedi:
«كان معاوية يسكته الحلم و ينطقه العلم. فقال كذبت يا زهري بل كان يسكته الحصر و ينطقه البطر»148
Dəlillər və sübutlar bunu göstərir ki, Zöhri Əhli-beytə qarşı düşmənçiliyi ilə yanaşı onların fəzilət və mənaqibini xüsusilə də Həzrət Əlinin (əleyhis-səlam) fəzilətlərini gizlədərdi.
Əhli-sünnə alimlərindən olan İbn Həbban bu barədə yazır:
«لستُ احفظ لمالك و لا للزهري فيما رويا من الحديث شيئاً من مناقب علي »
Malik və Zöhridən nəql olunan hədislər içində Həzrət Əlinin (əleyhis-səlam) fəzilətində bir hədis tapmadım.149
Ibn Əsakir yazır:
«عن جعفر بن ابراهيم الجعفري قال: كنت عند الزهري اسمع منه فاذا عجوز قد وقفت عليه فقالت يا جعفري لاتكتب عنه فانه مال الي بنياميه و اخذ جوائزهم، فقلت من هذه؟ قال اختي رقيه خرفت، قال خرفت انت كتمت فضائل آل محمد »
Cəfər ibn İbrahim Cəfəri nəql edir ki, Zöhridən bir hədis öyrənirdim, qəflətən qoca bir qadın irəli gəlib dedi:
- Ey Cəfəri, Zöhridən hədis nəql etmə. Cünki onun Bəni-Üməyyəyə meyli var və onların hədiyyəsini alır.
Mən:
- Bu qadın kimdir?- deyə soruşdum.
- Mənim bacım dəli olub,- deyə Zöhri cavab verdi.
Bacısı:
- Sən dəli olmusan, Əhli-beytin fəzilətlərini və mənəvi keyfiyyətlərini gizlədirsən?- deyə ona cavab verdi.150
Kəbi öz kitabında yazır:
“Zöhri Bəni-Mərvanın havadarlarından olmuş və heç vaxt Əlinin (əleyhis-səlam) fəzilətlərini zikr etməmişdir.”151
O, hədis nəqlində də diqqətli olmamışdır və ondan nəql olunan hədislərin əksəriyyəti mürsəldir. Belə ki, əhli-sünnənin görkəmli alimləri bu həqiqətə etiraf etmişlər.
Yəhya ibn Səd Əl-Qəttan bu xüsusda yazır:
Zöhrinin mürsəl hədisləri mürsəl hədislərin ən pisi və şiddətlisidir. O, adını çəkmək istəmədiyi hər kəsin adını silmişdir.152
Zəhəbi bu barədə yazır:
Zöhrinn mürsəl hədisləri böyük bir problemdir. Çünki o hədisin ravisini hətta iki-iki pozmuşdur. Bəzilər onu yalnız səhabələrin adlarını hədis sənədlərindən sildiyini söyləmişlərsədə bu doğru deyil. Belə ki, o, digərlərinin adlarını da hədis əsnadından pozmuşdur.153
Onun nəql etdiyi hədislərdə “təqdim” və “təxir” də müşahidə olunmaqdadır. O, bu işi də adi bir iş sayırdı. Əbu-Yunis bu barədə yazır:
Zöhridən təqdim və təxir barəsində soruşduqda o:
- Təqdim və təxir Quranda caiz ola-ola hədislərdə niyə caiz olmasın?-deyə cavab verdi.154
Sualımız budur ki, Əməvilərə bu qədər bağlı olan və saray ruhanisi olan bir şəxsdən hədis nəql etmək doqrudurmu? Allahın rəsulu buyurmadımı:
«سيكون بعدي امراء يكذبون و يظلمون فمن صدقهم بكذبهم و اعانهم علي ظلمهم فليس مني و لست منه و لم يرد عل الحوض»
“Məndən sonra əmirlər gələcəklər ki, yalan deyər və zülm edərlər. Hər kimsə onların yalanına haqq verərsə və zülmlərinə yardım edərsə məndən deyil. Mən də ondan deyiləm. Beləsi hovuz kənarında yanıma gələ bilməz.”155
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
«العلماء امناء الرسل علي عبادالله ما لم يخالطوا السلطان»
“Alimlər peyğəmbərlərin Allah bəndələri arasında əmanətçiləridirlər, sultanlara arxalanana qədər.”156
Əhli-beytə xüsusilədə həzrət Əliyə (əleyhis-səlam) qarşı düşmənçılik edən, onların fəzilətlərini gizlədən və düşmənləri ilə dostluq edən bir insandan hədis nəql etmək doğrudurmu?
Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Əliyə (əleyhis-səlam) buyurmadımı:
«لا يحبك الا مؤمن و لايبغضك الا منافق»
“Səni mömindən başqa bir kəs sevməz və münafiqdən savayı bir kəs sənə ədavət bəsləməz.”157
Allah-taala Qurani kərimdə buyurmadımı:
«ان المنافقون هم الفاسقون»158
Hücürat surəsinin altıncı ayəsində buyurmadımı:
« ان جاءَكم فاسق بنبإٍ فتبينوا»
Həztəti-Əlinin (əleyhis-səlam) fəzilətləri haqqında sadir olmuş külli miqdarda hədislərdən birini belə nəql etməkdən boyun qaçıran bir şəxs, onun məzəmməti barədə159 habelə Əlinin (əleyhis-səlam) öz dilindən mütə nikahının təhrimi haqqında hədis nəql edirsə xeyirxahlıq niyyəti varmı? Həqiqəti aydınlaşdırmaq istəyirmi? Hədəfi İslam ümmətinə səhih hədisləri çatdırmaqmıdır?
Bütün ömrünü Əməvi xəlifələrinin xidmətində keçirmiş bir kəs Əhli-beyt (əleyhis-səlam) barəsində həqiqətləri söyləyə bilərmi? Zöhri özu bunu edə bilmədiyini etiraf edir.
3) Nə üçün Həzrət Əli bu sözləri imam Həsənə (əleyhis-səlam) və imam Hüseynə deyil məhz Məhəmməd Hənəfiyyəyə açıqladı? Və ya nə üçün Zöhri bu hədisi yalnız Məhəmməd Hənəfiyyənin iki övladından nəql edir? Zöhrinin bu hədis barəsində imam Səccaddan (əleyhis-səlam) da soruşması yaxşı olmazdımı? Belə ki, əgər Həzrət Əli (əleyhis-səlam) bu hədisi buyursaydı yalnız Məhəmməd ibn Hənəfiyyə və onun iki oğlu deyil imam Həsən (əleyhis-səlam), imam Hüseyn (əleyhis-səlam), imam Səccad (əleyhis-səlam) və başqaları da bu hədisi nəql edərdilər. Bu Məhəmməd ibn Hənəfiyyəyə isnad edilən yalandan başqa bir şey deyil.
Bu hədisin mətn baxımından da qusurları vardır:
1) Bu hədisin mətnini Zöhri bir neçə şəkildə nəql etmişdir. O, hədislərin birində deyir: Həzrət Əli (əleyhis-səlam) dedi ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər döyüşündə mütə nikahını və əhliləşmiş ulaqların ətini haram etdi.160
Digər rəvayətdə vardır ki, bunu ibn Abbasa dedi.161
Başqa bir hədisdə isə İbn Abbasa :
- Sən nə dediyini bilmirsən çünki mütə nikahına fitva verirsən-dedi.162
Digər bir rəvayətdə Həzrət Əli (əleyhis-səlam) buyurdu:
- Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybərdə mütə nikahını qadağan etdi.163
Bu hədisdə əhliləşmiş uzunqulaqdan bir xəbər yoxdur. Bunun əksi də hədisdə vardır.
2) Başqa hədislərdə Zöhri mütənin təhrim olunmasını da bir neçə məkan da qeyd etmişdir. Bir hədisdə təhrimin Məkkə fəthində baş verdiyi yazılmışdır.164 Başqasında Təbuk döyüşü qeyd olunmuşdur.165 Digərində isə vida həcci göstərilmişdir.166 İbn Məsna isə mütə nikahının Hüneyn müharibəsində haram elan olunduğunu deyir.167 Yuxarıdaki hədis də gördüyünüz kimi təhrim məkanını Xeybər bilmişdir.
3) Hədisdə əhliləşmiş eşşək ətinin yeyilməsi qadağan olunmuşdur. Hədisin səhih olduğunu fərz etsək də bu qadağanın müvəqqəti olduğunu anlamaq çətin deyil. Belə ki, Həzrəti peyğəmbərdən bizə çatmış hədislərdə nəql olunur ki, müharibə zamanı peyğəmbərin səhabəsi açlıq içində idilər. Onlar açlığı aradan aparmaq üçün bəzi uzunqulaqların başını kəsib bişirmək üçün qazanlara tökürdülər. Bu xəbər peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) çatdı. O, minikləri itirmək qorxusundan əhliləşmiş ulaqların ətini yeməyi qadağan etdi. Bu qadağanın necə şəriət kimi qəbul olunması imam Baqirdən (əleyhis-səlam) olan bir hədisdə də özünü göstərir. İmam Baqirdən (əleyhis-salam) uzunqulaq ətinin nə üçün haram olunduğunu soruşdular. Imam buyurdu:
«و انما نهي اكلها في ذلك الوقت لانها كانت حمولة الناس»
“Allahın rəsulu o vaxt bunu qadağan etdi. Çünki uzunğulaqlar camaat üçün minik və nəqliyyat vasitəsi sayılırdı.”
Əgər “əhliləşmiş” sözünün də “ehtirazi” bir qeyd olduğunu nəzərə alarıqsa yuxarıdakı hədisi təyid etmək üçün bu hədisdən istifadə etmək olar. Çünki adətən əhliləşmiş uzunqulaqlardan minik üçün istifadə olunur. Ona görə də hədisdə məhz əhliləşmiş uzunqulaqlara qadağa qoyulmuşdur. Bu səbəbədə İbn Abbas və Malik uzunqulaq ətinin yeyilməsini haram deyil məkruh bilmişlər.168 Bu halda mütə nikahının qadağan olunmasını da (hədis səhih olarsa) müvəqqəti saymaq olar.
4) Əhli-sünnə alimlərinin əksəriyyəti mütə nikahının Xeybərdə haram olunduğunu rədd etmişlər.
Bu barədə Suheyli və Beyhəqi yazırlar:
«و هذا شي لايعرفه احد من اهل السير و رواة الاثر»
“Bu, hədis ravilərinin və tarixçilərin məlumatları olmayan bir məsələdir.”169
İbn Qəyyim yazır:
«قصة خيبر لم يكن فيها الصحابة يتمتعون باليهوديات و لااستأذنوا في ذلك رسول الله و لا نقله احد قط في هذه الغزوة و لا كان للمتعة فيها ذكر البتة لافعلا و لاتحريما»
“Xeybər döyüşündə səhabələr yəhudi qadınlarla siğə etmədilər. Və Allahın rəsulundan da bu barədə icazə istəmədilər. Heç kəs bunu Xeybər döyüşündən nəql etməmişdir. Xeybərdən mütə nikahının icra və təhrimi haqqında heç bir xəbər bizə çatmamışdır.”170
Beyhəqi yazır:
« قال سفیان بن عیینه یعنی نهی عن لحوم الحُمر الاهلیة زمن خیبر لا یعنی نکاح المتعة»
“Sufyan demişdirki, bu hədisdə mütə nikahının haram olunması deyil uzunqulaq ətinin haramlıqı nəzərdə tutulmuşdur.”171 Himyəvinin hədisində də bu mətləb özünü göstərir.172
Gətirdiyimiz bütün dəlillərdən məlum olur ki, bu hədis uydurma hədislərdən biridir ki, Ömərin təhrimi üçün bəhanə gətirmək, müsəlmanların zehnini korlamaq və şiələri məğlub etmək üçün onunla həzrət Əliyə (əleyhis-salam) isnad etmişlər. Bundan əlavə digər hədislərdə də həzrət Əliyə isnad edilmişdir ki, onlarda mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən yasaq olunması göstərilir. Biz bu kimi hədisləri nəql etməklə onların nə dərəcədə səhih olduğunu aydınlaşdırmaq üçün təhlil və tədqiq edəcəyik.
« عن ابن بكير ثنا عبدالله لهيعة عن موسي بن ايوب عن اياس بن عامر عن علي بن ابيطالب رضي الله عنه قال: نهي رسول الله
عن المتعة قال: و انما كانت لمن لم يجد فلما انزل النكاح و الطلاق و العدة و الميراث بين الزوج و المرأه نسخت»
Ibn Bukeyr Abdullah ibn Ləhiədən o da Musa ibn Əyyubdan o da Əyas ibn Amirdən və o da nəql edir ki, həzrət Əli (əleyhis-salam) belə dedi:
“Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütəni qadağan etdi. Mütə caiz olan gündə də yalnız evlənmək imkanları olmayan şəxslər üçün idi. Lakin ər və arvad arasında nikah, talaq, iddə və miras ayələri nazil olan kimi mütənin hökmü nəsx oldu.”173
Başqa bir hədisdə deyilir:
«عن عبدالرزاق سمعت رجلاً يحدث معمراً قال اخبرني الاشعث و الحجاج بن ارطاة انهما سمعا ابااسحاق يحدث عن الحارث عن علي قال: نسخ رمضان كل صوم و نسخت الزكاة كل صدقة و نسخ المتعة الطلاق و العدة و الميراث و نسخت الضحیة كل ذبيحة»
Əbdürrəzzaq nəql edir, mən birisindən eşitdim ki, Məmər belə nəql etdi:
Əşəs və Həccac ibn Ərtah İshaqdan və o Harisdən və o da Əlidən (əleyhis-salam) nəql edirki, Əli (əleyhis-salam) dedi:
Ramazan orucunun hökmü digər orucların hökümlərini nəsx etdi. Zəkat ayəsi hər başqa sədəqəni nəsx etdi. Mütə ayəsini isə talaq, iddə və miras ayəsi nəsx etdi. Qurbanlıq hökmü də digər zəbihələri(qurbanlıqları) nəsx etdi.174
Hər kəsin müqəddəs İslam dinindən və hətta cahiliyyət dövrü haqqında azacıq məlumatı olsa bu mətləbi əsla qəbul etməz. Ona görəki, hətta cahiliyyət dövrlərində də daimi nikah və bir neçə qadınla evlənmək mövcud olmuşdur. İslam dini gələndən sonra ailə qurmaq üçün qadınların sayı dördə endi. Habelə yuxarıdakı hədis doğri olarsa biz peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) və səhabələrinin nikahlarını da müvəqqəti hesab etməliyik ki, bu da heç kəsin qəbul etmədiyi bir sözdür.
Bundan əlavə mütə nikahının talaq, iddə və miras ayəsi vasitəsilə nəsx olunması da nöqsanlı bir mətləbdir. Biz inşaallah sonrakı hissələrdə bu barədə söhbət açacaq və ətraflı danışacağıq. Hazırda bi hədis haqqında bu miqdarla kifayətlənir və ikinci hədisi izah edirik.
Ikinci hədisin bir neçə nöqsanı vardır:
1) Əbdurrəzzaqın hədis nəql etdiyi şəxsin kim olduğu məlum deyil. Nə üçün adını çəkmədiyi də bilinmir. Bu hesabla bu hədis an azı bir ravi cəhətindən qaranlıq və naqisdir.
2) Həccac ibn Ərtah olduqca zəif və müdəllis175 bir şəxsdir ki, keçən söhbətlərimizdə onun barəsində danışmışdıq.
3) Bu hədisi başqaları da həzrət Əlidən (əleyhis-salam) nəql etmişdir. Lakin mütə nikahının nəsx olunması bu hədislərdə gözə dəymir.176
Bu göstərdiklərimiz həzrəti Əliyə (əleyhis-salam) isnad edilmiş uydurma hədislər idi ki, cavab verdik.
Bu iki hədisə həm sənəd həmdə mətn cəhətindən irad tutmaq mümkündür. Birinci hədisin sənədində mövcud olan birinci ravi Abdullah ibn Ləhiədir ki, rical elminin görkəmli şəxsiyyətləri onu “zəif” elan etmişlər. Onun barəsində əhli-sünnənin tanınmış alimləri o cümlədən Əhməd ibn Hənbəl177, Yəhya ibn Muin178, Əbu Zuryə179, Əmr ibn Əli180, Əbu Əbdürrəhman Əl-bəsri181, İbn Məhdi182 demişlər:
“Abdullah ibn Ləhiə zəif bir şəxsdir. Onun hədisinə istinad və etimad etmək olmaz. Əbu Hatəm bu fikirdədir ki, ibn Ləhiənin hədislərinin içində xoşa gəlməz hədislərə və habelə “zəif” və “mətruk” adamlardan nəql olunanlara çox rast gəlmək olar. Onun özü də müdəllis bir şəxsdir.183 Ibn Ləhiənin hədislərinin nöqsanlarını həll etmək üçün demişlər ki, İbn Ləhiənin kitablarının içində yanmamışdan öncə bizə çatanlar səhihdirlər. Lakin yanğından sonra onun hədislərinin içində zəifləri də tapılmışdır. Amma rical alimləri bu sözü rədd edərək demişlər:
“Ibn Ləhiənin hədislərinin yanğından öncə və yanğından sonra hec bir fərqləri yoxdur.”184
Bu haqda Yəhya ibn Muin belə demişdir:
Dostları ilə paylaş: |