Neriman Qurban indd


XXIV FƏSİL KRAL SARAYINDAN QAÇIŞ  Muhammad Əsəd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə94/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   90   91   92   93   94   95   96   97   ...   175
XXIV FƏSİL

KRAL SARAYINDAN QAÇIŞ



 Muhammad Əsəd

 Mədinə, Benqazi 

 Oktyabr 1929-cu-mart 1933-cü illər

 Əbdüləziz ibni Səud xoşbəxt ulduz altında doğlulmuşdu...

 1929-cu il çaxnaşmaları onu silkələsə də, dörd ildən bəri 

ardı-arası kəsilməyən zəfərlərinə son qoya bilmədi.

 Onda Məkkəni ələ keçirmiş, Məkkə Şərifi ibni Hüseynin 

və yeddi yüz illik haşimilər xanədanının hakimiyyətinə son 

qoymuşdu. Bir neçə ay sonra Hicaz kralı kimi taxta çıxmışdı. 

İngilislər  də  ibni  Səudun  qüvvələrilə  hesablaşıb  onun 

hakimiyyətini qəbul eləməli olmuşdular. Sonrakı ilin yazında 

özünü Nəcd Sultanı və Nəcd kralı elan eləyib Ərəbistan yarı-

madasını tamam ələ keçirmək yolunda səylərinə rəvac ver-

mişdi.  Orda-burda  baş  qaldıran  qəbilələri  dizə  gətirəndən 

sonra  güvəndiyi  ihvaniləri  İraq  üzərinə  göndərmişdi.  Belə 

görünürdü ki, yaxın müddətdə istəyinə çatacaq.

 Amma bütün ərəb məmləkətlərini birləşdirmək yolunda 

maneələr bitib-tükənmək bilmirdi: Əlcəzair fransızların tap-




374

dağındaydı, üstəlik, Suriyanı da onlar ələ keçirmişdilər; İraq 

və  Fələstində  ingilislər  hökmranlıq  eləyirdilər,  həm  də 

yəhudilər əlaltdan öz dövlətlərini qurmağa çalışırdılar; ital-

yanlar  Liviyanı  ələ  keçirmişdilər,  hələ  ki,  orada  Ömər  əl-

Muxtarın ölüm-dirim savaşı gedirdi...

  Belə  görünürdü  ki,  ərəb  aləmində  indiyəcən  yalnız 

Əbdüləziz ibni Səud uğur qazanıb, ingilisləri məcbur eləyəcək 

ki, yarımadada öz dövlətini qurmasıyla razılaşsınlar.

 Muhəmməd Əsəd sarayın bağçasında hovuzun kənarında 

dostu Zeyd bin Qanimlə gəzə-gəzə son vaxtlar baş verənləri 

götür-qoy eləyirdi: əlbəttə, bütün hadisələr Səud dövlətinin 

yaranmasını qaçılmaz eləyir. Bəs hörmətli Zeyd bu barədə nə 

düşünür?


 “Əlahəzrətin İraqdakı qələbələrinin sorağı artıq hər tərəfə 

yayılıb, – o əllərini belinə qoyub gözlərini eynəyinin arxasın-

dan batmaqda olan günəşə zillədi. – Sən nə fikirləşirsən, dos-

tum, İraqı tamam ələ keçirmək niyyəti var, ya yox?”

 “Əlahəzrətin söhbət yoldaşı sənsən, bəyəm, niyyəti barədə 

hələ xəbər tutmamısan? – Zeyd ayaq saxlayıb təəccüblə ona 

baxdı, – yoxsa ancaq İslam dinindən danışıb, hədislərlə keçi-

nirsiniz?”

  “Padşahlar  əməllərini  sözlərilə  büruzə  verməzlər,  – 

Muham məd Əsəd də ayaq saxlayıb nəzərlərini mənalı tərzdə 

onun  gözlərinin  içinə  sancdı.  –  Həm  də  sözlər  daha  çox 

niyyətləri gizlətməyə xidmət eləyir”.

  Zeyd  bin  Qanim  gülümsündü,  sonra  nəzərlərini  ondan 

çəkib üfüqə baxdı:

  “Bəs  sən  bu  sözlərinlə  nələri  gizlədirsən,  Muhamməd 

Əsəd?”


  “Mənim  müqəddəs  missiyam  var,  –  Muhamməd  Əsəd 

yenə  gəzintisinə  davam  elədi,  –  Qurani-Şərif  o  missiyamı 

yerinə yetirməyə kömək eləyəcək”.

  “Ümidvaram  ki,  o  missiyan  İslam  dininin  xeyrinədi!”  – 

Zeydin səsində tərəddüd və şübhə çalarları vardı.



375

 “Yoxsa mən İslam aləminin qəlbinə gəlib çıxardımmı, dos-

tum?” – Muhamməd Əsəd dayandı, çömbəlib əlini hovuzda-

kı suya saldı, ləzzətlə boyun-boğazına çəkdi.

 “Bəs sözlər barədə dediklərin necə olsun?” – Zeyd bin Qa-

nim də sərinləmək həvəsinə düşüb çömbəldi.

 “Bu gün səni şeytan yoldan çıxarıb yoxsa? – Muhamməd 

Əsəd sınayıcı baxışlarını ona dikdi. – Niyə hər şeyə şübhəylə 

yanaşmağa başlamısan?”

 “Mən? – Zeyd çaşdı. – Yox, niyə ki?.. Elə-belə soruşdum... 

–  Sonda  bu  xoşagəlməz  məqamı  unutmaq  üçün  araya  söz 

atdı. – Hə, Şeyx adam göndərmişdi, münasib vaxtda bizi öz 

evində görməkdən çox məmnun olacaq”.

 Muhamməd Əsəd dikəldi: nə olar, Şeyx həzrətlərinə baş 

çəkmək  ondan  ötrü  şərəfdi,  həm  də  Allah  qismət  eləsə, 

Münirəni görər; ona rast gələndən Şeyxin evinə iki dəfə ayaq 

basıb,  amma  hələ  qızı  münasib  məqamda  görüb  kəlmə 

kəsməyib.

  “Hə?!.  –  Zeyd  bin  Qanimə  üz  tutdu,  –  İnşallah,  Şeyx 

həzrətlərilə  həmsöhbət  olmaq  məndən  ötrü  də  şərəfdi. 

Əlbəttə, dəvətindən boyun qaçırmarıq...”

 Zeyd bin Qanimin ogünkü ikibaşlı söhbətindən sonra na-

rahatlıq duysa da, Muhamməd Əsəd onun dostluğundan im-

tina eləyə bilməzdi; özünü atdığı bu sonsuz İslam ümmanın-

da  Zeyd  hələ  ki,  yeganə  etibar  eləyə  bildiyi,  çətin  məqam-

larında ümid bəslədiyi adam idi, həm də ərəb məmləkətlərinə 

bələdlik,  qəbilələrlə  əlaqə  sarıdan  ona  əvəz  tapa  bilməzdi; 

hələlik  Zeydi  itirmək  intihara  bərabər  olardı;  başlıcası,  o 

şübhələri aradan qaldırmaqdı...

 

***



 Zeyd bin Qanim gedəndən, otağında tək qalandan sonra 

nədənsə xatirələrdən yaxa qurtara  bilmədi: atası indi yəqin 

kədər  dəryasına  qərq  olub,  –  əlbəttə,  oğul  itkisi  asan  deyil, 

Leopold da ondan ötrü itirilib; biçarə bacısı odla su arasında 




376

qalıb, yəqin ki, atası qədər daşürəkli olmaz; Elzanın məzarına 

ötən cümə baş çəkib, təkbətək qalanda onun ruhu qarşısında 

özünü  günahkar  sayır;  Muhamməd  Əsəd  Ərbili  Həzrətləri, 

yəqin, indi çox qocalmış olar, belə çıxır, bir daha ziyarətinə 

getmək  ona  nəsib  olmayacaq;  Leo-Əsəd  bəy  haralardadı, 

görəsən, yazdığı ilk kitabın qalmaqalından salamat qurtarıb-

sa, çox-çox uzaqlara Bu da doktor Veysmanın dediyi ümumi 

işə faydalı olacaq; Münirə bircə baxışından qəlbini oxuya bil-

dimi, onu yada salırmı, yenə görmək üçün tələsirmi?

  Şeyx  əl-Şəmmarinin  Benqazidən  qonağı  vardı,  Ömər  əl-

Muxtarın  yanından  gəlmişdi;  italyanlara  qarşı  döyüşlərdən 

ağlagəlməz  şeylər  danışırdı:  Misirdən  və  Sudandan  gələn 

yardımlar kəsilib, amma əl-Muxtar bədəvi dəstələrinin qəfil 

basqınlarıyla  italyanlara  ağır  itkilər  verir,  bir  qədər  kömək 

göndərilsə, onları süpürüb dənizə atar; Əbdüləziz həzrətləri 

ona əl uzatsa, ümumi işin xeyrinə olar. Kralısa hələlik ancaq 

öz dövləti maraqlandırırdı...

 ...Bu gəlişində də Münirəni görə bilmədi, buna heç fürsət 

tapmadı. Uzun söhbətdən, yemək-içməkdən sonra axşamüs-

tünün hüznü çökmüş küçələrlə geri qayıdanda Zeyd bin Qa-

nim qəfildən ayaq saxladı:

 “Sən Şeyxin evində qiymətli xəzinə qoyub gedən adama 

oxşayırsan, dostum...”

 “Hə?” – Muhamməd Əsəd də ayaq saxladı, eynəyinin al-

tında belə gözlərindəki təəccüb sezilirdi:

 “Münirənin sənə pəncərədən tamaşa elədiyini gördüm”, 

– Zeyd hiyləgərcəsinə göz vurdu.

 “Bəlkə, səhv eləyirsən, – Muhamməd Əsəd həyəcanlandı, 

– o ki, hələ uşaqdı, heç on dörd yaşına çatmayıb”.

 “Əsl vaxtıdı, – Zeyd qətiyyətliydi, – sən də qoca deyilsən, 

otuz yaşın ola-olmaya”.

 “Mən indi başqa məsələlər barədə düşünürəm, Zeyd”, – 

üzünü çevirib yoluna davam elədi. – Bu barədə fikirləşməyə 

vaxtım yoxdu”.



377

 “Vaxt tapacaqsan, bu sönən oda oxşamır...” – Zeyd bin Qa-

nim ikibaşlı atmacasından qalmadı...

  ...Doğrudan  da  o  odun  qəlbini  yandırması  xeyli  çəkdi. 

Sonrakı bir il ərzində müqəddəs yerləri ziyarətində, qəbilələrə 

səfərində,  müsafirxanalarda,  çadırlarda,  açıq  səma  altında 

yaddaşını köz kimi yandırdı, qayıdandan sonra da Benqazidə 

italyanlara qarşı döyüşən Ömər əl-Muxtara köməyə getmək 

fikrinə düşdü. 

  “Nə  kömək?  –  Zeyd  bin  Qanim  təəccübləndi.  –  Sənin 

əlindən nə gələr axı? Sözlə düşmən məğlub eləmək olar?”

 “Hər halda, kimlərəsə ruh vermək, kimlərisə ruhdan sal-

maq  olar,  –  Muhamməd  Əsəd  mənalı-mənalı  gülümsədi.  – 

Sənin getməyini israr eləmirəm”.

 “Kral həzrətləri də, Şeyx həzrətləri də səni mənə əmanət 

eləyiblər, buna başımla cavabdehəm, – Zeyd başını buladı, – 

Səfər iznini özün alarsan”.

 Səfər izni aldı, 1931-ci il sentyabrın ilk günlərində yola da 

çıxdılar. Amma bəd xəbər onları yolda yaxaladı: rast gəldikləri 

on nəfərlik bədəvi dəstəsi Ömər əl-Muxtarın qoşunundan idi, 

yolçular onun bir neçə gün əvvəl əsir düşüb edam olunduğu-

nu xəbər verdilər...

***

Münirənin  məsələsisə  get-gedə  ciddiləşirdi,  Elzanın  itki-



sindən  dörd  il  sonra  ilk  dəfəydi  ki,  evlənmək  barədə  dü-

şünməyə başlamışdı: əvvəla, nüfuzlu şeyx ailəsinə bağlı ola-

caqdı, ikincisi, saraydan canını qurtarıb rahat yaşayıb-çalış-

maq imkanı qazanacaqdı; üçüncüsə, hələ ömrünün çiçək vax-

tında olan, kişi nəfəsi görməmiş qadınla bir yastığa baş qoya-

caqdı. Bu özünü İslam aləminin qəlbində əmin-arxayın hiss 

eləmək üçün Allahın qəfil töhfəsiydi. Onu da bilirdi ki, başlı-

cası Münirənin fikri yox, Şeyx həzrətlərinin rəyidi: Şeyx əl-

Şəmmari  bu  izdivaca  razılıq  versə,  hər  şey  bitəcək.  Şeyx 

həzrətləri  də,  yəqin,  Muhamməd  Əsədin  İslama  pənah 




378

gətirdiyini, üstəlik, Kral həzrətlərilə yaxın olduğunu hesab-

dan silməyəcəkdi.

 Fikirləşdiyi kimi də oldu: Zeyd bin Qanim hər şeyi yerbəyer 

elədi, Şeyx əl-Şəmmari Kral həzrətlərinin xeyir-duasını aldı, 

Allahın buyruğu, Peyğəmbərin şəriətilə Münirənin nikahını 

Muhamməd Əsədə kəsdilər – özündən on beş yaş böyük El-

zanın yerini on beş yaş kiçik Münirə Əsəd tutdu.

 Əlbəttə, dünyanı yaşadığı evdən, uzağı məhəllədən ibarət 

bilən Münirə ucaboy, saçı alnından tökülmüş, eynəkli, qalın 

dodaqlı,  nazik  xətt  saxlamış  kişinin  xəyallarında  yaşatdığı 

adam saymırdı, amma hər şey bundan da pis olar, atası onu 

yaşlı,  çoxarvadlı,  qəddar  bir  kəsə  verə  bilərdi,  Muhamməd 

Əsədsə oxumuşdu, nəzakətlidi, sevginin nə olduğunu bilir, 

deməli, səhv eləməyib.

 Bununla belə, bir şey Məhəmməd Əsədin gözlədiyi kimi 

olmadı:  Kral  həzrətləri  onun  saraydan  getməsinə  razılıq 

vermədi, hələ dostundan incidi də: onun səviyyəsində İslam 

aliminin sarayda yaşaması Əbdüləziz İbni Səud üçün şərəfdi; 

üstəlik, Nəcd və Hicazı birləşdirəndən sonra yeni dövlətin – 

Səudiyyə  dövlətinin  kralı  kimi  taxta  çıxmağa  hazırlaşır, 

Muhamməd Əsəd miqyaslı fikir adamlarının köməyinə ehti-

yacı  olacaq;  sarayda  rahatca  yaşaya,  əsərlərini  yaza,  könlü 

istəyəndə səyahətə çıxa bilər.

  Bu  isə  onun  planlarına  daxil  deyildi,  könlü  sərbəstlik 

istəyirdi,  nəzərdə  tutduğu  işləri  arın-arxayın  görmək  arzu-

sundaydı. Amma qaliblərlə danışmaq çətindi – Əbdüləziz bin 

Səud da qalib idi, qəbilə-qəbilə bölünmüş, ingilislərin tapdağı 

altında qalmış böyük bir ərazidə ağlagəlməz işi bacarıb hamı-

nı itaətə gətirmişdi, indi öz sülaləsinin Allahın məsləhət bildi-

yi qədər davam eləyəcək hakimiyyətini qururdu. Belə vaxtda 

onun hökmünə qarşı çıxmaq ağılsızlıq olardı.

 O günlərin birində Muhamməd Əsəd Ərbili Həzrətlərinin 

başına gələnlər ona da yetişdi. Kralın Ankaraya göndərdiyi 

elçi  qayıdanda  bir  çox  maraqlı  hadisələrlə  yanaşı,  Ərbili 

Həzrətlərinin  hekayətini  də  danışdı.  Ötən  ilin  əvvəllərində 




379

İzmirin Mənəmən ilçəsində Manisadan gələn silahlı, saqqalı 

adamlar onun Nəqşibəndi təriqətini yaymağa çalışıblar, arxa-

larında yetmiş minlik islam ordusu olduğu barədə iddia irəli 

sürüb,  yerə  yaşıl  bayraq  sancıb,  ətrafında  zikr  eləyə-eləyə 

təkbir  gətirib,  “Şapka  qoyan  kafirdi,  bu  yaxınlarda  yenə 

şəriətə  dönəcəyik”  deyiblər;  hökumət  baş  qaldıranların 

üzərinə qoşun yeridib, hamısını tutub məhkəməyə çəkiblər, 

otuz altı nəfər edam olunub, qırx nəfər də həbs edilib; Ərbili 

Həzrətləri də edama məhkum olunanlar arasındaymış, yaşlı 

olduğunu  nəzərə  alıb  edamı  iyirmi  dörd  il  həbslə  əvəz 

eləyiblər, əvəzinə oğlu Mehmet Alini asıblar; bundan sonra 

Erenköydə,  Kazaskərdə  inzivaya  çəkilib,  polis  nəzarətində 

yaşayıb, Qədiri və Nəqşibəndi zikr məclisləri qurmaqdansa əl 

çəkməyib.  Ondan  sonra  cəmi  iki  ay  yaşayıb,  martın 

əvvəllərində  Haqqın  rəhmətinə  qovuşub:  şayiələr  gəzir  ki, 

guya zəhərlənib.

  Muhəmməd  Əsəd  səkkiz  il  əvvəl  İstanbulda  Ərbili  həz-

rətlərilə  görüşdüyünü  təkcə  Zeyd  bin  Qanimə  danışmışdı, 

kədərini də onunla bölüşdü:

 “Onu çox müdrik insan kimi tanıdım, İslamın nə olduğu-

nu  mənə  Ərbili  Həzrətləri  başa  saldı,  qarşımda  böyük  bir 

dünya açdı”.

 “Ruhuna dua oxu, – Zeyd dilləndi, – az da olsa, təskinlik 

taparsan”.

 Ötən yay Şeyx əl-Şəmmariylə Məkkəyə, Şeyx Əhməd Əş-

Şərif  əs-Sünusini  ziyarətə  getdiklərini  xatırladı;  onda  əs-

Sünusi barədə rəvayətəoxşar hekayətlər eşitmişdi; Sünusilərin 

başçısı Muhamməd Şərifin dörd oğlundan biri olan Əhməd 

qardaşı  Muhamməd  Mehdinin  ölümündən  sonra  tayfanın 

başçısı olmuş, osmanlıların tərəfində italyanlara və ingilislərə 

qarşı döyüşmüşdü. Məğlubiyyətdən sonra Sultan Rəşad onu 

İstanbula dəvət eləmişdi; əs-Sünusini Ənvər Paşa və Camal 

Paşa  qarşılayıb  hörmət-izzət  göstərmiş,  üstəlik,  Sultanın 

təvəqqesini də çatdırmışdılar ki, İslam ölkələrini gəzib cama-

atın Padşaha və Xəlifəliyə bağlılığını təbliğ eləsin; əs-Sünusi 




380

də  boyun  qaçırmamış,  nəticədə  Sultan  Vahidəddini  o  taxta 

çıxarıb,  qılıncını  qurşadıb,  dua  oxumuşdu;  yeni  Sultan  onu 

Anadoluya göndərmişdi ki, camaatı düşmənlərə qarşı təşviq 

eləsin, Şeyx həzrətləri də getmişdi, üstəlik, millətçilərə tərəf 

çıxıb Ulu Camedə xütbə oxumuşdu:

 “Siz tək deyilsiniz, – camaata demişdi, – yüz milyonlarla 

müsəlman  gözlərini  sizə  dikib.  Sizin  düşmənə  sinə  gərib 

mətanət göstərməyiniz bütün İslam aləmində oyanış yaradıb. 

Hər  tərəfdə  müsəlman  millətləri  qımıldanır,  istiqlalını  mü-

fadiə eləyir, üzərindəki zülm kabusunu atmağa çalışır”.

 Deyilənə görə, əs-Sünusi yuxusunda Həzrəti Peyğəmbəri 

də  görübmuş;  qaçıb  ki,  əlindən  öpsün,  Peyğəmbər  sol  əlini 

uzadıb,  bundan  təəccüblənən,  pərişan  olan  Şeyx  əs-Sünusi 

soruşub:  “Ey  Rəsulumuz,  niyə  sağ  əlinizi  vermədiniz?” 

Həzrəti-Peyğəmbər deyib: “Sağ əlimi Ankarada Mustafa Ka-

mala uzatdım”. Bu yuxunu hafizlər camaata nağıl eləyirlərmiş, 

nəticəsi ağlagəlməz dərəcədə böyük olurmuş. “Ey camaat, – 

hafizlər deyirlərmiş, – Mustafa Kamal qalib olacaq! Peyğəm-

bərin sağ əli onun əlindədi! Buna iman eləyin!”

 Deyirdilər, Mustafa Kamal Paşa əs-Sünusi Həzrətlərini ay-

rımçılıq hərəkətlərindən çəkindirmək üçün kürdlərin yanına 

göndərmək istəmişdi, Hicazda yaşasa, əvəzində onu xəlifəlik 

taxtına  çıxarmağı  düşünürmüş,  amma  Şeyx  Həzrətləri 

Əbdülməcidin  xəlifə  qalmasını  məsləhət  görmüş,  Dəməşqə 

gedib, ordan da müqəddəs şəhərə qayıtmışdı.

  Şeyx  əs-Sünusi  hələ  altmış  yaşına  çatmamışdı,  amma 

heydən düşmüşdü, görünür, keçirdiyi çətin illər təkcə ruhun-

da yox, cismində də izsiz ötüşməmişdi. Muhamməd Əsəd ta-

nışlıq verəndən sonra dərhal Şeyx Ərbilini xatırladı:

  “Kamala  çatmış  insandı.  Təəssüf  ki,  bizə  cəmi  bir  dəfə 

görüşmək nəsib oldu”.

 Mustafa Kamal Paşanın xəlifəlik təklifi verib-verməməsini 

Şeyx  əl-Şəmmari  soruşdu.  Cavabında  əs-Sünusi  bir  qədər 

susdu, sonra dodaqlarında iztirablı təbəssüm göründü:



381

  “Xəlifəlik  gücə  bağlıdı,  Sultanların  gücü  olduğuna  görə 

xəlifəlik taxtında da otururdular. Mənim gücüm yoxdu. Tək 

istəyim hüzur içində Haqqa qovuşmaqdı...”

***

 ...Kral Əbdüləziz ibni Səudun Səudiyyə dövləti yaradıldı-



ğını  bəyan  eləməsinin  ardınca  şənliklər  başladı.  Sarayda 

ziyafətlərin arası kəsilmirdi, hər tərəfdən gələn qəbilə başçıla-

rı,  əcnəbi  qonaqlar,  üləmalar  krala  hədiyyələr  gətirir, 

hədiyyələr  alır,  səxavətindən  istədikləri  qədər  əylənirdilər. 

Muhamməd  Əsəd  şadyanalıqdan  gen  dolanmağa  çalışırdı: 

saraydan getmək istəyini açıb deyəndən sonra Kralla arala-

rından, elə bil, soyuq rüzgar əsmişdi; onu bu münasibətin nə 

vaxtsa üzə çıxacağı qorxudurdu. 

  O  əyləncələrdə  cismən  iştirak  eləyirdi,  ruhən  daim 

Münirənin  yanındaydı:  arvadı  artıq  hamiləydi,  uşaq 

gözləyirdilər. Əlbəttə, bu ondan ötrü tamam başqa yepyeni 

bir duyğuydu, Haynrixlə bağlı hisslərinə oxşamırdı. Övladı 

ərəb kimi doğulacaqdı, müsəlman olacaqdı, ancaq bunların 

bir o qədər də əhəmiyyəti yox idi, başlıcası, canından-ruhun-

dan bir nişanə qalmasıydı.

  Şənliklərdən  sonrakı  intizar  dolu  günləri  yazı-pozu  da 

doldura bilmirdi. Belə vaxtında Münirəni tək qoyub səfərə də 

çıxa bilməzdi. Düşüncələrini, qənaətlərini bölüşməyə bir kəs 

də qalmamışdı. Zeyd bin Qanim səhraya getmişdi, indi harda 

olduğu,  nə  vaxt  qayıdacağı  məlum  deyildi,  amma  yaxın 

müddətdə qayıtmayacağı aydın idi. 

  Münirəni  atası  evinə  apardı  ki,  azad  olanda  əl-ayağa 

düşməsin,  yəqin  körpənin  qırxı  çıxanacan,  bəlkə  də  daha 

uzun müddət orda olacaqdı, bunu sarayda münasib adamla-

ra çatdırdı. Əşyalarını, kitablarını, əlyazmalarını da yığışdırdı 

ki, tez-tez bura gəlmək məcburiyyətində qalmasın. Vədənin 

tamamında oğlu dünyaya gəldi, adını Talal qoydular.

 Çox keçmədi ki, doktor Veysmandan məktub aldı. Mək-

tubda nələr yazılmışdısa, oxuyandan sonra şamın alovunda 



382

yandırdı, düşüncələrə qərq olub otağında uzun-uzadı var-gəl 

elədi.

  Körpənin  qırxı  təzəcə  çıxdığı  günlərdə  Məkkədən  Şeyx 



Əhməd əs-Sünusinin ölüm xəbəri gəldi. Əl-Şəmmari dərhal 

yığışıb  yola  çıxdı,  amma  Muhəmməd  Əsəd  Münirəni  və 

körpəni tək qoyub gedə bilməzdi – üzrlü səbəbi vardı.

  Elə  həmin  gecə  Münirəni  oyadıb  etiraza  yer  qoymayan 

tərzdə dilləndi:

 “Yığış, yola çıxırıq”.

 Əlbəttə, Münirə Elza deyildi, hara gedəcəkləri barədə sor-

ğu-sual eləmədi – əri deyirsə, deməli, belə məsləhətdi. 

  Evdən  səssizcə  çıxdılar;  Məhəmməd  Əsədin  əlində 

əlyazmaları və kitabları olan çamadan, Münirənin qucağında 

körpə Talal, pal-paltar yığılmış boğça vardı. Küçə qapısında, 

görünür,  Muhamməd  Əsədin  gündüzdən  hazırladığı  iki  at 

dururdu. Atlara minib gündoğana doğru yola çıxdılar.

  Daha  ərəb  aləmilə  bağlı  missiyası  başa  çatmışdı,  İslam 

dinilə bağlı missiyasısa onu uzaq bir yola çıxarırdı...

  Həmin  yolda  başına  nə  gələcəyini  bilmirdi,  bəlkə  də 

ağlagəlməz  təhlükələrlə  üzləşəcəkdi;  amma  yolun  cazibəsi 

onun  düşünüb-daşınmaq  iqtidarını  əlindən  alır,  çəkib  apa-

rırdı... 

 Son dəfə gecənin qaranlığına gömülmüş Mədinəyə baxdı: 

fikirləşdi ki, deyəsən, bu şəhəri bir daha görməyəcək...



383


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin