Mühasibat proqramları. İdarə və müəssisələrin maliyyə fəaliyyətinin təhlili, mühasibat hesabatlarının aparılması, əməkhaqqının hesablanması və s. işlər üçün mühasibat proqramları istifadə edilir. Bu proqramlara 1 C, Smart və Uyum-u misal göstərmək olar.
Verilənlər bazasının idarəetmə sistemləri (VBİS). İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi TPP-dən – verilənlər bazasının idarəetmə sistemlərindən istifadə olunur.
Verilənlər bazası diskdə saxlanılan, müəyyən struktura malik, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş qaydada idarə olunan fayllar məcmusudur.
Verilənlər bazasının idarə olunması dedikdə, verilənlərin bazaya daxil edilməsi, onların təshihi (bazaya yazıların əlavə olunması, silinməsi, yeniləndirilməsi) və sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür. Verilənlərin təşkili üsullarından asılı olaraq, aşağıdakı VBİS-lərin modelləri mövcuddur:
- iyerarxik;
- şəbəkə;
- relyasiya;
- obyektyönlü.
Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə yaradılmış VBİS - lərdə məhz bu modeldən istifadə olunur. Bunlara aşağıdakıları misal göstərmək olar: dBase-in müxtəlif variantları, FoxBase+, Clipper, Dbase for Windows, FoxPro, R:base, Database, Informix, Ingres, Sybase, Progress, Paradox, Access, Oracle, SQL Server, MySQL və s.
Dostları ilə paylaş: |