Orxan Pamuk Bəyaz Qala



Yüklə 1,55 Mb.
səhifə7/13
tarix23.02.2017
ölçüsü1,55 Mb.
#9536
1   2   3   4   5   6   7   8   9   10   ...   13

belə təkrarlayırdı. Sonra dostunun hərəkətini və sözlərini yamsılayaraq onu hirsləndirən uşaq

kimi sevindi. Qışqırdı! Bildirdi ki, birgə öləcəyik. Düşündüm ki, necə də cəfəng bir şeydi. Amma

qorxdum da. Bu onunla keçirdiyim gecələrin ən qorxuncuydu.

Sonra bildirdi ki, ta əvvəldən bəri vəbadan qorxurmuş, hər şeyi məni sınamaq üçün

edirmiş, Sadiq Paşanın cəlladları məni öldürmək üçün aparanda da vəziyyət beləymiş, başqaları

bizi bir-birimizə bənzədəndə də. Sonra dedi ki, ruhumu ələ keçirib, eynən bir qədər əvvəl

hərəkətlərimi təqlid edərkən etdiyi kimi, artıq nə düşünürdümsə, o bilirdi, nəyi bilirəmsə, onu da

düşünürmüş! Sonra elə o vaxt nə fikirləşdiyimi soruşdu, fikrimdə ondan özgə bir şey yox idi,

dedim ki, heç nə düşünmürəm, amma mənə qulaq asmırdı, çünki öyrənmək üçün yox, ancaq

qorxutmaq üçün danışırdı, öz qorxusuyla oynamaq üçün, o qorxudan mənə də pay düşsün deyə

danışırdı. Tənhalığını hiss etdikcə pislik etmək istədiyini sezirdim, əlimi üzümüzə

toxundurarkən, o qəribə oxşarlığın tilsimiylə məni dəhşətə salmaq istəyərkən və məndən daha

çox özü həyəcanlanıb coşarkən pislik etmək istədiyini düşünürdüm. Fikirləşirdim ki, pisliyi qəfil

etməyə könülü razı olmadığı üçün, çiynimi sıxaraq məni aynanın qarşısında saxlayır, amma onu 39

tamamilə axmaq və çarəsiz biri kimi qəbul edirdim. Haqlıydı, dediklərini və etdiklərini mən də

demək və etmək istəyirdim, məndən əvvəl hərəkətə keçib vəbanın və aynanın daxilindəki

qorxuyla oynaya bildiyi üçün onu qısqanırdım.

Amma o qədər qorxmağıma görə, özümlə əlaqəli daha əvvəl düşünmədiyim şeyləri

bildiyim üçün fikir eləsəm də, bu oyun hissindən heç cür qurtula bilmədim. Çiynimi sıxan

barmaqları kobud idi, amma aynanın qabağından çəkilmirdim. Xoca dilləndi: ”Mən də sənin

kimi olmuşam. Artıq bilirəm ki, necə qorxursan. Mən sənə çevrildim”. Dediyini başa düşdüm,

amma bu gün yarısının doğru olduğundan şübhə eləmədiyin bu hal cəfəng və uşaqcasına bir şey

kimi göründü mənə. İddia edirdi ki, dünyanı da mənim kimi görür. Yenə də “onlar, onlar”

deyirdi, indi “onlar” necə düşünür, necə eşidir və necə anlayırlar. Baxışını aynadan kənarda

tutaraq lampanın işıqlandırdığı yarı qaranlıq masaya, bardaqlara, kürsülərə, nəsnələrə zilləyərək

bir az danışdı. Sonra dedi ki, daha əvvəl görmədiyi üçün demədiyi şeyləri, indi deyə bilir, amma

mən düşünürdüm ki, səhv eləyir: Kəlimələr də həminki kəlmələrdi, nəsnələr də. Təzə olan

yeganə şey qorxusuydu. O da yox, qorxunu yaşamaq tərzi, amma bu tərzin necə bir şey olduğunu

indi açıq şəkildə yazmayacağam, aynanın qarşısında fikirləşdiyi bir şey, yeni bir oyun olduğunu

düşünürdüm. Sanki öz istəyindən başqa bir şeyin, bu oyunu da bir yana qoyaq, tez-tez fikri o

qırmızı çibanda qalırdı və soruşurdu ki, bu böcək dişləyinin yeridir, yoxsa vəbadır.

Bir ara hər şeyə mənim qaldığım yerdən davam etmək istədiyini dedi. Hələ də

yarıçılpaqdıq və aynanın qarşısından çəkilməmişdik. O mənim yerimə keçmişdi, mən də onun,

bunun üçün paltarlarımızı dəyişdirməyimiz və o saqqalını kəsəndən sonra mənim taxmağım

kifayət imiş. Bu fikir, aynadakı oxşarlığımızı daha da ürküdücü etdi, əsəblərim əməllicə gərildi,

qulaq asdım: O vaxt, mən onu azad etməliyəmmiş: Mənim yerimə keçən o, mən yaşadığım

ölkəyə qayıdanda görəcəyi işləri ləzzətlə danışdı. Uşaqlığım və gəncliyim haqda ona

danışdıqlarımın hamısını, ən kiçik detallarına qədər yadında saxladığını, o detallardan, özünə

görə qəribə və həqiqətdən uzaq bir xəyal aləmi qurduğunu görərək təəccübləndim. Sanki həyatım

öz ixtiyarımdan çıxaraq onun əlində başqa yönlərə sürütlənir, mənim də başıma gələnləri yuxu

kimi görüb uzaqdan baxmaqdan başqa, əlimdən heç nə gəlmirdi. Amma mənim əvəzimə ölkəmə

edəcəyi səyahətin və orda yaşayacağı həyatın gülünc bir qəribəliyi və saflığı vardı ki, məni ona

tamamilə inanmağa qoymurdu. Bir yandan da xəyali dəqiqliyindəki tutarlığa da təəccüblənirdim.

İstəyirdim deyəm ki, belə də ola bilər, belə də yaşaya bilərəm. O vaxt Xocanın həyatı ilə əlaqəli

daha dərin bir şeyi birinci dəfə başa düşdüm, amma ovqatım eləydi ki, bunun nədən ibarət

olduğunu deyə bilməzdim. Ancaq illərdir ki, düşündüyüm əvvəlki həyatımda etdiklərimi

təəccüblə dinləyərək, vəbanın qorxusunu unutdum.

Amma bu hal çox davam eləmədi. Xoca istəyirdi ki, bu dəfə onun yerinə keçəndə nə

edəcəyimi deyim. Bənzəmədiyimizə və çibanın böcək dişləyi olduğuna inanaraq, o qəribə

vəziyyətdə ayaq üstə qalmaq əsəblərimi o qədər pozmuşdu ki, ağlıma heç nə gəlmədi. Təzyiq

göstərəndə isə bir vaxtlar, ölkəmə qayıdanda xatirələrimi yazmaq istədiyimi dedim: O vaxt,

bəlkə də, nə vaxtsa, fikrimdən keçənlərdən yaxşı bir hekayə yazacağımı deyəndə qəfil aşağıladı

məni. Onun məni tanıdığı qədər mən onu tanımırammış! Məni itələyib aynanın qarşısına özü

keçdi. Yerimə keçən kimi mənim başıma gələnləri deyəcəkmiş! Əvvəlcə çibanın vəba çıxıntısı

olduğunu dedi: öləcəyəmmiş. Sonra ölümdən əvvəl necə də ağrılar içində qıvrılacağımdan

danışdı, indiyə qədər fərqinə varmadığım üçün hazırlıqsız olduğum qorxu, ölümdən də betərimiş.

Xəstəliyin ağrıları ilə necə boğuşacağımı deyərkən Xoca artıq aynanın qarşısından çəkilmişdi,

bir qədər sonra baxanda isə yerə sərilmiş dağınıq yatağına uzanıb, çəkəcəyim ağrı və əzablar

haqqında danışırdı.

Hansı səbəbdənsə artıq şişin ancaq bir böcək dişləməsi olduğunu düşünürdüm, amma yenə

də qorxurdum. Əli qarnının üstündəydi, düşündüm ki, sanki əli danışdığı o ağrının da

üstündəydi. Düz həmin vaxtda çağırdı, qorxa-qorxa yanına getdim və həmin an da peşman

oldum, əlini yenə mənə sürtürdü.

Bütün gecə belə davam elədi. Xəstəliyi və qorxunu mənə də keçirməyə çalışarkən mənim

o, onun da mən olduğumu dəqiqəbaşı təkrarlayırdı. Fikirləşirdim ki, özündən kənara keçib özünə

nəzər salmaqdan ləzzət apardığına görə beləydi, yuxudan oyanmaq istəyən bir adam kimi öz-40

özümə təkrarlayırdım: oyun oynayır, çünki bu sözü özü də deyirdi, amma digər tərəfdən də

yavaş-yavaş təkrarlayırdı: isti bir otaqda adam boğan sözlərin qorxusuyla karıxan adam kimi

yox, bədənində şikəstlik olan adam kimi təkrarlayırdı.

Günəş çıxarkən ulduzlardan və ölümdən, uydurma qənaətlərindən, Padşahın

axmaqlığından, ən vacibi nankorluğundan, öz əziz axmaqlarından, “bizlərdən” və “onlardan”,

başqa bir adam olmaq istəməyindən danışırdı! Artıq qulaq asmırdım, həyətə çıxdım. Hansı

səbəbdənsə ağlıma, ölümsüzlük haqqında qədim bir kitabda oxuduğum düşüncələr gəlmişdi.

Cökə ağaclarının içində çikkiləşərək uçuşan sərçələrdən başqa, çöldə heç bir hərəkət yox idi.

Təəccübləndirici bir sükunət hökm sürürdü, İstanbuldakı digər otaqları və vəbaya yoluxmuş

xəstələri düşündüm. Xocanın xəstəliyi vəbadırsa, ölənə qədər belə davam edəcək, yox əgər

deyilsə, o qırmızı şiş itənə qədər olacaq deyə düşündüm. Artıq hiss edirdim ki, bu evdə çox da

qala bilməyəcəyəm. Evə girərkən hara qaça biləcəyim və harda gizlənəcəyimi bilmirdim.

Xocadan və vəbadan uzaq olan bir yeri xəyalımdan keçirirdim. Bir neçə dəst paltarımı bir

torbaya basarkən, bircə bu yerin ələ keçməmiş qaça biləcəyim qədər yaxın olmalı olduğunu

bilirdim.41

7

O vaxtlar Xocadan az-az oğurlayaraq bir az pul toplamışdım, ordan-burdan qazandığım



pullar da vardı. Evdən çıxmamışdan əvvəl onları gizlədiyim yerdən, artıq heç oxumadığım

kitablar olan yerdə qoyulmuş sandıqdakı çorabımdan götürdüm. Marağa qapıldığım üçün sonra

Xocanın otağına getdim, lampa yanırdı, tərin içindəydi və yuxu aparmışdı onu. Heç vaxt tam

inanmadığım o sehrli oxşarlıq yenə də vardı, mən bütün gecə qorxudan aynanın kiçikləşdiyinə

təəccübləndim. Heç bir şeyə toxunmadan tələm-tələsik evdən çıxdım, prospektin boş küçələrində

yeriyərkən xəfif külək əsdi, istədim ki, əllərimi yuyum, bilmirdim ki, hara gedim, amma

halımdan razı idim. Səhərin sükutunda küçələrdə yerimək, dənizə tərəf yoxuşlardan enmək,

çeşmələrdə əllərimi yumaq, Xaliçi seyr eləmək xoşuma gəlirdi.

Heybəliada haqqında ilk dəfə oradan İstanbula gəlmiş gənc bir rahibdən eşitmişdim.

Qalatada qarşılaşanda mənə həvəslə adaların gözəlliyindən danışmışdı. Yəqin ki, fikrimdə

qalıbmış, məhəllədən çıxarkən ora gedəcəyimi bilmirdim. Danışdığım qayıqçılar və balıqçılar

məni adaya aparmaq üçün ağılasığmaz dərcədə pul istədilər, narahat oldum, düşündüm ki, qaçaq

olduğumu başa düşdülər, Xocanın arxamca yollayacağı adamlara da yerimi deyəcəklər!

Sonradan bunun vəbadan qorxduqları üçün alçaltdıqları xristianlara verdikləri göz dağı olduğunu

yəqinləşdirdim. Çox da diqqəti cəlb etməmək üçün danışdığım ikinci qayıqçı ilə razılşdım.

Güclü-qüvvətli bir adam deyildi, avarlardan yapışmaqdansa söhbət edir, vəbanın hansı

günahların cəzası olduğu haqda danışırdı. Vəbadan qaçmaq üçün adaya sığınmağın da kara

gəlməyəcəyini dedi. Danışarkən onun da, mənim qədər qorxduğunu başa düşdüm. Yol altı saat

davam elədi.

Sonralar düşündüm ki, adada xoşbəxt günlər keçirirəmmiş. Az miqdarda pul verərək,

kimsəsiz bir Rum balıqçısının evində qalırdım, çalışırdım ki, çox da ortalıqda görünməyim,

narahat deyildim. Bəzən düşünürdüm ki, Xoca ölüb, bəzən də arxamdan göndərəcəyi adamları

düşünürdüm. Mənim kimi vəbadan qaçan çox xristian vardı, amma onlara görünmək istəmirdim.

Səhərlər balıqçıyla birgə dənizə çıxır, axşamüstü qayıdırdım. Bir ara nizəylə vuraraq

xərçəng və balıq ovuna meyil saldım. Hava balığa çıxmayacaq qədər pisdirsə, adanın ətrafında

gəzinirdim, monastra girib asmaların altında bəzən şirin-şirin yatırdım. Bir də əncir ağacına

söykənmiş çardaq vardı, hava açıq olan günlərdə ordan Ayasofya görünürdü, ağacın altında

oturub İstanbula baxaraq saatlarla xəyala dalırdım, bir dəfə yuxumda adaya gələrkən qayıqla

bərabər gedən delfinlərlə birgə Xocanı görmüşdüm, onlara dost idi, məni soruşurdu, deməli,

izimə düşmüşdü, növbəti dəfə anamla bir yerdə idilər, mənə irad tuturdular, soruşurdular ki, niyə

gənc qalmışam. Üzümə düşən gündən tərləyərək oyanandan sonra bu yuxulara təkrar qayıtmaq

istəyir, qayıda bilməyəndə isə özümü məcbur edərək düşünürdüm: Bəzən düşünürdüm ki, Xoca

ölüb, tək gəldiyim boş evin içindəki ölünü, cəsədi qaldırmağa gələnləri, kimsəsiz cənazənin

səssizliyini, sonra isə kahinliyimi düşünürdüm, sevinlə uydurduğu o əyləncəli şeyləri, nifrət və

qəzəblə uydurduqlarını da, Padşahı da, padşahın heyvanlarını da düşünürdüm, nizəmi

kürəklərindən soxub qarınlarından çıxardığım xərçəng və balıqlar belə gündüz qurduğum

xəyallara bədənlərini yavaş-yavaş oynadaraq həmrəy olardılar.

Yavaş-yavaş özümü inandırmağa çalışırdım ki, ölkəmə qaça bilərəm. Bunun üçün adanın

qapısı-bacası açıq evlərindən pul oğurlamağım kifayət idi, amma daha əvvəl Xocanı

unutmalıydım, bu əsas şərt idi. Çünki qəfil başıma gələnlərin tilsiminə, xatirələrin

cazibədarlığına qapılırdım: Az qalsın ki, eynilə mənə bənzəyən bir insanı ölümlə üz-üzə

qoyduğum üçün özümü günahlandıracaqdım. İndiki kimi onu arzulayaraq darıxırdım, mən,

həqiqətən, xatirələrimdə olan insana nə qədər bənzəyirdim, yoxsa özümü aldadırdım, sonra bu on

bir ildə bir dəfə də olsun üzünə doya-doya baxmadığmı yəqinləşdirdim, əslindəsə, həmin şeyi

çox etmişdim. İstəyirdim ki, İstanbula gedib cəsədinin üzünə sonuncu dəfə bir də baxım. Azad

ola bilmək üçün aramızdakı oxşarlığın səhv xatırlanan bir an, unutmalı olduğum lazımsız bir

yanılma olacağına özümü inandırmışdım, qərar verdim ki, buna vərdiş eləməliyəm.42

Yaxşı ki, vərdiş eləməmişəm. Çünki bir gün bir də gördüm ki, Xoca qarşımda dayanıb!

Balıqçının həyətinin arxasında uzanıb, qapalı gözlərimi günəşə çevirib, xəyal qururdum,

kölgəsini hiss elədim, qarşımda dayanıb gülümsəyirdi. Oyunu udmuş bir adam kimi yox, sanki

məni çox istəyən bir adam kimi görünürdü. Məni qorxuya salacaq qədər qeyri-adi bir razılıq

vardı görkəmində. Bəlkə də, gizli şəkildə mən də bunu gözəyirəmmiş: Çünki tezcə tənbəl

kölənin, boyun əyən kənizin günahkarlıq hissinə büründüm. Getmək üçün hazırlaşarkən

Xocadan nifrət eləmək əvəzinə, özümə xor baxırdım. Balıqçıya olan borcumu da o ödədi. Yanına

iki adam götürüb, qoşa qayıqlarla gəliblər, tez qayıtdıq. Hava qaralmamış evdəydik, evin

qoxusundan ötrü darıxmışammış. Ayna da divardan götürülmüşdü.

Səhəri gün Xoca məni yanına çağırıb dedi: Günahım çox ağır imiş, ancaq qaçdığım üçün

yox, bir böcək dişləyini vəba çıxıntısı zənn edib onu ölüm ayağında qoyub getdiyimə görə də

günahkardım, məni cəzalandırmaq üçün ürəyi axırmış, amma indi vaxtı deyilmiş. Danışdı ki,

Padşah bir həftə əvvəl, nəhayət, Xocanı çağırıb bu vəbanın nə vaxt bitəcəyini, daha neçə can

alacağını, öz canının təhlükədə olub-olmamağını soruşub. Çox həyəcanlanan Xoca hazırlıqsız

olduğu üçün ümumiləşdirilmiş cavablar verib, ulduzlarla işləməli olduğunu deyərək vaxt istəyib.

Suyu süzülə-süzülə evə qayıdıb, padşahın marağını necə azaltmaq lazım olduğunu

müəyyənləşdirə bilmirmiş. Beləliklə, qərar alıb ki, məni gətirsin.

Adada olduğumu çoxdan bilirmiş, mən qaçandan sonra soyuqlayıb, üç gün sonra arxamca

düşüb, balıqçıların orda izimi tapdığını bilib, bir az pul görən kimi boşboğaz qayıqçı məni

Heybəlidə gördüyünü deyib, Xoca adalardan özgə yerə qaça bilməyəcəyimə görə arxamca

gəlməyib. Padşahla qurduğu bu sonuncu əlaqənin həyatının ən vacib fürsəti olduğunu deyəndə

haqlı olduğunu bildirdim. Açıq-aşkar mənim bilgimə ehtiyacı olduğunu dedi.

Tez işləməyə başladıq. Xocada məqsədini tam aydınlaşdırmış bir insanın qərarlılığı hiss

olunurdu, bundan əvvəl heç vaxt görmədiyim bu sərtlik xoşuma gəlirdi. Səhəri gün yenə

çağırılacağını bildiyimiz üçün qərara aldıq ki, vaxt qazanaq. Üstündə işləmək üçün tez

razılaşdığımız ekperiment xarakterli işə çox da elm sərf etməməli, fəqət, çəkdiyimiz zəhmət tez

bir zamanda özünü doğrultmalı idi. Xoşladığım o iti dərrakə Xocanı, “kahinlik bir şeytanlıqdır,

amma axmaqlıqları əhatələmək üçün çox yaxşı istifadə oluna bilər” ifadəsini doğrultmağa imkan

verirdi. Görünür, Xoca danışdıqlarıma qulaq asarkən vəbanın ancaq sağlamlığa fikir verməklə

qarşısının alınması mümkün olan fəlakət olduğunu təsdiqləyirdi. O da mənim kimi, fəlakətin

Allahla bağlı olduğunu inkar eləmirdi, amma bu fikir birbaşa deyildi, buna görə də biz ölümlülər

də əl-qolumuzu çırmalayıb fəlakətə qarşı nəsə edə bilərdik və bu Allahın qüruruna heç də

toxunmazdı. Həzrəti Ömər də, Əbü Übeydiyi ordunu vəbadan qorumaq üçün Suriyadan

Mədinəyə çağırmamışdımı? Xoca Padşahı qorumaq üçün ondan tələb edəcəkdi ki, heç olmasa

başqaları ilə əlaqəsini bir qədər azaltsın. Demək olmaz ki, fikrimizdən bu tədbirləri görmək,

Padşahı məcbur etmək üçun onun ürəyinə ölüm qorxusu salmaq keçmədi, amma bu təhlükəliydi:

Sultan poetik bir ölüm təsviri ilə qorxudulacaq qədər də tək buraxılmırdı, Xocanın

boşboğazlığından təsirlənsə də, ətrafındakı adamlara qorxusunu danışsa da, ətrafında qorxusuna

güc gələ biləcək insanlar vardı, sonra bu üzsüz axmaqlar, hər an Xocanı dinsiz kimi günahlandıra

bilərdilər. Buna görə də mənim ədəbi məlumatıma əsaslanaraq bir əhvalat uydurduq.

Xocanın gözünü ən çox qorxudan şey vəbanın nə vaxt bitəcəyini müəyyənləşdirmək idi.

Başa düşdüm ki, gündəlik olan ölüm rəqəmləri ilə işləməliyik, bunu Xocaya deyən də çox da

təsirlənmədi, bu haqda rəqəmlər əldə edə bilmək üçün Padşahdan kömək istəyəcəkdi, amma bu

da başqa bir əhvalatla ört-basdır olunacaqdı. Statistikaya o qədər inanmıram, amma başqa çıxış

yolumuz da yoxdur.

O səhəri gün saraya getdi, mən də şəhərin və vəbanın içinə əvvəlki kimi vəbadan yenə də

qorxurdum, amma fəallığın və həyatın şiddəti, dünyanı az da olsa ələ keçirmək istəyi ağlımı

əlimdən almışdı. Küləkli və sərin bir yay günüydü, ölənlərin və ölülərin marağıyla gəzinərkən

düşündüm: uzun illərdir ki, həyatı bu qədər sevə bilməmişəm. Məscidlərin tualetlərinə girir,

kağıza tabutların sayını yazır, sonra məhəllədə gəzinərək gördüklərimlə ölülərin sayı arasında

əlaqə qurmağa çalışırdım. Bütün evləri, insanları, insan izdihamını, şadlığı, sevinci və kədəri

mənalandırmaq asan deyildi. Üstəgəl, qəribə bir mənəvi aclıqla gözüm təsvirlərdə qalırdı-43

başqalarının həyatına, bir evin içində öz sirlərini və gözəl günlərini bölüşən insanların

xoşbəxtliyinə, çarəsizliyinə, qayğısızlığına baxırdım.

Günortaya az qalırdı, insan izdihamının və ölülərin təsirli sehriylə qarşıdakı sahilə, Qalataya

keçdim, limanın ətrafındakı işçilər oturan çayxanaların yaxınlığında gəzindim, çəkinə-çəkinə

tütün çəkdim, sırf dərk etmək istəyi ilə aşxanada yemək yedim, bazarlara getdim, dükanlara

girdim. Hər şeyi bir-bir beynimə yazmaq istəyirdim ki, bir nəticə çıxarda bilim. Axşamın

qaranlıq düşəndən sonra yorğun-arğın evə qayıtdım, saraydan qayıdan Xocaya qulaq asdım.

İşlər qaydasında gedib. Uydurduğumuz əhvalat Padşahın beyninə batıb. Vəbanın eynən

şeytan kimi, insan cildinə girib onu aldatmaq istəyəcəyi Padşahın ağlına batıb, qərar verib ki, hər

yad adamı saraya qoymayın, giriş-çıxışlar isə ciddi nəzarətə alınıb, vəbanın nə vaxt və necə

qurtaracağı sualı soruşulanda Xoca elə dil töküb ki, Padşah şəhərin içində sərxoş kimi gəzinən

Əzraylı gözünün önündə canlandıra biləcəyini qorxuyla deyib, gözü tutan adamları əli ilə tutub

itələyirmiş. Xoca tez təlaşla düzəliş verib: O, əzrayıl yox, insana ölümü təlqin edən şeytan imiş.

Həm də sərxoş yox, çox hiyləgərimiş. Xoca ona planlaşdırdığımız kimi, şeytanla mübarizə

aparmalı olduğunu da deyib. Vəbanın şəhərdən nə vaxt əl çəkəcəyini anlamaq üçün haralarda

gəzindiyini görməliydilər. Ətrafındakılardan vabayla mübarizə aparmağın Allaha qarşı çıxmaq

olduğunu deyənlər olubsa da, Padşah çox da fikir verməyib, sonra bir də heyvanları soruşub:

şahinlərinə, qızıl quşlarına, aslanlarına, meymunlarına şeytan ilişə bilərdimi? Xoca tez şeytanın

insanlara insan cildində, heyvanlara da siçan cildində göründüyünü deyib. Sultan vəba

yoluxmamış uzaq bir şəhərdən beş yüz pişik gətirilməsini, Xocaya da istədiyi qədər adam

verilməsini buyurub.

Əmrimizdə olan on iki adamı tez bir zamanda İstanbulun dörd bir tərəfinə göndərdik,

məhəllə-məhəllə gəzib, gördüklərini və ölülərin sayını bizə bildirdilər. Masamızın üstünə mənim

başqa kitablardan əxz edərək cızdığım qaba bir İstanbul xəritəsini sərmişdik. Gecələr vəbanın

harda gəzindiyini əritənin üstünə qorxu və ləzzətlə işarələyər, Sultana deməli olduğumuz fikirləri

planlaşdırardıq.

Əvvəlcə çox da nikbin deyildik. Vəba şəhərdə hiyləgər şeytan kimi yox, məqsədsiz bir avara

kimi dolaşırdı. Bir gündə Ağsarayda qırx can alır, sonra oradan uzaqlaşıb sonrakı gün Fatihə baş

çəkirdi və bir də görürdün ki, qarşıdakı sahildə, Topxanada, Cahangirdə yayıldığı məlum olurdu,

səhəri gün bir də baxırdıq ki, oralarada da çox az yayılıb, Zeyrəkdədir, Xaliçdən görünən bizim

məhəlləmizə girib iyirmi nəfəri öldürüb. Ölülərin sayından da heç nə başa düşə bilmirdik, bir

gün beş yüz adam ölürdü, səhəri günü isə yüz. Vəbanın qurbanını harda öldürdüyünü yox, ilkin

vəziyyətdə harda ələ keçirdiyini öyrənməli olduğumuzu başa düşəndə çox vaxt keçmişdi, Padşah

yenə də Xocanı çağırırdı. Götür-qoy elədik, qərara aldıq ki, Xoca Padşaha vəbanın insanların çox

baş çəkdiyi satış məntəqələri olan yerlərdə, insanların bir-birini aldatdığı bazarlarda, yaxın

əyləşib söz-söhbət elədikləri çayxanalarda gəzindiyini desin. Getdi və axşam da qayıtdı.

Padşaha deyib. Padşahsa sual verib: “Nə edək?”. Xoca deyib ki, bazar-güzar, şəhər içindəki

gediş-gəliş dəyənək zoru ilə məhdudlaşdırılsın. Sultanın ətrafındakı o çoxbilmişlər təbii ki, tez

bu fikirə qarşı çıxıblar: Şəhər maddi ehtiyacını necə ödəyəcəkmiş, ticarət dayansa, həyat da

dayanacaqmış, vəbanın insan cildində gəzindiyini eşidənlərin qorxudan zəhri yarılıb, qiyamətin

çatdığına inanıblar, sonra kimsə içində vəba şeytanının gəzindiyi məhəllədə özünü həbs

etməyəcəyini iddia edərək, üsyan edib. ”Haqlıydılar”,- Xoca dedi. Bu vaxt bir axmaq da xalqı bu

qədər sıxan bir adamı hardan tapacaqlarını soruşanda Padşah hirslənib, onun gücündən şübhəyə

düşənləri cəzalandıracağını deyərək hamını qorxudub. Bu qəzəblə də Xocanın dediklərinin

edilməsini buyurub, amma ətrafındakı adamlarla da məsləhətləşməyi unutmayıb. Baş münəccim

Sıdqı Əfəndi diş bülövlədiyinə görə xatırladıb ki, hələ vəbanın İstanbuldan nə vaxt sovuşacağını

deyə bilməz. Sultanın onun fikrini təsdiqləməyindən qorxan Xoca gələn dəfə gələndə təqvimi

gətirəcəyini deyib.

Masanın üstündəki xəritəni işarələr və rəqəmlərlə doldurmuşduq, amma, vəbanın hansı ağıla

uyaraq şəhərdə gəzindiyini heç cür başa düşə bilmirdik. Həmçinin Padşahın qadağası da reallaşdı

və üç gündən artıq davam elədi. Bazarın girişlərini, əsas prospektləri, gəmi limanlarını blokadaya

alan yeniçərlər gəlib keçəni sıxışdıraraq “Kimsən? Hara gedirsən? Niyə gedirsən?”, deyə sorğu-44

sual edirdilər. Ürkək, təəccüblü yol adamları, boş-boş gəzinən insanları daban əlli altı evlərinə

yollayıblar ki, vəba onlara dəyməsin. Bazarda, un dəyirmanında gündəlik yaşam tempinin

yavaşıdığını öyrənəndə son bir aydır topladığımız ölüm rəqəmlərini kağıza yazıb, divardan asıb

düşünürdük. Xocaya görə, vəbanın hansısa məntiqə əsasən hərəkət edəcəyini hədər yerə

gözləyirdik, başımızı salamat saxlamaq üçün nəsə uydurub Padşahın başını qatmalıydıq.

İcazə kağızı üsulu da bu ərəfədə yarandı. Yeniçər öz ağası ticarət dayanmasın və şəhər əhli

ərzaqla təmin olunsun deyə lazım bildiyi adamlara icazə kağızı paylayırlarmış. Bundan çox pul

qazandığını və xəracdan asılı olmaq istəməyən kiçik tacirin də üsyan eləməyə hazırlaşdığını

öyrənəndə, mən birinci dəfə ölüm rəqəmlərində də məntiq olduğunu başa düşməyə başlamışdım.

Baş vəzir Köpürlünün tacirlə əlbir olub hazırlayacağı planları nəql edən Xocaya olacaqları

dedim, vəbanın yavaş-yavaş kənar məhəllələrdən, kasıb səmtlərdən çəkilməyinə onu

inandırmağa çalışdım.

Danışdıqları çox da ağlıma batmadı, amma təqvimi hazırlamağı mənə həvalə elədi. Padşahın

başını qatmaq üçün heç bir mənası olmayan və oxuyandan sonra heç kəsin heç bir nəticə əldə

edə bilmədiyi bir hekayə yazdığını dedi. Başqa vaxtsa məndən soruşdu: İnsan oxuma və dinləmə

zövqündən özgə, heç bir nəticəsi və mənası olmayan bir hekayə uydura bilərmi? Dedim ki,

“Musiqi kimi?”. Xoca təəccübləndi. Sonra düşündük ki, yaxşı hekayənin əvvəli nağıl kimi

primitiv, ortası qorxulu yuxu kimi, sonu da ayrılıqla qurtaran eşq əhvalatı kimi olmalıdır. Saraya

getməmişdən bir gecə əvvəl oturub şən-şən boşboğazlıq edir, təlaşla çalışırdıq. Yan otaqda

Xocanın hələ sonunu yaza bilmədiyi hekayəsinin əvvəlini ağlamaya köçürən dostumuz, solaxay

xəttat vardı. Səhərə yaxın mən əlimdəki məhdud rəqəmlərlə günlərdir uyğunlaşdırmağa

çalışdığım proqnozlardan vəbanın sonuncu qurbanlarını bazarlarda öldürüb iyirmi gün sonra

şəhərə gedəcəyini müəyyənləşdirmişdim. Xoca da bu nəticənin əsaslandırıldığı mənbəni

soruşmadı, ancaq xilas gününün çox uzaqda olduğunu dedi, buyurdu ki, təqvimi iki həftəyə

əsasən təzədən düzəldim və müddəti də başqa rəqəmlərlə birgə açıqlayım. O qədər də nikbin


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin