Sual verməklə oxu - Şagirdlərə oxuduğu mətn üzrə suallar tərtib etmək və onları asandan çətinə doğru düzmək tapşırılır. Bu suallar şagirdin oxuduğu mətni nə dərəcədə dərindən anladığını müəyyənləşdirmək imkanı verir. Sual tərtib etmək üç mərhələdən ibarətdir: 1. Sualların növləri müəyyən edilir; 2. Suallar təsnif olunur; 3. Suallar tərtib olunur. Sualların aşağıdakı növləri var: Anlamanı yoxlayan suallar. “Kim? Nə? Hara? Nə zaman?” sual əvəzlikləri ilə tərtib edilir. Şərhlərə istiqamətləndirən suallar: “Nə nəticəyə gəldiniz? Hansı əlaqələri müəyyən etdiniz? Əvvəlcədən nə baş verəcəyini təxmin edə bilərsinizmi?” kimi suallardan istifadə olunur. Dəyərləndirməyə istiqamətləndirən suallar: Bu haqda nə düşünürsünüz? Bununla bağlı hansı fərziyyələr irəli sürə bilərsiniz? Müəllifə hansı sualı verərdiniz? Suallar tərtib edilərkən səthidən dərinə doğru sıralanmalı və nəticələri təqdim edərkən fikirlər əsaslandırılmalıdır. Sualların səviyyəsi aşağıdakı göstəricilərə görə təsnif edilir:
• Mətndə dəqiq cavabı olan suallar;
• Cavabı sətiraltı mənada gizlənən suallar;
• Mətnin ideyası əsasında oxucu mühakiməsindən yaranan suallar.
Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə doğru düzülür. Suallar aşağıdakı kimi təsnif edilir: Ən yüksək - Dəyərləndirməyə istiqamətləndirən suallar; - Münasibət bildirən suallar; - Şərhlərə istiqamətləndirən suallar; - Məlumatların tətbiqinə yönləndirən suallar; - Anlama səviyyəsini yoxlayan suallar. Ən aşağı - Yaddaşı yoxlayan suallar.
İkihissəli gündəlik. İkihissəli gündəlik diqqətli oxuya, mətnin ideyasını daha dərindən anlamağa kömək edir və mətnin mövzusunu aktual problemlərlə əlaqələndirir. İkihissəli gündəlik hazırlamaq üçün şagirdlərə bu cür təlimat verilir: Mətndə sizə maraqlı görünən, bəyəndiyiniz və ya bəyənmədiyiniz sitatları (parçaları) seçib yazın. Onları şərh edin. Sitatı şərh edərkən onu necə anladığınızı, nə üçün məhz bu sitatı seçdiyinizi izah edin .(ola bilsin ki, bu, sizin həyat təcrübənizə yaxındır, yaxud müəlliflə razı deyilsiniz və ya onun mülahizələrini davam etdirmək istəyirsiniz). Bu sitatın sizdə hansı fikir və assosiasiyalar yaratdığını yazın. Buna uyğun cədvəl tərtib edin və qeydlərinizi orada yazın.Bu üsul bədii mətnlərin, xüsusilə şeirlərin təhlili zamanı xüsusilə faydalıdır.
Ucadan düşün- Bu üsuldan istifadə edərkən müəllim bir növ öz “beyninin pəncərəsini” şagirdlər üçün açır və onlara oxu zamanı düşünməyin yollarını göstərir. O, əlaqələndirmə, ümumiləşdirmə aparmaq, nəticə çıxarmaq, dərketməni yoxlamaq və s. fəaliyyətlərin köməyi ilə şagirddə yaxşı oxucu üçün vacib olan bacarıqları formalaşdırır. “Ucadan düşün” üsulunda dərs iki hissəyə ayrılır: I hissə ̶mətnin məzmunu üzərində düşünməklə oxunun təşkili; II hissə ̶düşünərək oxumaq üçün üsulların öyrədilməsi. Hər dəfə bu cür oxudan sonra aparılan “Necə oxuduq ki, başa düşdük?” fəaliyyəti şagirdlərin oxu strategiyalarını nümunələrlə mənimsəməsinə və beləliklə, müstəqil, düşünən oxucu kimi formalaşmasına şərait yaradır.
“Ucadan düşün” üsulu aşağıdakı fəaliyyətlərdən ibarətdir:
uşaqların münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək.
Cütlərlə oxu və ümumiləşdirmə - Cütlərlə oxu və ümumiləşdirmə şagirdlərin mətni yoldaşı ilə birlikdə tədqiq edərək oxumağıdır. Bu cür oxu şagirdlərin mətni daha dərindən başa düşməyinə şərait yaradır. Əməkdaşlığa əsaslanan bütün tapşırıqlarda olduğu kimi, cütlərlə oxu və ümumiləşdirmə də şagirdi həm özünün, həm də yoldaşının öyrənməyi üçün daha çox təşəbbüs göstərməyə sövq edir. Bu üsul təfəkkürü inkişaf etdirir. Cütlərlə oxu və ümumiləşdirmədə təkcə mətni ucadan oxumaq üçün normadan 3-4 dəfə çox vaxt gedir. Buna görə də vaxta qənaət üçün şagirdlərə mətnin yalnız ilk 4-6 abzasını cütlük şəklində, digər hissələri isə tək oxumağı tapşırmaq olar. Bu üsul aşağıdakı ardıcıllıqla həyata keçirilir:
I addım: Orta həcmli informativ mətn seçin. Abzasları qısa olan (üç cümlədən çox olmasın) mətnlərə üstünlük verin. Ehtiyac olarsa, mətni özünüz işarələyərək daha qısa hissələrə ayırın.
II addım: Şagirdlər bu üsulla ilk dəfə işləyirlərsə, onda əvvəlcə bu üsulun necə tətbiq olunduğunu göstərmək lazımdır. a. Bir abzası şagirdlərə oxuyun və onun məzmununu ümumiləşdirin. Şagirdlərə izah edin ki, bu, tapşırığın bir hissəsidir. Sonra ümumiləşdirmənin mənasını izah edin: ümumiləşdirmə ̶mətnin əsas ideyasının mətndən daha qısa şəkildə ifadə (izah) edilməsidir. b. Şagirdlərə mətnin içərisindən iki sual verin və həmin sualları cavablandırmağı tapşırın. Bu isə tapşırığın ikinci hissəsidir.
III addım: Şagirdləri cütlərə bölün. Cütlükdəki şagirdlərdən birinə, sizin etdiyiniz kimi, ilk abzası (ya da işarələnmiş hissəni) oxumağı və ümumiləşdirməyi tapşırın. Cütlükdəki digər şagird isə həmin hissə üzrə 2 sual hazırlamalıdır. Şagirdlərə bunun üçün müəyyən qədər vaxt verin. Bundan sonra şagirdlərdən bəzisi öz ümumiləşdirməsini və sualları siniflə paylaşır. Tapşırığın qaydalarını hamının başa düşdüyünə əmin olun və ehtiyac olarsa, yenidən izah edin.
IV addım: Şagirdlər bu üsulu tam anladıqdan sonra cütlərə abzasları oxumağı, ümumiləşdirməyi və suallar verməyi tapşırın. Onlar hər dəfə abzas bitdikdən sonra rollarını dəyişməlidirlər. Cütlərlə oxu və ümumiləşdirmə şagirdləri çətin mətnləri daha diqqətlə oxumağa təşviq etməyin yaxşı üsuludur.
Nə? Nə deməkdir? Nə etməliyik?- Bu, bədii və ya informativ mətnlərdəki fikirlər üzərində işləmək üsuludur. Şagirdlər çox vaxt məktəbdə əldə etdikləri biliklərin real həyatla uzlaşmadığından şikayət edirlər. “Nə? Nə deməkdir? Nə etməliyik?” üsulunun məqsədi isə şagirdlərə məktəbdə öyrəndikləri ideyalarla real həyatdakı fəaliyyətləri arasında qarşılıqlı əlaqəni tapmağa kömək etməkdir. Bu metodun köməyi ilə şagirdlər mətndəki əsas ideyaları tapmağı, onların praktik nəticələri haqqında düşünməyi, eləcə də bu ideyalar əsasında işlər görməyi öyrənirlər. Mövzu şagirdlərə təqdim olunur (oxu və ya mühazirə vasitəsilə) və müzakirə edilir. Deməli, şagirdlərdə mövzu ilə bağlı artıq ümumi təsəvvürlər var. Müəllim qeyd edir ki, mətndən əldə olunan ideyalar əsasında nələr ediləcəyinə sinif qərar verməlidir. Müəllim lövhədə belə bir cədvəl qurur: Nə? Nə deməkdir? Nə etməliyik? Nə? Müəllim şagirdlərə tapşırır ki, verilən mövzu ilə bağlı yaranan fikirlərdən ən vacib hesab etdiklərini ümumiləşdirsinlər və “Nə?”başlıqlı sütuna yazsınlar. Nə deməkdir? Müəllim şagirdlərdən həmin fikirlərin niyə vacib olduğunu əsaslandırmağı istəyir: Onların mənası nədir və bu fikirləri niyə vacib hesab edirsiniz? Bu faktların (fikirlərin) insanların həyatında nə kimi əhəmiyyəti var? Müzakirədən sonra müəllim vacib məqamları “Nə deməkdir?” sütununa yazır. Nə etməliyik? Müəllim şagirdlərdən müzakirə etdikləri mövzu və ya problemlərin həlli ilə bağlı planlarını (nələr edəcəklərini) soruşur. Müəllim problemi araşdırmaq, həll yollarını tapmaq üçün onları beyin həmləsinə təşviq edir. Məsələn, əgər ətraf mühitin çirkləndirilməsi problemi müakirə edilərsə, bunun üçün: Şagirdlər fərdi şəkildə nə edə bilərlər? - Şagirdlər küçələri zibilləməməklə bağlı razılaşma imzalaya bilərlər. Şagirdlər qruplar şəklində nə edə bilərlər? - Kiçik qruplar öz məktəbləri və məhəllələri üçün insanları küçəyə zibil atmamağa çağıran afişalar hazırlaya bilərlər. Bütün sinfin birlikdə edə biləcəyi işlər hansılardır? - Şənbə günləri bütün sinif parkda və ya başqa ictimai yerlərdə təmizlik işləri apara bilər.
Qeyd: Optimal həll yolları çox vaxt şagirdlərin davranışının müsbət istiqamətdə dəyişməsinə səbəb olur. Ancaq üzə çıxarılan problemlə planlaşdırılan fəaliyyət arasında dəqiq əlaqə yaratmaq üçün vaxtaşırı sinifdə müzakirələr aparmağı tələb edən qrup layihələri həyata keçirmək lazımdır. Şagirdlər cavablandırdıqları sualları və bu araşdırmada verdikləri cavabları, gördüyü işləri, onlar arasındakı əlaqəni unutmasınlar deyə araşdırma bitdikdən sonra “Nə? Nə deməkdir? Nə etməliyik?” cədvəlini sinifdən asmaq faydalı olar.
Oxu zamanı əməkdaşlıq. Təlim prosesi interaktiv fəaliyyətdir və şagirdlər öyrənmək üçün qarşılıqlı fəaliyyətə, əməkdaşlığa ehtiyac duyurlar. Təlimin təşkilində qrupla fəaliyyət əhəmiyyətlidir, çünki təlimdə olduğu kimi, insanlar həyatda da birlikdə işləməyə, əməkdaşlığa ehtiyac duyurlar. Bununla onlar öz öyrənmələri üçün də məsuliyyət daşımağa başlayırlar. Adətən hər hansı bir məsələni kiməsə öyrədəndən sonra öyrədənin özünə də daha yaxşı aydın olur. Əməkdaşlıq şəraitində çalışan şagirdlər:
• Mövzu ilə bağlı düşünməyin müxtəlif yollarını aşkar edirlər;
• Mürəkkəb tapşırıqlarda bir-birlərinə kömək edirlər;
• Başqa şagirdləri hörmətlə dinləməyi öyrənirlər və həmin fikirlərdən faydalanırlar;
• Öz fikirlərini arqumentlərlə əsaslandırmağı, eləcə də özlərinkindən fərqli fikirləri qəbul etməyi öyrənirlər. Yaxşı oxucular öyrənmək üçün başqaları ilə əməkdaşlıq edirlər.