ŞƏKİ FİLİali


Cümlənin təsnif prinsipləri



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə16/28
tarix06.12.2016
ölçüsü4,76 Kb.
#958
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 
Cümlənin təsnif prinsipləri 
 
Dilimizdə cümlələr ayrı-ayrı cəhətlər nəzərə alınmaqla, 
müxtəlif prinsiplər  əsasında təsnif edilir.  Bunların bir qismi 
ümumi xarakter daşıdığı halda, bir qismi cümlələrin müəyyən 
hissəsinə  şamil edilir. Məsələn, məqsədə görə bölgü bütün 
cümlələrə aid edilirsə,  baş  və ikinci dərəcəli üzvlərin iştirak 
edib-etməməsinə görə bölgü yalnız sadə, bağlayıcı vasitələrə 
görə bölgü isə yalnız mürəkkəb cümlələrə aid edilir. 
Ümumiyyətlə, dilimizdə mövcud olan cümlələr, birinci 
 
növbədə  məntiqi-sintaktik üzvlənmə imkanlarına görə  təsnif 
edilə bilər. Bu cəhət nəzərə alınmaqla  dilimizdəki bütün 
cümlələr üzvlənən və üzvlənməyən cümlələr olmaqla iki böyük 
qrupa ayrılır. Üzvlənən cümlələr fikrin əsas ifadə vasitəçisi 
kimi çıxış edib, nitqimizin əsasını  təşkil edir. Biz dillə bağlı 
bütün faktları  məhz bu cür cümlələr üzərində araşdırırıq. 
Üzvlənməyən cümlələr isə  dilimizdə müəyyən məqamlarda 
işlənsə  də, üzvlənən cümlələr olmadan öz əhəmiyyətini itirir. 
Çünki bu cümlələr  əsasən dialoqlarda işlədilir, söylənilən hər 
hansı bir fikrə cavab məzmununu ifadə edir. Məsələn,  Bəyəm 
o, qardaşımın tayıdı?- Qətiyyən.(İ.Əfəndiyev)  
Gülarə  Abdullayeva 
 
 
172
Məqsəd  və  intonasiyaya  görə    cümlənin  növləri.  
Nitqimizi  təşkil  edən  cümlələr  bir-birindən  fərqlənən  
müxtəlif  məqsədlərlə    işlədilir. Hər hansı  iş, hal-hərəkət 
haqqında məlumat vermə, məlumat  əldə etmə, işin icrasına 
qarşı tərəfi təhrik etmə məqsədindən asılı olaraq cümlələr fərqli 
intonasiya ilə  tələffüz edilir. Cümlələrdəki  məqsəddən  asılı  
olaraq  onların   deyiliş  xüsusiyyətləri,  intonasiyası    da   
dəyişir.  Məsələn, Güllə hansı  tərəfdən atıldı?    Dəqiq deyə 
bilmərəm.(İ.Əfəndiyev).    Bu    cümlələrin  deyilişində  bir-
birindən  fərqli  intonasiyadan   istifadə  olunur.   Məqsəd  və  
intonasiyaya  görə  cümlələr  4  növə  bölünür.   
1. Nəqli  cümlə.  
2.  Sual  cümləsi.   
3.  Əmr  cümləsi.  
4. Nida  cümləsi. 
Nəqli  cümlələrdə  müəyyən  bir   hadisə,  əşya,  əlamət  
və s.  haqqında   məlumat  verilir.  Həm  də    məlumat  adi  
təsviri  yolla  verilir,  nəql  olunur.  Burada  müəyyən  bir  fikir  
ya      təsdiq,  ya  da  inkar  edilir.  Hökmlər,  adətən,  belə  
cümlələrlə    ifadə  edilir. Məsələn, Nurunun bacısı bu sözləri 
deyib, Sərvinazdan ayrıldı. Sərvinazı  təkrar qəhər  götürdü.     
(İ.Əfəndiyev)   
Nəqli  cümlələr   üçün söz sırası xarakterikdir. 
Azərbaycan  dilinin  cümlə  quruluşuna  uyğun  olaraq  bu  
cümlələrdə,  adətən  mübtəda və ya mübtəda zonası  əvvəl, 
xəbər və ya xəbər zonası isə   cümlənin  sonunda işlənir. (Şeir 
dilində istisnalar ola bilər.)  Məsələn,  Mənim plovum Adilin 
xoşuna gələrdi. Mən bu qısa söhbət zamanı Adilin buldozerçi 
ilə mülayim söhbətindəki gərginliyi hiss edirdim.(İ.Əfəndiyev) 
və s.  
Nəqli cümlələrdə intonasiya cümlənin  əvvəlində 
tədricən yüksəlir, sona doğru zəifləyir, xəbərdən əvvəl məntiqi 
vurğulu üzv xüsusi olaraq tələffüz olunur. Cümlənin sonunda 
bitmə intonasiyası və fasilə fikrin tamamlandığını bildirir. 

Müasir  Azərbaycan  dili 
 
 
173 
Nəqli  cümlələr  ismi  və  feli  xəbərli olmaqla  iki  növə  
ayrılır.  İsmi  xəbərli  nəqli  cümlələr  hökm  bildirir və bu 
cümlələrdə  xəbər  adlarla,  məsdər,  feli  sifət  və    zərflərlə,  
ismi  birləşmələrlə  ifadə  olunur.  Məsələn, Onun qonaqlardan 
sonra yenə bir işi var idi. Dükanın mayası da Molla 
Cəfərqulunundur. Bu, yuxudur. Gülbadamın məqsədi ancaq 
namusunu saxlamaq, təmiz qalmaq, zəhərli ilandan özünü xilas 
etməkdi. (N.Nərimanov) Eyvaz dayının camaat arasında  
getdikcə çox hörmət qazanmasının bir səbəbi də qardaşı  oğlu 
Surxayın rayonda çox mühüm vəzifədə olması  idi.                    
(İ.Əfəndiyev) 
Feli  xəbərli  nəqli  cümlələrin  xəbəri isə  daha  çox  
felin xəbər  forması  ilə  ifadə  olunur.   Məsələn,  Qaranlıqdan 
Ərşadın səsi gələn tərəfə bir güllə atıldı. İtlər atlıları dövrəyə 
alıb qəzəblə hürürdülər. (İ.Əfəndiyev)  
Nəqli  cümlələr  təsdiq  və  inkar  olur.  İnkarı  nə - nə 
  bağlayıcısı,  deyil  sözü  və  -ma
2
   şəkilçisi  ilə  yaranır.  
Məsələn,  Gecə düşərgənin  ətrafında iri tonqallar qaladılar.   
Gözətçilərin sayı artırıldı.(F.Kərimzadə)- cümlələri təsdiq,  Nə 
bihuşdarı vermişdilər, nə  də  qışqırığını  eşitmişdilər.               
(F.Kərimzadə) Molla Tutunun belə düşüncələri  əbəs deyildi. 
(N.Nərimanov)  Hökumətin işinə  əl  aparmaq  olmaz.                
(İ.Əfəndiyev)-cümlələri isə inkar bildirən nəqli  cümlələrdir.  
Nəqli  cümlələr  dilin  ən  kütləvi   ünsiyyət  vasitəsi  
hesab  olunur, başqa  cümlə  növlərinə    nisbətən  daha  çox  
işlədilir.  Epik  xüsusiyyət  daşıyan  bütün  əsərlərdə  (roman, 
povest, hekayə, poema və s.), çıxışlar, məktub və protokollarda, 
məqalələrdə və s. nəqli   cümlələr  əsas  yer  tutur. 
Nəqli  cümlələr  daha   çox  cümlə  növlərini  əhatə  
edir.  Belə  ki, nəqli cümlələr təktərkibli  və    cüttərkibli  
cümlələrin  bütün  növlərində  ola  bilər,  onlar  müxtəsər  və  
geniş  ola  bilər.    Tabesiz    və  tabeli  mürəkkəb  cümlələrin 
tərkib hissələri  çox  vaxt  nəqli  cümlələrdən  ibarət  olur.  
Gülarə  Abdullayeva 
 
 
174
Sual  cümləsi.  Müəyyən bir  məlumat  almaq,  
məlumatı  dəqiqləşdirmək   məqsədilə    işlədilən  cümlələrə  
sual  cümləsi  deyilir.      Sual    cümlələri    sual    məqsədi  ilə  
işlədilir.  Sual  cümləsi  vasitəsilə  başqasından  müəyyən  bir  
məsələ  öyrənilir,  müəyyənləşdirilir,  informasiya 
zənginləşdirilir. Məsələn,  Qərib yoldaş bu rayondandır?         
(İ.Əfəndiyev) Sən Muradı çoxdan tanıyırsan? (İ.Əfəndiyev)    və 
s.  
            Sual cümlələrinin özlərinəməxsus xüsusi sual 
 
intonasiyası  olur.  Bu  intonasiya   başqa vasitələr olmadıqda 
daha qabarıq hiss olunur. Sual cümləsini yaradan başqa 
vasitələr olduqda bir qədər zəif nəzərə çarpır.   
Sual  cümlələri  müxtəlif  yollarla  əmələ    gəlir.  Bu  
cəhətdən  onlar  üç  növə  bölünür.  
1. Sual  intonasiyası  ilə  əmələ  gələn  sual  cümlələri. 
2.  Sual  ədatları  ilə  əmələ  gələn  sual  cümlələri. 
            3. Sual  əvəzlikləri  ilə  əmələ  gələn  sual  cümlələri. 
Sual  intonasiyası  ilə  əmələ  gələn  sual  cümlələrində  
sual  intonasiyasından  başqa,  sual  bildirməyə  xidmət  edən  
heç  bir  qrammatik  vasitə  iştirak  etmir.  Ona görə  də   bu 
tipli  sual  cümlələrinin   vahid  və  yeganə    əlaməti   sual  
intonasiyasından  ibarətdir.  Bu cür sual cümlələri heç bir 
formal  əlamətə görə  nəqli cümlələrdən fərqlənmir. Onları 
fərqləndirən yeganə 
əlamət intonasiyadır. Məsələn, 
Körpüsalanlar konsert verirlər? Qərib yoldaş bu rayondandır? 
(İ.Əfəndiyev).-cümlələrini  şifahi nitqdə  nəqli cümlələrdən 
yalnız intonasiya, yazıda isə durğu işarəsi, yəni sual işarəsi 
fərqləndirir.  Bu    tip    sual    cümlələrində    məntiqi  vurğunun  
hansı  söz  üzərinə  düşməsindən  asılı  olmayaraq,  xəbərin  son  
hissəsi  uzadılır   və  buradan  da  sual  intonasiyası  yaranmış  
olur.    Belə  cümlələrə  tələb olunan cavab cümləsi söz-cümlə 
şəklində də qurula bilir: Körpusalanlar konsert verirlər:-Bəli. 
Sual cümlələrinin bir qismi - 
4
 sual  ədatının iştirakı  
ilə    əmələ    gəlir. Belə sual   cümlələrində    həmin  ədat  bir  

Müasir  Azərbaycan  dili 
 
 
175 
qədər  qüvvətli  tələffüz  edilir.  Məsələn,  Adil, çay 
qoyummu?(İ.Əfəndiyev) Adam da öz balasını yad qızından 
ötəri ayağının altına salıb çığnayardımı? (İ.Şıxlı) Sən 
xasiyyətimi bilmirdinmi, elə  uşaqlıqdan deyib-gülməyi 
sevmirdimmi?  (İ.Şıxlı) və s.  Bu  növ  cümlələrdə  xüsusi  
intonasiyadan   istifadə  edilmir,  xəbərlərin  son  hissəsini  
uzatmağa  da  ehtiyac  olmur. 
           -mı
4
 ədatı  sual   cümlələrinin  daha   çox  xəbərləri  ilə  
işlənir.  Belə    cümlələrin  sual  cümləsi    kimi    formalaşması  
daha   çox  xəbərlə  bağlı  olur.  Lakin  bu sual  ədatı  cümlənin  
başqa   üzvləri  ilə    də   əlaqələnərək   sual  cümlələri  əmələ  
gətirə    bilir.    Məsələn,  Söylə  sənmi xor baxırsan mənim  şeir 
dilimə? (S.Vurğun)- cümləsində  mübtəda ilə,  Demirsənmi 
bacım aranda istidən bişər? (İ.Şıxlı)-cümləsində  xəbərlə, 
Ürəkdənmi söylədi o bu sözləri görən? (B.Vahabzadə) – 
cümləsində  zərfliklə  işlənmişdir. Həmin  ədat  əsasən məntiqi 
vurğulu sözə artırılaraq sual məzmunu ilə  bərabər mənanın 
daha qabarıq nəzərə çatdırılmasına da şərait yaradır.  
Bundan başqa, dilimizdə bir sıra  ədatlar da vardır ki, 
onlar da sual cümlələrinin yaranmasında mühüm rola malikdir. 
Belə  ədatlara  yoxsa, bəlkə, axı, məgər, bəs, ki sözlərini misal 
göstərmək olar. Məsələn, Yoxsa sözlərimdən incidin, ay qardaş, 
niyə qaşqabağını turşutdun? (İ.Şıxlı)  Dərdimi bilmirsən, oğul, 
məgər sən? (N.Xəzri) Ayağı çarıqlı kiçik bir ölkə, Böyük 
Firdövsilər yaratdı bəlkə?(S.Vurğun)  
Sual  əvəzlikləri  ilə    əmələ    gələn  sual  cümlələri
Sual cümlələrinin bir qismi sual əvəzliklərinin   iştirakı  ilə  
əmələ  gəlir.  Məsələn,  Gecə vaxtı kim mənim qabağıma gəmi  
gətirəcək? (İ.Şıxlı) Nə üçün belə  məhzunsan? Halın niyə 
pərişandır? (C.Cabbarlı)  
Sual  cümlələrinin  bu  növündə  müxtəlif cümlə 
üzvlərinin ifadə etdiyi məzmun  məlum  olmur,  danışan  şəxs   
məlum  olmayan  həmin  əşya  və hadisələri,  hal  və  
hərəkətləri,  əlamətləri  və s.  meydana  çıxartmaq   üçün  
Gülarə  Abdullayeva 
 
 
176
onların yerində    sual    əvəzliklərindən   istifadə  edir.  Sual  
əvəzlikləri  ilə    əmələ    gələn  sual  cümlələrində    məntiqi  
vurğu,  əsasən  sual  bildirən  sözlərin  üzərinə  düşür.  Məsələn, 
Bir bivəfa ki, məni atıb gedir, mən  nə  səbəbə ona məhəbbət 
bağlamalıyam? (C.Cabbarlı)  Siz hara  gedəcəksiniz? Murad, 
bacıqızı  hansı qohumlardandır? (İ.Əfəndiyev)  və s.  Əvvəlki 
sual cümlələrindən fərqli olaraq, bu cür cümlələrdə  cavab 
cümləsi söz-cümlə şəklində formalaşa bilmir, əksinə, elə cavab 
cümləsi tələb olunur ki, həmin cümlədə sual əvəzliyinin yerində 
yeni informasiya verəcək bir üzv işlənsin. Adətən, belə 
cümlələrin cavab cümləsi yalnız yeni məlumat  ifadə edən 
üzvdən ibarət yarımçıq cümlə  şəklində qurulur:  Siz hara 
gedəcəksiniz? - Şəhərə. 
Dilimizdə elə cümlələr də vardır ki, onlardan cavab 
almaq məqsədi ilə deyil, fikri daha ifadəli  şəkildə çatdırmaq, 
obrazlılıq yaratmaq üçün istifadə edilir. Belə sual bədii sual 
adlanır. Bu cür cümlələrə bədii əsərlərin dilində çox rast gəlinir. 
Məsələn,  Yenə  də sürünü nizamla düzüb, Baş alıb gedirsən 
hayana, ceyran? (S.Vurğun) Kim çəkir gənc yaşında, Geçə  
beşik başında körpələrin nazını? ? (S.Vurğun) 
Əmr  cümləsi.   Əmr,  xahiş,  təkid,  tələb,  məsləhət,  
nəsihət,  çağırış    və s.  bildirən  cümlələrə    əmr  cümləsi  
deyilir.    Məsələn,  Deynən, mənə bir belə  əziyyət verməsinlər. 
Oradan al, buraya gətir. (Ə. Haqverdiyev)  
Əmr  cümlələri  qəti  əmr  mənası    ifadə    etməklə  
yanaşı,  onunla  bağlı  olan  başqa  mənalar  da  -xahiş,  öyüd,  
nəsihət,  tələb,   hətta   istək,  arzu  və  s.  ifadə  edə  bilir.  Bu  
isə    əmr  cümlələrinin   məna  və    işlənmə        dairəsini  
genişləndirir.  Bu  cümlələrin  müxtəlif  mənaları      içərisində  
sözün  həqiqi  mənasında  əmr  ifadə  etmək  əsas  olduğundan  
və  bu  cəhət  daha   qabarıq  şəkildə  özünü  göstərdiyindən   
həmin  cümlələr  əmr  cümləsi  adı ilə   qeyd  edilir.  Məsələn,  
Firuzə, mənə bir az kağız ver. (C.Cabbarlı) Sən uşaqlarla get, 
bütün kişiləri buraya çağır. (C.Cabbarlı)  Bu  misallarda   qəti  

Müasir  Azərbaycan  dili 
 
 
177 
əmr  mənası  vardır. Lakin dilimizdə elə cümlələr də vardır ki,   
istək,  arzu  məzmunu ifadə edir. Belə cümlələrdə mənanı daha 
qabarıq ifadə etmək üçün ədatlardan istifadə edilir. Məsələn, Ey 
bivəfa, barı bir neçə kəlmə sözünə qulaq ver.(C Cabbarlı) Kaş 
ki o sözlər mənim çıxmayaydı dilimdən. (S.Rüstəm)  
Əmr  cümlələrinin  bir  hissəsi  də  xahiş,  rica,  
müraciət  bildirir.  Məsələn,  Qərənfil, bəsdir.    (İ.Əfəndiyev) 
Dur, bir az uzan, Adil, yəqin ki, yorğunsan.  (İ.Əfəndiyev)  
Ovçu, insaf elə, keçmə bu düzdən, O çöllər qızını ayırma 
bizdən. (S.Vurğun)   
Əmr  cümlələri  öyüd,  nəsihət,  məsləhət,  təskinlik  də  
bildirir.  Məsələn,  Get düşmənin qabağında igid tərpən, 
vüqarla, Tüfəngini təmiz saxla, atını da tumarla. (S.Vurğun) 
Əmr  cümlələrində    bəzən  xitabların  iştirakı  vacib  olur.  
Məsələn,  A kişi, ağlını başına yığ.(İ.Şıxlı)  Qulu,  dayan.          
(İ.Əfəndiyev) 
Əmr  cümlələrində    bu    müxtəlif  məna  fərqlərini  
vermək  üçün  heç  bir  formal  əlamətdən  istifadə  edilmir.  Bu  
mənalar  əmr  cümləsinin   işləndiyi  şəraitlə,  mətnlə,  
münasibətlə  bağlı  olaraq  meydana  çıxır  və  həmin  cəhətlərlə  
də    müəyyənləşdirilir.  Buna  görə    də  bu  növ  cümlələrdən  
ədəbi  dilimizin  bütün  sahələrində,  eləcə  də  adi  danışıqda  
geniş  istifadə  edilir. 
Əmr  cümləsinin  formalaşmasında  intonasiyanın 
mühüm rolu vardır. Lakin  bundan başqa, felin əmr  forması,  
əmr  ədatları  və  əmr  hökmündə  işlədilən  digər  fel  formaları 
da   belə cümlələrin qurulmasında müəyyən  əhəmiyyətə 
malikdir.  Əmr  cümlələrinin  xəbəri  əksərən  felin  əmr  
formasında  olur.  Məsələn, Amerika, yaxşı dinlə bu qatarın ilk 
səsini. (S.Vurğun) Get, atı yəhərlə. (İ.Şıxlı)  Bu zaman     xəbər 
I  şəxs  tək və   cəmdə  olduqda  arzu,  istək,  çağırış;       II  
şəxs  tək  və    cəmdə  olduqda  əmr,  təkid;  III  şəxsdə  
məsləhət,  nəsihət,  təklif  mənaları    ifadə  olunur.  Əmr  
cümlələrində    əmr,  təkid,  tələb    mənaları  olduqda  cümlə  
Gülarə  Abdullayeva 
 
 
178
nisbətən  yüksək  tonla,  xahiş,  məsləhət,  nəsihət    mənaları  
olduqda  aşağı  tonla  tələffüz  edilir.   
Dilimizdə  vacib, xəbər  şəklində olan fellər, hətta 
məsdər də əmr cümləsinin xəbəri yerində  işlənə bilir. Məsələn, 
Verilən tapşırığı vaxtında yerinə yetirməli. Gedirsən, məktubu 
poçta təhvil verirsən.  (C.Məmmədquluzadə) 
 Əmr  cümləsi felin  əmr  forması  ilə   əmr  ədatlarının  
birgə  işlənməsi  yolu  ilə  daha  çox  formalaşır.  Məsələn,  Qoy 
gülsün hər zaman Vətən torpağı, Çiçəyi solmasın, gülü 
solmasın. (R.Kərimli)  
Əmr  cümlələri  məsdərlərin  köməyi  ilə  də  formalaşır.   
Nida  cümləsi.    Söylənilən  fikrə  hissi  münasibət  
bildirən  cümlələrə  nida  cümləsi  deyilir.   
Nida  cümlələri, əslində, cümlənin məqsədə görə ayrıca 
növü olmayıb, nəqli, sual, əmr cümlələrinin hər biri yüksək 
hiss-həyəcanla deyildikdə  yaranır və   hiss,  həyəcan  bildirən  
cümlə  növü  kimi  qeyd  edilir.  Məsələn,  Ay  haray,  köməyə  
gəlin,  taxtabənd  uçuldu,  adamlar  qaldı  altında!  
(C.Cabbarlı).  Yaşar,  Toğrul,  Nüsrət... Buraya  gəlin  
tutmuşam!  (C.Cabbarlı).   
Nida  cümlələri  nəqli  cümlələrin,  eləcə  də  sual    və  
əmr  cümlələrinin  əsasında  yaranır.    Bu    cümlə  növləri  
müəyyən  şəraitdə,  yeni  xüsusiyyətlər  kəsb  edərək  nida  
cümləsinə  çevrilə  bilir.  Məsələn,  Görüm səni qara gələsən, 
ay zəmanə!  Vah, bu imiş  dərsi-üsuli-cədid?! Yox, yox, oğul, 
məktəbi-şeytandı bu! (M.Ə.Sabir)  
Nida  cümlələri  həm danışanın  emosional  duyğu  və  
həyəcanlarını,  həm  də  onun  başqa  şəxs  və  əşyalara  olan  
emosional  əqli  münasibətlərini  ifadə  edə  bilir. 
Nida cümlələrinin formalaşmasında  intonasiya  mühüm 
rol oynayır.  Əvvəl haqqında danışılan hər bir cümlə növü 
intonasiya  vasitəsi ilə   şadlıq,  sevinc,  qəzəb,  nifrət,  təəccüb,  
heyrət,  istehza,  təəssüf  və s.  kimi  hisslər  ifadə  etməklə nida 
cümləsinə çevrilir.  Məsələn, Baxın, baxın, yaxşı baxın, diqqətlə 

Müasir  Azərbaycan  dili 
 
 
179 
baxın! Sizin tarix kitabında bu, qanla yazılmış bir səhifədir! 
Bizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə 
bir ağızdan deyəcəklər: Tfu sizin üzünüzə!                              
(C.Məmmədquluzadə)  
Nida  cümlələrinin qurulmasında çox vaxt nidalar da 
iştirak edir.  Məsələn,  Ah, yenə Sitarə xatirə düşdü!               
(C.Cabbarlı)  Aman, Mənsur, məni hicr odunda yandırma!    
(C.Cabbarlı). 
Nida cümlələrinin formalaşmasında xitablar,  sözlərin  
təkrarı,  ellipsis,  bağlayıcı    sözlər,  nisbi  əvəzliklər,  sual  
əvəzlikləri  və  s.    də müəyyən qədər rol oynayır. Məsələn,  
Oğul, nədir etdiyin bəs bu haqq-say üçün?! Qaytar onun 
ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını 
geri! Qaytar o dilindəki şirin-şirin sözləri! (Ə.Kərim) 
 Nida  cümlələri  də quruluş etibarı ilə sadə  və 
mürəkkəb, həmçinin cüttərkibli və  təktərkibli, müxtəsər və 
geniş, bütöv və yarımçıq ola bilər. Hətta üzvlənməyən cümlələr 
də yüksək hiss-həyəcan bildirməklə nida cümləsinə çevrilə 
bilər.  Məsələn,   Paho!  Maşallah!  və s. 
Nida      cümlələrindən   bədii dildə,  xüsusən  yüksək  
pafoslu,  romantik  əsərlərdə,  şeirlərdə,  dram  əsərlərində  çox,  
adi  təsviri  xarakter  daşıyan  əsərlərdə  roman,  povest  və  
hekayələrdə  nisbətən  az  işlədilir. 
 
Cümlənin quruluşca növləri.  Cümlələrin təsnifində 
ikinci  əsas meyar quruluşa görə aparılan bölgüdür. Bu 
baxımdan cümlələr sadə və mürəkkəb olmaqla iki böyük qrupa 
ayrılır. Sadə cümlələr bir, mürəkkəb cümlələr isə iki və daha 
çox predikativ mərkəzə malik olur. Predikativ mərkəz dedikdə 
bir-biri ilə  əlaqədə olan mübtəda və    xəbər nəzərdə tutulur. 
Qrammatik  əsas  termini də eyni mənanı daşıyır. Sadə 
cümlələrdə  bir sadə fikir ifadə olunursa, mürəkkəb cümlələr 
bizi əhatə edən obyektiv aləmlə bağlı daha mürəkkəb əlaqə və 
münasibətləri  əks etdirir. Məsələn,  İstəyirəm nəzərinizə 
çatdırım. Bu hadisələrin səbəbkarı kimdir? –cümlələri ayrı-
Gülarə  Abdullayeva 
 
 
180
ayrılıqda sadə cümlələrdir. Birinci cümlə  məqsədə görə  nəqli, 
ikincisi isə sual cümləsidir. Lakin onlar birləşərək bir məqsədə 
xidmət edən cümlə kimi - nəqli cümlə kimi formalaşıb, 
tamamilə yeni bir məzmun kəsb edir:  İstəyirəm nəzərinizə 
çatdırım ki, bu hadisələrin səbəbkarı kimdir. 
Sadə  və mürəkkəb cümlələrin hər birinin özünəməxsus 
təsnif prinsipləri var. Sadə cümlələr baş    və ikinci dərəcəli 
üzvlərin iştirakına, fikrin ifadəsi üçün lazım olan üzvlərin 
buraxılıb-buraxılmamasına görə təsnif olunur, müxtəlif növlərə 
bölünür. Mürəkkəb cümlələr də onu təşkil edən tərkib hissələri 
arasındakı  əlaqənin növünə, tərəflərin bir-birindən asılılıq 
dərəcəsinə görə tabesiz və tabeli mürəkkəb cümlələr olmaqla 
qruplaşdırılır, həmin cümlələrin hər biri də daxili növlərə 
bölünür. 
 
Cümlə  üzvü anlayışı.  
Cümlənin   baş  üzvləri 
 
Cümlənin digər üzvləri ilə  məna və qrammatik 
cəhətdən bağlı olub, bir sintaktik suala cavab verən söz və ya 
söz birləşməsinə cümlə üzvü deyilir. Azərbaycan dilindəki bəzi 
cümlə növləri (söz-cümlələr, vokativ cümlələr və s.) nəzərə 
alınmazsa, bizim bütün cümlələrimiz asanlıqla tərkib hissələrə 
ayrılır və üzvlənir. Lakin tarixən cümlə üzvlərini 
müəyyənləşdirmək işi çətin olmuş, müxtəlif alimlər cümlə 
üzvlərinə müxtəlif ölçü ilə, müxtəlif meyarla yanaşmışlar. 
Məsələn, Avropa alimlərindən Paul və  Şleyxer məntiqi vurğu 
hansı üzvün üzərinə düşərsə, onu da baş üzv kimi götürməyi 
məsləhət görmüşlər. Tarixən bizim dilçiliyimizdə  də cümlə 
üzvlərinə bu cür müxtəlif yanaşma halları olmuşdur. Məsələn, 
XIX əsrin ortalarında prof. M. Kazım bəy mübtəda və xəbərlə 
bərabər, tamamlığı da baş üzv hesab edirdi. Ə. Vəzirov  zərfliyi 
cümlə üzvləri sırasına daxil etmirdi. Məhəmməd  Əfşar nitq 

Müasir  Azərbaycan  dili 
 
 
181 
hissələri ilə cümlə üzvlərini qarışdırırdı. 1947-ci ildə 
Ə.Dəmirçizadə cümlə üzvlərinin yeni təsnifini vermiş, yalnız 
xəbəri baş üzv hesab etmiş, mübtədanı aydınlaşdıran, 
konkretləşdirən üzv adlandırmışdır.  Ə.Dəmirçizadə  də 
Ə.Vəzirov kimi, zərfliyi cümlə üzvü hesab etmir, onun yükünü 
tamamlıq və  təyin arasında paylayırdı. Ümumiyyətlə, 
Ə.Dəmirçizadə cümlə üzvlərini iki qrupa ayırırdı:  əsas üzvlər, 
əlavə üzvlər. O, əlavə üzvlər dedikdə ara sözləri, xitabları, 
bağlayıcı  və nidaları  nəzərdə tuturdu. Bütün bu münasibətlərə 
baxmayaraq, hazırda cümlə üzvləri iki qrupa ayrılır: baş üzvlər, 
ikinci dərəcəli üzvlər. 
 Sözün, 
söz 
birləşməsinin cümlə üzvü olması üçün onun 
cümlənin digər üzvləri ilə yanaşma, idarə, uzlaşma 
əlaqələrindən biri ilə əlaqələnməsi vacibdir. Lakin cümlədə elə 
sözlər və birləşmələr olur ki, onlar cümlənin üzvləri ilə belə 
əlaqədə ola bilmir. Məsələn, Vaxtsız əcəl, Məndən uzaq dolan, 
dur, Qürbət eldə can vermərəm ölümə. (S.Vurğun)  Həqiqətən
müəllim cismani ağa, ruhani atadır. (N.Tusi) -  cümlələrində 
vaxtsız  əcəl  və  həqiqətən  sözləri aid olduğu cümlə üzvləri ilə 
yalnız mənaca bağlanır. Birincisi müraciət, digəri münasibət 
bildirir. Sintaktik əlaqədə olmadığı üçün bunlar cümlə üzvü 
hesab edilmir. 
 
Sözün, söz birləşməsinin cümlə üzvü olması üçün 
onların sintaktik suala cavab verməsi də vacibdir. Lakin 
sintaktik sualla morfoloji sualı eyniləşdirmək olmaz. Nitq 
hissələri təbiətən təhkim olunduğu sintaktik vəzifədə işləndikdə 
onların morfoloji və sintaktik sualları uyğun gəlir.  Müəllim 
uşaqlara evi göstərdi.-cümləsində  müəllim-mübtəda, uşaqlara 
və    evi  isimləri isə tamamlıq vəzifəsindədir. Ona görə  də bu 
sözlərin morfoloji və sintaktik sualları eynidir. Lakin nitq 
hissəsi təhkim olunduğu vəzifədə deyil, başqa vəzifədə 
işləndikdə onun morfoloji və sintaktik sualları fərqlənir.  Palçıq 
küçələrdə heç kim görünmürdü.–cümləsində isə    nə? sualına 
cavab verən  palçıq isminin cümlədəki sintaktik sualı  necə? 
Gülarə  Abdullayeva 
 
 
182
olacaqdır: Necə küçələr?palçıq küçələr. Bunlardan əlavə, söz 
birləşmələrinin tərəfləri ayrılıqda morfoloji suala cavab verdiyi 
halda, tərəflər birlikdə bir sintaktik suala cavab verir. Məsələn, 
Qırmızı  kərpicdən tikilmiş evə Nazlı özüylə  hərarət gətirirdi, 
səs-küy gətirirdi. (İ.Məlikzadə)-cümləsində  qırmızı  kərpicdən 
tikilmiş    birləşməsinin tərəfləri ayrı-ayrı suala cavab verdiyi 
halda,  cümlə üzvü kimi  tərəflər birlikdə bir suala cavab verir: 
hansı evə?-qırmızı kərpicdən tikilmiş evə.   
 
Lakin bunu da nəzərə almalıyıq ki, cümlə üzvlərinə 
həmişə sual vermək də mümkün olmur. Var, yox,  gərək, lazım 
sözləri ilə ifadə olunmuş cümlə üzvlərinə sual vermək mümkün 
olmur. Məsələn,  Atalıydı, analıydı  uşaqlar, Bizim evdə biri 
vardı, biri yox . (N.Kəsəmənli)  və s.  
 
Cümlə üzvləri ona görə baş  və ikinci dərəcəli üzvlərə 
ayrılır ki,  onların hamısı cümlə üçün eyni qiymətə malik deyil. 
Baş üzvlər cümlənin qrammatik əsasını, onun bel sütununu 
təşkil edir. İkinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif 
cəhətdən izah edir, aydınlaşdırır və tamamlayır. 
Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin