Qərargahların əsas vəzifələri aşağıdakılardır: I. Dinc dövrlərdə:
1. Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək;
2. Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək;
3. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz
işləməsini təmin etmək.
II. Fövqəladə hadisə zamanı:
1. Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış
vəziyyət haqqında xəbərdar etmək;
2. Xilasetmə işlərini görmək üçün Mülki Müdafiə qüvvə və vasitələrinin
qruplaşmalarını təşkil etmək;
3. Mülki Müdafiə kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək;
4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və
obyektləri xəbərdar etmək;
5. Hərtərəfli təchizatı təşkil etmək;
6. Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata
keçirmək.
Mülki Müdafiə qərargahları əsas diqqəti Mülki Müdafiə tədbirlərinin vaxtında
yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər kollektiv mühafizə qurğularının
tikilməsi, fərdi mühafizə vasitələri fondunun yaradılması, Mülki Müdafiə
qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit
işinin təşkilindən və s. ibarətdir.
Hər bir qərargah, bütün Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsini
istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.
Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi
tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini (70%)
tabeliyində olan qərargahlara və Mülki Müdafiə qüvvələrinə sərf etməlidir.
Təsərrüfat obyektində Mülki Müdafiə qərargahının təşkili sxemi
Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin
əmri ilə rəsmiləşdirilir.
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin
sayından asılıdır.