Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti §2. Fövqəladə hadisələrin təsnifatı. Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə
ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin
pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi
təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə
insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın
və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən
tədbirlər sistemidir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması –
insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə
vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin
yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata
keçirilən qəza xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Fövqəladə hadisələr növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər
əlamətlərinə görə təsnif edilir.
Ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onlar iki yerə bölünür: 1.Münaqişəli fövqəladə hadisələr.
2.Münaqişəsiz fövqəladə hadisələr.
Münaqişəli fövqəladə hadisələrə aşağıdakılar aiddir: • hərbi toqquşmalar;
• ekstremist siyasi mübarizə;
• sosial partlayışlar;
• milli və dini zəmində olan münaqişələr;
• terrorizm;
• tüğyan edən cinayətkarlıq və s.
Münaqişəsiz fövqəladə hadisələrə aşağıdakılar aiddir:
1. Təbii xarakterli fövqəladə hadisələr;
2. Texnogen xarakterli fövqəladə hadisələr;
3. Ekoloji xarakterli fövqəladə hadisələr;
4. Sosial-siyasi xarakterli fövqəladə hadisələr və s.