36.
Leksik və üslubi norma.
Leksik norma sözün mənası və ya mənalarını yaxşı bilmək, onu
yerində və düzgün işlətməkdir. Lüğət tərkibini təşkil edən sözün əsas
vəzifəsi dildaxili və dilxarici faktları düşüncə obyektinə çevirməkdir.
Bu zaman müəyyən fikri ifadə etmək üçün uğurlu söz tapmaq və onu
qrammatik qaydalara uyğun əlaqələndirməkdir. Hər bir söz leksik-
semantik paradiqmanın bir üzvüdür, onların məna əlaqələri təsəvvür
dairəmizlə şərtləşir.
Nitq tarixi, maddi və s. Amillərlə bağlıdır, dilin formalaşmasına təsir
edir; dil sistemi isə nitqdəki təzahürlərə əsasən müəyyənləşir. Əgər
nitq faktı dil faktından əvvəl gəlirsə, dildə olan hər bir şey əvvəlcə
nitqdə olur; bütün nitq vahidləri dil faktına çevrilir, ünsiyyət
prosesində mühüm rol oynayırlar. Müxtəlif əlamətlərin məcmusu
olan sözlərin semantik strukturu müəyyənləşir, forma və məzmunca
söz qruplarına ayrılırlar. Bu vahidlər müəyyən məna bildirir və ya
onun ifadə edilməsi və diferensiallaşmasında iştirak edir, üzvlənir,
müəyyən səviyyə təşkil edir, bu səviyyə daxilində dilin ümumi
sisteminə – nitqə daxil olurlar.
İstifadə dairəsinə görə dilimizin leksik vahidləri normaya uyğun
işlədilməlidir. İctimai şüur ayrı-ayrı fərdlərdə şüurun, sadəcə, toplusu
deyil, onun öz səciyyəvi qanunauyğunluğu var. Mənalar sistemi nitq
prosesində leksik və sintaktik strukturlarla limitləşdirilir. Dil
daşıyıcılarının hamısı eyni dünyagörüşünə malik deyil, həmçinin
ictimai hadisə kimi dildə sistemlilik yoxdur – hər bir leksik vahidin
özünəməxsus həm semantik, həm də kommunikativ-üslubi
keyfiyyətləri və məna, işlədilmə dairəsi vardır. Təfəkkürün inkişafı
dilin inkişafını tənzimləyir.
37.
Qrammatik norma.
Nitqdə söz və cümlələr arasındakı əlaqələr qrammatik norma
əsasında tənzimlənir. Qrammatik normalara morfoloji
kateqoriyalardan düzgün istifadə, sintaktik əlaqə formaları, cümlə
üzvlərinin sıralanması və s. aiddir. Qrammatik normalar dildə mövcud
olan qrammatik qaydalar sisteminin ümumiləşmiş şəkildə inikasıdır;
bu normalar dil hadisələrinin mühüm əlamətlərinin vəhdəti olan
qrammatik məfhumların tərkib hissələrinə, dilin formal və mənaları
arasındakı asılılıqların anlaşılmasına əsaslanır. Qrammatik məfhumlar
dil hadisələri və təfəkkürün iştirakı ilə formalaşır, deməli, qrammatik
normalar şəkilçilərin, qrammatik kateqoriyaların işlənmə ardıcıllığı,
sözlərin sıralanmasının ümumiləşdirilməsi, dil hadisələrinin hamısına
xas olan əlamətlər əsasında həmcins dil hadisələri qrupunda
birləşdirilməsindən ibarət olan məntiqi nəticədir.
Qrammatika iki şöbəyə ayrılır: morfologiya və sintaksis. Hər ikisi
dilin qrammatik quruluşundan bəhs etsə də, leksik-qrammatik
mənalarına, morfoloji əlamətlərinə, sintaktik formalarına görə
özünəməxsus əlamət və xüsusiyyətləri, qrammatik məfhumlarının
mühüm və ümumi əlamətlərinin norması vardır.
Morfologiyanın da obyekti sözdür, lakin leksikologiyadan fərqli
olaraq, məqsəd sözün leksik-semantik, üslubi cəhətdən araşdırılması
yox, morfoloji-qrammatik, məzmun və məna quruluşunun
səciyyəsinə, dil hadisələrini struktur əlamətlərinə görə fikrən seçib,
birləşdirib öyrənməkdən ibarətdir.
Sintaktik normanın əsası sözlərin söz birləşməsi, cümlələrdə, söz
birləşmələrinin cümlə üzvləri arasında konkret olaraq qrammatik
mənaya çevrilməsi, onu əmələ gətirən sözlərin xarakteri, cümlələrin
mətn şəklində əlaqələnmə qaydalarıdır. Sintaktik norma dilin daxili
inkişaf qanunlarını tənzimləyir.
|