40.
Nitqin təmizliyi.
İşgüzar ünsiyyətdə təmizlik mahiyyətcə düzlüyün təzahürüdür, bir
qayda olaraq, müəyyən nitq səviyyəsində, xüsusilə leksik normada
özünü göstərir. O nitq təmizdir ki, Azərbaycan ədəbi dilinin
hüdudlarından kənara çıxmır, vulqar, arqo, jarqon, tüfeyli, dialekt,
parazit, loru sözlərə meyillənmir.
Qaba, kobud və qeyri-ədəbi, söyüş səciyyəli sözlər vulqar sözlər
adlanır. Tərifdən göründüyü kimi, vulqar sözlər iki qrupa ayrılır: kobud
və söyüş xarakterli sözlər.
Kobud sözlər istənilən əşya, hal, hərəkət və ya hadisəyə qaba
şəkildə münasibət ifadə edir, təkcə şifahi nitqdə yox, bədii
nümunələrdə də eyni məzmun kobud şəkildə, təsir dərəcəsini
artırmaq məqsədilə işlədilir.
Arqo müəyyən təbəqənin və ya məhdud bir qrupun işlətdiyi, öz
aralarında danışığın məğzini digərlərindən gizli saxladıqları,
başqalarının başa düşmədiyi şərti söz və ya ifadədir. Arqo bir sosial,
peşə qrupunun və ya cəmiyyət üzvlərinin istifadə etdiyi, dilin öz
sözlərinə yeni məna verərək, deyimlər qataraq yaradılan xüsusi bir
dildir.
Jarqonlar hər hansı ictimai qrupun, zümrənin istifadə etdiyi şərti
danışıq, ədəbi dilin normalarına uyğun gəlməyən
Söz və ifadələr, ümumişlək sözlərdən spesifik leksikası və
frazeologiyası, ekspressivliyi ilə fərqlənən, xüsusi fonetik və
qrammatik sistemi olmayan sosial leksikadır. Jarqonlar dilə ağırlıq
gətirir, fikri dolaşıq edir.
41.
Nitqin dəqiqliyi.
Dəqiqlik nitq ustalığının göstəricisidir, adekvat və tam başa
düşmənin vacib şərti, bütövlükdə ünsiyyətin effektivliyidir. İşgüzar
ünsiyyətdə mövzu təxmini olmur, əgər söz və söz birləşmələrinin
mənası nitqin mövzusuna uyğundursa, dəqiqlik təmin olunur, səhv
anlaşılmır. Dəqiqlik nitqin məzmununda həqiqətin nə qədər aydın,
dolğun, tam əks olunmasından asılıdır.
İşgüzar ünsiyyətdə dəqiqlik iki nisbətə görə fərqləndirilir: nitq –
düşüncə və nitq – həqiqət. Belə ki, dəqiqlik danışıqda həqiqət və
onun haqqında düşüncələrin qəbul edilməsi və qiymətləndirilməsidir.
Nitqin dəqiqliyi məntiqlə sıx bağlıdır, məntiq düşüncə və nitqin
əlaqəsini əks etdirir. Dəqiqlik cümlədə ayrı-ayrı sözlər və mənalar
(termin və anlayışlar) arasında, məntiq isə məna və məzmunun həm
cümlə, həm də mətnlə əlaqə səviyyəsində özünü göstərir.
Dəqiqliyin vacibliyi elmi üslubda daha çox hiss olunur, sözlərdə
sərbəstliyə nisbətən “qadağa qoyulur” və termin-sözlər yalnız
terminoloji mənada işlədilir. Mətndə yeni terminlərin və ya
anlayışların işlədilməsi həm də onlara elmi şərh, izah verilməsini tələb
edir. Dəqiqlik nitqin kommunikativ keyfiyyəti kimi, sadəcə, adresanta
məzmunu izah etmək deyil, həm də ifadə olunanları mümkün qədər
daha çox adekvat anlatmağa kömək etməkdir.
Dəqiqlik dil və nitqin bütün zənginliyinə bələd olmaq və ondan
istifadə etmək bacarığıdır; informasiya xarakteri daşıyır – Məqsəd
kommunikativ vəziyyəti dəqiqləşdirmək, həmsöhbətlə (adresantla)
uğurlu dil və nitq vasitələrinin seçilməsidir.
İctimai həyatda dəqiqlik konseptuallığına və mövzuya görə
fərqləndirilir. Konseptuallıq terminoloji anlayışdır, nitq – düşüncə
nisbətində təyin olunur, mövzu dəqiqliyi bərabərliyin eyni olmasa da,
faktiki yaxınlığıdır, bu nitq – həqiqət modelinə uyğundur. Birinci,
əsasən elmi üslub, ikinci isə canlı danışıq üçün xarakterikdir.
|